Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Aktyor əbədiyyətə qovuşanda” tamaşasının premyerası keçirildi

15 Aprel 2018
 

Azərbaycan Teatr Xadimləri İttifaqının Mustafa Mərdanov səhnəsində Şuşa Dövlət Musiqili Dram Teatrının “Aktyor əbədiyyətə qovuşanda” tamaşasının premyerası oldu.

Psixoloji dram janrında olan birhissəli tamaşa xorvat yazıçısı və dramaturqu Miro Qavranın əsəri əsasında hazırlanıb. Pyesi Azərbaycan dilinə Svetlana Həkimova tərcümə edib.

İki personajın rol aldığı səhnə əsərinin quruluşçu rejissoru respublikanın əməkdar artisti Nazir Rüstəmovdur. Səhnə əsərində Nazir Rüstəmov və Bahar Həmzəyeva-Abdullayeva çıxış edirdilər.

Premyeranın tamaşaçıları arasında tanınmış incəsənət xadimləri, tənqidçilər və media nümayənləri var idi. Tamaşaçıları salamlayan Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini, Azərbaycan Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Hacı İsmayılov əvvəlcə Mustafa Mərdanov səhnəsi barədə məlumat verdi. O, qeyd etdi ki, Azərbaycan Teatr Xadimləri İttifaqının yerləşdiyi binanın tikiliməsində teatr səhnəmizin görkəmli nümayəndəsi Mustafa Mərdanovun və tanınmış rejissor Zəfər Nemətovun çox böyük rolu olub. 2014-cü il sentyabrın 29-da açılan Mustafa Mərdanov səhnəsində ilk təqdim olunan da onun “Mənim xatirələrim, mənim müasirlərim” əsərinin kompazisiyası əsasında hazırlanmıəş tamaşa olub. Daha sonra Elçin Hüseynbəylinin “Qaçaq qocalar”, Ejen İoneskonun “Stullar” və Rövşən Ağayevin “Sonluğun sonu” əsərləri əsasında səhnələşdirilmiş tamaşalar təqdim edilib. H.İsmayılov vurğuladı ki, “Aktyor əbədiyyətə qovuşanda” bu səhnədə nümayiş olunan sayca beşinci tamaşadır: “Bu gün Şuşa Dram Teatrı bizim qonağımızdır. Əsərin müəllifi - Miro Qavran istedadlı yazıçıdır. Şuşa Dram Teatrı səhnələşdirdiyi “Aktyor əbədiyyətə qovuşanda” isə onun ən maraqlı əsərlərindən biridir”.

H.İsmayılovun çıxışından sonra səhnə qaranlığa qərq oldu, lakin onun lal sükutu uzun sürmədi. Çəkic səsi ilə birlikdə səhnə yavaş-yavaş işıqlanmağa başladı. Tamaşanın iki qəhrəmanı - Tom (Nazir Rüstəmov) və Yeva (Bahar Həmzəyeva-Abdullayeva) səhnədə göründülər. Məlum oldu ki, Tom həyatı boyu bəlkə də bu anlar üçün yaşayıb. O, öz yazdığı əsəri tanınmış aktrisanın ifasında səhnəyə qoymaq istəyir. Hər iki qəhrəmanın dilində səslənən monoloq isə yalnız Yevanın deyil, bütün teatr aləminin, aktyorluq sənətini seçənlərin taleyi kimi səslənir: “Aktyor əbədiyyətə qovuşanda yalnız bir insan ömrü deyil, onun ətrafındakı bütün kölgələr yox olur. Heç vaxt oynamadığı, oynaya bilmədiyi qəhrəmanlar da ölür. Hətta onun tamaşaçıları özləri də bilmədən yox olurlar. Aktyor öləndə heç vaxt yanmayan projektorlar da sönür. Heç vaxt qoyulmayan tamaşalar da ölür. Aktyor əbədiyyətə qovuşanda onun oynadığı bütün rollar da ölür...”

Bir saat davam edən tamaşa ərzində səhnədə baş verən hadisələr, çox maraqlı, dərin psixoloji anlar tamaşaçını həyəcan içərisində saxlayır. Tamaşanın uğurlu musiqi tərtibatı - Maksim Mrvicanın ifasında Tonçi Huljiçin və Klod Debüssinin əsərləri də gərgin, psixoloji məqamların, qəhrəmanların daxili təlatümlərinin daha təsirli təqdim olunmasına kömək edir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”