Tranzit daşımaları baxımından son dərəcə əlverişli coğrafi yerləşməyə malik olan Azərbaycan ölkə ərazisindən keçən dəhlizlərin inkişafına, beləliklə də, regional kommunikasiyaların genişlənməsinə davamlı töhfələr verir. Təbii ki, bu da beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Milli Məclisin deputatı Müşfiq CƏFƏROV qəzetimizə açıqlamasında deyib ki, Azərbaycanla Şərq dövlətləri arasındakı iqtisadi əlaqələr geostrateji baxımdan böyük önəm daşıyan "Şərq-Qərb" nəqliyyat dəhlizinin, xüsusilə Orta dəhlizin inkişafında mühüm yer tutur. Çünki Orta dəhliz Azərbaycan üçün iqtisadi inkişaf, ticarət dövriyyəsinin artması, regional inteqrasiya və alternativ nəqliyyat-tranzit imkanlarının genişlənməsi baxımından müstəsna strateji əhəmiyyət daşıyır. "Orta dəhliz Azərbaycanı Asiya və Avropa arasında əsas nəqliyyat və logistika mərkəzinə çevirərək ölkəmizə mühüm strateji və iqtisadi üstünlüklər qazandırır. Hazırda mövcud qlobal geosiyasi problemlər fonunda bu dəhliz təhlükəsizlik və etibarlılıq baxımından xüsusilə ön plana çıxır. Qlobal ticarət yollarındakı qeyri-sabitlik Orta dəhlizi Avropa ilə Asiyanı birləşdirən ən etibarlı və təhlükəsiz marşrutlardan biri kimi aktuallaşdırır. Eyni zamanda bu dəhliz alternativ marşrutlara olan ehtiyacı da qismən qarşılayır. Ənənəvi marşrutlarda yaranan fasilələr və ticarət prosesindəki ləngimələr dünya bazarlarında Orta dəhlizin potensialına olan tələbatı daha da artırmağa davam edir", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün bu gün Şərq, Qərb, Şimal və Cənub arasında mühüm birləşdirici körpü rolunu oynayır. Zəngəzur dəhlizi (TRIPP) də bu marşrutun strateji tərkib hissəsidir və onun reallaşdırılması ümumi nəqliyyat imkanlarını daha da genişləndirir.
M.Cəfərov diqqətə çatdırıb ki, Azərbaycanın Orta dəhlizin inkişafında mühüm rolu ölkə ərazisində vacib nəqliyyat infrastrukturunun yaradılması ilə bağlıdır: "Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq respublikamız Orta dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yönəldib. Güclü dövlət olan Azərbaycan həmçinin liderlik keyfiyyətləri nümayiş etdirərək Xəzərdə ən böyük ticarət limanının inşasına nail olub. Hazırda Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması Orta dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır".
Deputat sonda vurğulayıb ki, bu marşrutun əsas xüsusiyyətlərindən biri onun bir neçə nəqliyyat növünü vahid logistika zəncirində birləşdirməsidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"