Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qafqazın ən böyük sənaye kompleksi

01 Mart 2018
 

Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələr məhsullarını “Made in Azerbaijan” brendi ilə ixrac edir

 

Bir vaxtlar bu ərazi beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli məkanlarından biri hesab olunurdu. Bura təkcə ekoloji tarazılığın pozulduğu ərazi deyil, yaşayış üçün də çox təhlükəli yer sayılırdı. Lakin müstəqil Azərbaycan dövlətinin yeni iqtisadi strategiyasına uyğun olaraq ərazidə öncə abadlıq işləri aparıldı və sonra paytaxt Bakıdan 32.5 km məsafədə yerləşən bu məkanda nəhəng infrastruktur layihələri reallaşdırıldı. İndi bu ərazidə Qafqazın ən böyük sənaye kompleksi olan Sumqayıt Kimya Sənaye Parkı yerləşir.

 

16 rezident, 2.7 milyard dollarlıq investisiya

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da sənayeləşmə iqtisadi siyasətin prioritetlərindəndir və bu sahədə ölkəmiz zəngin ənənələrə malikdir. Müasir dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, yeni çağırışlara, yeni yanaşmalara əsaslanmalıdır.
Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli fərmanına əsasən yaradılan Sumqayıt Kimya Sənaye Parkının ərazisi 506 hektardır. Ümumi sənaye zonası 450 hektar, sosial zona 21 hektar, ümumi məskunlaşma isə 74 faizdir.
Təməli 2013-cü ilin oktyabr ayında qoyulan Sumqayıt Kimya Sənaye Parkının 16 rezidenti var. Rezidentlər 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən, həmçinin gömrük rüsumundan azad olunublar. Bu şirkətlər tərəfindən sənaye parkına ümumilikdə 2.7 milyard dollar investisiya yatırılması gözlənilir. Ötən ilin dekabrında burada daha 4 müəssisə fəaliyyətə başlayıb, eləcə də 3 müəssisənin təməli qoyulub. Hazırda parkda 6 müəssisə fəaliyyət göstərir ki, onların istehsal etdiyi bir sıra məhsullar “Made in Azerbaijan” brendi adı altında xaricə də ixrac edilir. Elə biz də həm istehsal prosesi, həm də təməli qoyulan müəssisələrdə aparılan tikinti-quruculuq işləri ilə yaxından tanış olmaq üçün Sumqayıt Kimya Sənaye Parkına yollandıq.

 

İldə 72 növdə 30 min ton sürtkü yağları istehsal edilir

 

Sənaye parkında yeni fəaliyyətə başlayan müəssisələrdən biri “Alco Lubricant” MMC-nin Sürtkü Yağları Zavodudur. 2016-cı ildə sənaye parkının rezidenti statusunu alan şirkət parkın 2,5 ha torpaq sahəsində Almaniya texnologiyası əsasında ildə 72 növdə 30 min ton sürtkü yağlarını istehsal edir.
Bu yağlar əsasən avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetika sahələrində istifadə olunur. Şirkət xammalı Rusiya və Avropa ölkələrindən, eləcə də “SOCAR”dan alır. Alınan baza yağlarına müxtəlif qatqılar qatmaqla yeni məhsul istehsal edilir.

 

Avtomobil və gəmilər üçün sürtkü yağları necə hazırlanır

 

Baza yağları vaqonlarla düz zavodun ərazisinə gətirilərək çənlərə doldurulur. Laboratoriyada yoxlanıldıqdan sonra blenderlərə ötürülür. Zavoda gələn yağların tərkibi bəzən çox qatı olur və bəzən də şaxtalı havada qatılaşır. Ona görə də ərazidə buxar-istilik məntəqəsi də inşa olunub ki, çənlərdəki və blenderdəki yağları müəyyən temperaturda saxlasınlar.
Burada baza yağlarına bəzi qatqılar qatıldıqdan sonra müəyyən temperaturda qarışdırılaraq bişirilir. Məhsulun tam hazır olması laboratoriyanın verdiyi analiz cavablarından sonra bilinir. İstehsal olunacaq yeni yağların bütün parametrləri uyğun gələnə qədər baza yağları blenderdə 4-6 saat qarışdırılır. Ən maraqlısı odur ki, bütün bu sistem avtomatik həyata keçirilir, prosesdə insan əməyindən istifadə olunmur. Proses kiçik monitor vasitəsi ilə idarə edilir. Elektron tapşırıqlar verildikdən sonra sistem işə düşür və tam yekunlaşdıqdan sonra siqnal verir. Buna baxmayaraq zavodda ilkin mərhələdə 100 nəfər işçi çalışır.
Məhsul tam hazır olduqdan sonra birbaşa daxildəki hazır məhsul çənlərinə vurulur. Bundan sonra yağlar paketləmə məntəqəsinə ötürülür.
Burada Almaniya, İtaliya istehsalı olan müxtəlif avadanlıqlar vasitəsi ilə qablaşdırılır və “Aminol” adı ilə “Made in Azerbaijan” brendi kimi satışa çıxarılır. Qiyməti isə xaricdən gələn yağların yarı qiymətinədir.
İstehsal edilən yüksək keyfiyyətli və rəqabətədavamlı yağlar yerli bazarda satılmaqla yanaşı, bir qisminin də Türkiyə, Gürcüstan və MDB ölkələrinə ixrac edilməsi nəzərdə tutulub.

 

Məşhur “Parker” şirkəti ilə əməkdaşlıq

 

Sənaye parkının digər yeni müəssisəsi “MST Group” şirkətinə daxil olan “MST Engineering Services” MMC-dir. 14 mart 2016-cı il tarixdə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilən müəssisə ABŞ-ın “Parker Hannifin” şirkəti ilə birgə ilkin mərhələdə ildə 30 min ədəd müxtəlif növ və çeşiddə aşağı, orta və yüksək təzyiqə davamlı xortum və fitinq birləşmələrinin istehsalını həyata keçirir. İkinci mərhələdə isə ultra yüksək təzyiqli xortum və polad, paslanmaz boru birləşmələri istehsal ediləcək.
Bundan başqa, müəssisədə müxtəlif növ aparatlara texniki xidmətlər də göstərilir. Belə ki, neft-qaz sahəsində və digər elektron sistemli qurğulardan istifadə edən şirkətlər həmin cihazlar xarab olduqda bu müəssisəyə müraciət edirlər. Çünki burada çalışanlar ABŞ-da və digər ölkələrdə ixtisas kursu və təlimlər keçərək sertifikatlara sahib çıxan mütəxəssislərdirlər. Şirkətə daxil olan cihazlar öncə laboratoriyada yoxlanılır və nasazlığının səbəbi müəyyən edilir. Bundan sonra cihaz təmir olunaraq işlək vəziyyətə gətirilir.
İnvestisiya həcmi 5 milyon ABŞ dolları olan müəssisədə istehsal edilən avadanlıqlar kimya, maşınqayırma, metallurgiya, neft-qaz, tikinti və qida sənayesində istifadə olunur. Müasir avadanlıqlar və texnologiyalarla təchiz edilən zavodda ilkin mərhələdə 40 nəfər işlə təmin olunub. Zavodda istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, MDB ölkələrinə də ixrac olunacaq.

 

Şüşəyə olan tələbat daxili istehsal hesabına ödəniləcək

 

Sənaye parkında tikintisi aparılan yeni müəssisələrdən biri dekabrın 15-də təməli qoyulan “AzerFloat” QSC-nin termoformasiya metodu ilə Şüşə İstehsalı Zavodudur.
Hazırda tikinti işləri sürətlə davam edən zavodun ərazisində anbarın bünövrəsi qoyulub və monolit dəmir-beton işləri görülüb. Tikinti işlərinə xeyli sayda texnika və 130 nəfərə yaxın işçi qüvvəsi cəlb olunub.
2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulan zavodda il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Türkiyə, Gürcüstan, Mərkəzi və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Bu zavod fəaliyyətə başladıqdan sonra Azərbaycanda şüşəyə olan tələbat tam təmin ediləcək. Yeni müəssisədə 180 nəfər işlə təmin olunacaq.
Onu da vurğulayaq ki, sənaye parkının ərazisində ötən ilin dekabrında təməli qoyulan digər müəssisələr “Azərxalça” ASC-nin Yunəyirici-boyaq, “Tabaterra” QSC-nin siqaret istehsal edəcək, Tütün məmulatları istehsalı fabriklərində, eyni zamanda, bu il istismara veriləcək “SOCAR Polymer”in və SOCAR Karbamidin zavodlarında, Silisium və Kalsium İstehsalat Müəssisəsinin, “Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti”nin istehsalat sahələrində tikinti işləri sürətlə davam edir.

 

Modern sənayeləşmə, azalan idxal, artan ixrac potensialı

 

Sənaye potensialı üçün vacib olan müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın idxaldan asılılığını aradan götürəcək, yerli istehsalını artıracaq. Əlbəttə ki, bütün bunlar modern sənayeləşmə siyasətinin təntənəsidir.
Həm ərazisi, həm də yatırılan investisiyaların həcminə görə Sumqayıt Kimya Sənaye Parkı dünya miqyasında böyük bir sənaye mərkəzidir. Dövlətin uğurlu sənayeləşmə siyasətinə uyğun olaraq, innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənayenin inkişafına yeni təkan vermək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə ölkədə sənaye parkları və sənaye məhəllələrinin yaradılması prosesi davam edir.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”