Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi sektorda çalışanların sayı 1,5 milyon nəfərdən çoxdur

13 İyul 2018
 

İyunun 1-nə olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1 milyon 545,4 min nəfər olmuşdur. Onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət, 658,6 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Dövlət Statistika Komitəsinin bu barədə yaydığı məlumatda daha sonra bildirilir ki, muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elm və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

Bu ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 541 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində isə orta aylıq nominal əməkhaqqı daha yüksəkdir.