Oktyabr ayının 18-də Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılmasının 15-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərhəd mühafizəsi orqanlarının kadr potensialının gücləndirilməsinə göstərdiyi ali diqqət və qayğının nəticəsi olaraq Dövlət Sərhəd Xidmətində mükəmməl hərbi təhsil sisteminin formalaşdırıldığı qeyd edilib. Xüsusi Məktəbin fəaliyyətə başlamasının hərbi təhsilin ardıcıllığının təmin edilməsində, yüksək intellektual potensiala, möhkəm hərbi intizama və vətənpərvərlik ruhuna malik milli sərhədçi kadrların yetişdirilməsində xüsusi əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Xüsusi Məktəbin yaradılmasında, formalaşmasında və inkişafında müstəsna xidmətləri xüsusi minnətdarlıq hissi ilə qeyd edilib.
Bildirilib ki, ötən müddət ərzində Xüsusi Məktəb ölkəmizin nüfuzlu təhsil müəssisələrindən birinə çevrilib, burada kursantların hərtərəfli inkişafı, onların ümumtəhsil fənləri üzrə yüksək biliklərə, ilkin hərbi hazırlıq vərdişlərinə yiyələnməsi, fiziki və mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi üçün hərtərəfli şərait yaradılıb.
Tədbirin sonunda Xüsusi Məktəbin şəxsi heyəti ilə xatirə fotoşəkilləri çəkdirilib.