Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndə heyəti Dövlət Miqrasiya Xidmətində olub

15 May 2018
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndə heyəti ilə görüşüb.

DMX-dən AZƏRTAC-a bildiriblər ki, məqsəd Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əlaqələrin perspektivlərinin, əməkdaşlıq məsələlərinin və yeni layihələrin, prioritetlərin müzakirəsi olub.

Xidmət rəisi Azərbaycan Respublikasının Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz ilə miqrasiya sahəsində çoxtərəfli formatda əməkdaşlıq etdiyi əsas tərəfdaş təşkilatlardan biri olduğunu və qurumla əlaqələr qurulduğu vaxtdan bəri ölkəmizdə bir sıra önəmli layihələrin həyata keçirildiyini bildirib. O, DMX-nin Mərkəzlə birgə həyata keçirdiyi “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək (MOBİLAZE)” layihəsinin əhəmiyyətini xüsusilə qeyd edib.

V.Hüseynov bildirib ki, birgə əməkdaşlığın səmərəli nəticəsi olaraq həyata keçirilən müvafiq sazişlər çərçivəsində geri qaytarılmış Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətə reinteqrasiyalarının dəstəklənməsi və problemlərinin həlli məqsədilə aparılan işlərin effektivliyinin daha da artırılması üçün reinteqrasiya üzrə işçi qrupunun yaradılması da MOBİLAZE layihəsi çərçivəsində reallaşdırılan fəaliyyətin uğurlu nəticələrindən biridir. Xidmət rəisi qeyd edib ki, DMX də hər zaman beynəlxalq tərəfdaşlarla əməkdaşlığa açıqdır və miqrasiya sahəsində öz təcrübəsini dünya dövlətləri ilə bölüşməyə hazırdır.

Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional əlaqələndiricisi Radim Jak təmsil etdiyi təşkilatla Azərbaycan Hökumətinin qurduğu əməkdaşlıq əlaqələrinin son illər ərzində daha da möhkəmlənməsini və DMX-nin bu əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi qeyd ediblər. Bildirilib ki, beş komponentdən ibarət MOBİLAZE layihəsi çərçivəsində bu günədək DMX ilə əməkdaşlıq şəraitində, ümumilikdə, 61 beynəlxalq tədbir keçirilib. Bununla yanaşı, bir sıra hesabatlar və Azərbaycanda baş verən miqrasiya prosesləri ilə əlaqəli çoxsaylı nəşrlər çap olunub.

Görüşdə Dövlət Miqrasiya Xidməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz arasında əlaqələrin perspektivləri, əməkdaşlıq məsələləri, yeni layihələrin müzakirəsi və bu istiqamətdə maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz Avropa İttifaqının miqrasiya sahəsində çoxtərəfli əməkdaşlıq platformaları olan Budapeşt və Praqa proseslərinin katibliyi funksiyasını yerinə yetirir.