Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə bir tarix kimi deyil, milli yaddaşımızın, dövlətçilik iradəmizin və sarsılmaz qələbə əzmimizin rəmzi kimi yaşayır. 17 Oktyabr – Füzuli Şəhəri Günü məhz belə əlamətdar günlərdəndir. Bu tarix Azərbaycan xalqının torpaq həsrətinə son qoymaq əzmini, qəhrəman Ordumuzun döyüş qüdrətini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyini və dövlətimizin bərpa-quruculuq iradəsini özündə birləşdirir.
Füzulinin azad olunması təkcə bir şəhərin işğaldan qurtuluşu deyildi. Bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm hərbi-strateji mərhələ, xalqımızın tarixi ədalətin bərqərar olacağına inamının təntənəsi və Böyük Qayıdışın başlanğıcını hazırlayan hadisələrdən biri idi. Bu gün Füzulidə aparılan genişmiqyaslı quruculuq işləri isə həmin Zəfərin real nəticələrini, dövlətimizin gücünü və Azərbaycan xalqının gələcəyə inamını nümayiş etdirir.
Füzuli rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ bölgəsinin cənub-şərq hissəsində yerləşir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Ərazisinin coğrafi mövqeyi, təbii sərvətləri, kənd təsərrüfatı potensialı və tarixi-mədəni irsi Füzulini ölkəmizin mühüm bölgələrindən birinə çevirir. Quruçay, Köndələnçay, Qozluçay və Çərəkənçay kimi çayların ərazidən keçməsi rayonun təbii xüsusiyyətlərini müəyyənləşdirən amillərdəndir. Füzuli torpağı tarixən zəhmətkeş insanları, zəngin mədəniyyəti və milli-mənəvi dəyərləri ilə seçilib. Bu diyarın tarixi abidələri, yaşayış məskənləri və nəsildən-nəslə ötürülən ənənələri xalqımızın qədim keçmişinin mühüm bir hissəsidir.
Lakin 1993-cü il avqustun 23-də Füzuli şəhərinin və rayonun bir sıra ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi bölgənin həyatında ağır və faciəli bir dövrün başlanğıcı oldu. Dinc əhali doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri dağıdıldı, tarixi və dini abidələrə ciddi ziyan vuruldu. Bir vaxtlar həyatın qaynadığı kəndlər, evlər, məktəblər və mədəniyyət ocaqları viran qoyuldu. Füzulililərin qəlbində isə doğma torpağa qayıtmaq arzusu heç vaxt sönmədi.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin yanvarında həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində rayonun bir sıra yaşayış məntəqələri, o cümlədən 22 kəndi işğaldan azad edildi. Bu hadisə xalqımızın mübarizə əzminin sarsılmadığını göstərdi və gələcək qələbələrə inamı gücləndirdi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik strategiyası, ordu quruculuğuna verilən önəm və Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi sonrakı illərdə tarixi Zəfərimizin siyasi və təşkilati əsaslarının formalaşmasında mühüm rol oynadı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatlarına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan tarixində yeni bir səhifə açdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli iradəsi, hərbçilərimizin şücaəti, xalqımızın birliyi və milli həmrəyliyi Azərbaycanın tarixi torpaqlarının azad olunmasını təmin etdi.
2020-ci il oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri kimi tarixə düşdü. Həmin gün Prezident İlham Əliyev xalqa müraciətində Füzuli şəhərinin və rayonun bir sıra kəndlərinin azad olunduğunu elan etdi. Bu xəbər uzun illər doğma yurdunun həsrəti ilə yaşayan füzulililərin qəlbində böyük sevinc və qürur hissi yaratdı. Şəhərin azad edilməsi düşmənin müdafiə mövqelərinin yarılmasında, cənub istiqamətində sonrakı əməliyyatların uğurla davam etdirilməsində mühüm əhəmiyyət daşıdı. Vətən müharibəsi nəticəsində rayonun ümumilikdə 62 yaşayış məntəqəsi işğaldan azad edildi.
Füzuli əməliyyatı Azərbaycan əsgərinin qəhrəmanlığının, döyüş ruhunun və hərbi peşəkarlığının parlaq nümunəsidir. Düşmənin illərlə qurduğu müdafiə istehkamlarının yarılması, mürəkkəb relyef və ağır döyüş şəraitində irəliləyişin təmin edilməsi Ordumuzun yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Bu qələbənin arxasında Vətən sevgisi, torpaq uğrunda canından keçməyə hazır olan igidlərin fədakarlığı, şəhidlərimizin müqəddəs qanı və qazilərimizin qəhrəmanlığı dayanır. Füzulinin azadlığı uğrunda mübarizə aparan hər bir hərbçimizin xidmətləri xalqımızın yaddaşında əbədi yaşayacaq.
17 Oktyabr – Füzuli Şəhəri Gününün təsis edilməsi bu tarixi qələbənin dövlət səviyyəsində əbədiləşdirilməsinin ifadəsidir. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il oktyabrın 17-si Füzuli şəhəri günü kimi qeyd olunur. Bu qərar yalnız tarixi hadisənin xatırlanması deyil, həm də gələcək nəsillərə milli yaddaşın, vətənpərvərliyin və dövlət müstəqilliyinə sədaqətin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır.
Füzulinin azad olunması ilə başlanan yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, Azərbaycan dövləti qələbəni genişmiqyaslı bərpa və quruculuq siyasəti ilə tamamlayır. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri, verdiyi tapşırıqlar və həyata keçirilən layihələr Füzulinin gələcəyinin müasir şəhərsalma prinsipləri əsasında qurulduğunu göstərir.
Dövlət başçısının 2020-ci il noyabrın 16-da Füzuliyə səfəri zamanı şəhərdə Azərbaycan bayrağı ucaldıldı və Füzuli–Şuşa avtomobil yolunun – Zəfər yolunun təməli qoyuldu. Bu səfər azad edilmiş torpaqlarda yeni həyatın qurulmasına yönəlmiş ardıcıl fəaliyyətin başlanğıc mərhələlərindən biri oldu. Üçrəngli bayrağımızın Füzulidə dalğalanması suverenliyimizin, tarixi ədalətin və dövlət iradəsinin təntənəsini ifadə edirdi.
2021-ci il yanvarın 14-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli–Şuşa yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməlini qoydu. Bu layihələr Qarabağın nəqliyyat infrastrukturunun yenidən qurulması, bölgənin ölkənin digər əraziləri ilə əlaqələrinin gücləndirilməsi və gələcək iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyırdı və görünməmiş sürətlə həyata keçirildi. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı” böyük uğurla həyata keçirilir.
Müharibədən sonrakı illərdə rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, rahat yollar, yaraşıqlı parklar, yaşayış kompleksləri salınıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayon sakinlərinin bir hissəsi doğma yurd yerlərinə qayıdıb.
Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin isə 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa olunacaq Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb.
İlqar İlyasov
YAP Qaradağ rayon təşkilatının sədri