Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tanınmış teleaparıcı öz proqramının növbəti buraxılışını Azərbaycana həsr edib

11 May 2018
Tanınmış rusiyalı teleaparıcı, televiziya və kino prodüseri Mixail Şirvindt “YouTube” kanalında özünün “Yeyilən-yeyilməyən” proqramının Azərbaycana həsr olunan növbəti buraxılışını təqdim edib. “Yeyilən-yeyilməyən” layihəsinin gedişində aparıcı bir ölkəyə səyahət edir və tamaşaçıları bu ölkənin milli mətbəxi, görməli yerləri, adət-ənənələri ilə tanış edir.

AZƏRTAC verilişin aparıcısının rəsmi səhifəsinə istinadla xəbər verir ki, layihənin növbəti buraxılışında Şirvindt öz komandası ilə İçərişəhəri gəzərkən tanınmış sovet kinokomediyası olan “Brilyant əl” filminin epizodunun çəkildiyi yerdə Andrey Mironov və Yuri Nikulinin məşhur yıxılma səhnəsini canlandırmaq qərarına gəlir. Mixail Şirvindt, həmçinin Bakı bazarını gəzir və öyrənir ki, pendiri (motal pendiri) qoyun dərisindən düzəlmiş torbada saxlamaq mümkündür. Mixail Şirvindt proqramında zəfəranın faydasından da danışır. Aparıcı, həmçinin Bakıda keçirilən Formula 1 avtoyürüşlərini qeyd edir.

Layihənin növbəti buraxılışı da aparıcının kulinar kəşfləri olmadan ötüşməyib – Mixail Şirvindt soğan dolmasının dadına baxıb. Bu ləziz təamın hazırlanma qaydası haqqında isə Milli Kulinariya Assosiasiyasının prezidenti, Milli Kulinariya Mərkəzinin rəhbəri, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Tahir Əmiraslanov məlumat verib.