02 Oktyabr 2026 10:05
110
CƏMİYYƏT
A- A+
20 yaşlı igidin döyüş yolu 

20 yaşlı igidin döyüş yolu 


Xalqımızın tarixində zaman-zaman Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş, cəsurluğu və qəhrəmanlığı ilə ad çıxarmış, şöhrət qazanmış oğullarımız çoxdur. 44 günlük Vətən müharibəsində bu qəhrəmanların  sayı daha da artdı. Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə Vətəni canından da çox sevən igid  zabit və əsgərlərimiz ölümün gözünə dik baxaraq qorxmadan düşmən üzərinə yeridilər. Hünərləri ilə qəsbkarları məhv etdilər, adlarını qəhrəmanlıq tariximizə böyük hərflərlə yazdılar. Havadarlarına arxalanaraq uzun illər torpaqlarımızı işğalda saxlayan düşmənə layiq olduğu yeri göstərdilər. Gərgin döyüşlərdən sonra torpaqlarımızı yağılardan təmizlədilər. Tarix qarşısında xalqımızın başını uca, üzünü ağ, alnını açıq etdilər. Bu şərəfli yolda yaralananlar da, şəhid olanlar da oldu.

Yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Rəşad Rövşən oğlu Ağayevdir. O, qoynunda dünyaya göz açdığı həyatda cəmi iyirmi il yaşadı. Həyat yolu ilə inamla addımlaya-addımlaya ömrünün iyirminci pilləsində qəhrəmanlıq zirvəsini fəth etdi. Şərəf dolu bir həyat sürdü. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə gələcək nəsillərə nümunə olacaq qəhrəmanlıq göstərdi.

Rəşad Ağayev isti bir yay günündə, 2 iyul 2000-ci ildə Binəqədi rayonunda dünyaya göz açmışdı. İllər keçdikcə böyümüş, daxilində güc tapıb öz yolunu tutmuşdu. Yaxınlarının, doğmalarının bildirdiklərinə görə, uşaqlıq illərində başqalarından fərqlənmişdi. Elə buna görə də hamının sevimlisinə çevrilmişdi.

2006-cı ildə Rəşadın həyatında əlamətdar bir hadisə baş verdi. O, həmin il valideynlərinin əlindən tutaraq sevinc içində rayondakı 283 nömrəli tam orta məktəbə yollandı. Onun həyata, dünyaya marağı da elə həmin günlərdən oyandı. Dərsdən başqa Rəşad Ağayev rəssamlığa, şahmata, musiqiyə və kompüter oyunlarına da maraq göstərirdi. Musiqi vurğunu olan Rəşad gitarada mahnılar ifa edir və ahəstə-ahəstə oxuyurdu. Həmin günlərdə ürəyi gələcəyə ünvanlanmış arzu və istəklərlə dolub-daşırdı.

Sanki illər tez ötüb keçdi. Rəşad Ağayev 2016-cı ildə orta məktəbi bitirdi. Ürəyində tumurcuqlanan arzularını həyata keçirmək üçün əlverişli imkanlar yarandı. Rəşad Ağayev orta məktəbi başa vurduqdan sonra 7 nömrəli Bakı Peşə Liseyinə, 2018-ci ildə isə "STEP" Akademiyasına qəbul oldu. Təhsil illərində proqramist-dizayner ixtisasının sirlərinə dərindən yiyələndi. 2019-cu ildə təhsilini yüksək göstəricilərlə başa vurdu. 

Amma Rəşad Ağayev yaxşı bilirdi ki, işdən, əmək fəaliyyətindən əvvəl Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirməlidir. Hələ kiçik yaşlarından Rəşad bu günü gözləyirdi. Nəhayət, onun həsrətində olduğu gün gəldi. 4 iyul 2019-cu ildə Rəşad Ağayev ordu sıralarına çağırıldı. Böyük həvəslə "N" hərbi hissəsində əsgəri borcunu yerinə yetirməyə başladı. Xidmətinin ilk günlərindən hərbi sirləri dərindən öyrəndi. Silahların taktiki-texniki xüsusiyyətlərini mənimsədi. Keçdiyi təlim-məşqlərdə əsgər Rəşad Ağayev özünü Qarabağın azadlığı uğrunda başlayacaq döyüşlərdə qələbə qazanmağa hazırladı. Döyüşlərin ön sıralarında vuruşmağı özünə şərəf bildi. Uzun illərdən bəri torpaqlarımızı işğalda saxlamış düşməni məhv etmək, qələbə qazanmaq əzmi və arzusu ilə yaşayırdı. Məqsəd və amallarına çatmaq üçün hərbi bilik və bacarığını daim artırırdı.

27 sentyabr 2020-ci ildə torpaqlarımızın erməni işğalından azad olunması uğrunda İkinci Qarabağ müharibəsi başlayanda əsgər Rəşad Ağayevin xidmət etdiyi bölük də döyüşlərə cəlb edildi. Xidmətinin ilk günlərindən təlim-məşqlərdə qazandığı təcrübə ona hər addımda uğur qazandırırdı. Dəqiq atəş zərbələri ilə erməni işğalçılarını məhv edirdi. Əsgər Rəşad Ağayev Suqovuşan istiqamətində vuruşurdu. Düşmənin atəşinə sinə gərərək daim irəli addımlayırdı.

Erməni işğalçılarının Suqovuşan istiqamətində möhkəmləndirilmiş döyüş mövqeləri bir-birinin ardınca darmadağın edilirdi. Şanlı Azərbaycan Ordusunun güclü hücumları qarşısında dayana bilməyən erməni işğalçıları ağır itkilər verərək geri çəkilirdilər. Gərgin əməliyyatların birində Rəşad yaralansa da, ilkin tibbi yardım aldıqdan sonra yenidən ön xəttə qayıtdı, yarımçıq qalmış döyüşünü davam etdirdi. Qəsbkarların mövqeləri azad olunduqca Qarabağa gedən yollar genişlənir, qələbə yaxınlaşırdı. Bu uğurları gördükcə Rəşad Ağayevin ürəyi açılır, düşmən üzərində qazanılan qələbədə iştirak etdiyinə görə qürur hissi keçirirdi.

Əsgər Rəşad Ağayevin ən yaddaqalan günlərindən biri də Suqovuşanın erməni işğalından azad edildiyi gün oldu. Ağır və gərgin döyüşlərdən sonra onlar düşməni bu yaşayış məntəqəsindən qovub çıxartdılar. Uğurlu əməliyyatlardan sonra Suqovuşanda Azərbaycan bayrağı ucaldıldı. Rəşad da həmin tədbirdə iştirak etdi, qürur dolu anlar yaşadı.

Oktyabrın 16-sı idi. Ağdərə istiqamətində gərgin döyüşlər gedirdi. Əsgər Rəşad Ağayev həmişəki kimi ön sıralarda vuruşurdu. Döyüşün qızğın çağında onun yaxınlığındakı əsgər yoldaşı düşmən gülləsinə tuş gələrək yaralandı. Əsgəri xilas etmək üçün Rəşad həyatını riskə ataraq onu döyüş meydanından çıxarmağa çalışdı. Bu vaxt özü ağır yaralanaraq şəhidlik zirvəsinə ucaldı. Həm ömrü, həm də döyüş yolu yarımçıq qaldı. Həyata "əlvida" deyərək gözlərini əbədi olaraq yumdu. Özündən sonra onu daim yaddaşlarda yaşadacaq qəhrəmanlıq nümunələri göstərdi.

İkinci Qarabağ müharibəsinin iyirminci günü, oktyabrın 17-də valideynlərinə övladlarının şəhid olduğu xəbəri verildi. Elə həmin gün cəsur əsgər Rəşad Ağayev Biləcəri qəsəbəsindəki Şəhidlər xiyabanında uğrunda cəsarətlə vuruşduğu və şirin canından keçdiyi torpağa tapşırıldı. 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Rəşad Rövşən oğlu Ağayev ölümündən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olundu.

Şəhid Rəşad Ağayev kiçik yaşlarından musiqiyə maraq göstərib. Gitarada bənzərsiz mahnılar ifa edib. Onun bir çox saytlarda yayımlanan ifalarına qulaq asdıqca təkrar dinləmək  istəyirsən. Özü həyatda olmasa da, bu ifalar heç vaxt bitməyəcək, davam edəcək. Həm gitarasının, həm də özünün gur səsi zaman-zaman eşidiləcək.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həmişə bir olaq - yumruq kimi

10:30
02 Oktyabr

Azərbaycan "SpaceXAI" ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb

10:25
02 Oktyabr

Azərbaycanın rəqəmsal sosial müdafiə ekosistemi IESE platformasında işıqlandırılıb

10:20
02 Oktyabr

Bu gün insanlar daha operativ və keyfiyyətli xidmətin fərqindədirlər

10:15
02 Oktyabr

Süni intellekt: həyatımıza daxil olan yeni düşüncə gücü

10:10
02 Oktyabr

3 oktyabr seçkiləri müstəqil Azərbaycanın inkişafında vacib siyasi hadisə idi  

10:08
02 Oktyabr

20 yaşlı igidin döyüş yolu 

10:05
02 Oktyabr

Şəhidlərin xatirəsi anılıb

10:00
02 Oktyabr

Sevgi və sədaqət nümunəsi

09:50
02 Oktyabr

Ehtiramla xatırlanan general 

09:40
02 Oktyabr

ZƏFƏR gündəliyi

09:30
02 Oktyabr

Azərbaycanın qala şəhəri - ŞUŞA

09:20
02 Oktyabr

Dağ kəndinin problemləri həllini tapır

09:10
02 Oktyabr

2020-ci ildən bəri qeyri-neft ixracı təxminən 2 dəfə artıb

09:00
02 Oktyabr

Azərbaycanın tranzit imkanları Orta dəhlizin funksionallığını artırır

08:50
02 Oktyabr

Regionun neft-qaz ixracı mərkəzi

08:40
02 Oktyabr

COP17 Ermənistanın ekoloji terrorunu ört-basdır edə bilməz

08:30
02 Oktyabr

Bakıda "Tashkent Content Market - 2027" beynəlxalq məzmun platformasının təqdimatı olub

08:20
02 Oktyabr

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

08:10
02 Oktyabr

Əməkdaşlıq platforması 

08:00
02 Oktyabr

“Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:52
02 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!