28 Aprel 2024 08:30
444
Mədəniyyət
A- A+

Şəxsiyyəti də, peşəsi də işıqlı idi

 

Böyük fitri istedadı, dərin zəkası və möhkəm iradəsi ilə seçilən Azərbaycan qadınları tariximizin bütün dövrlərində səmərəli fəaliyyət göstərərək, dünya elm və mədəniyyət xəzinəsinə öz dəyərli töhfələrini vermişlər. Belə qadınlarımızın sayı çoxdur. Onlardan biri də görkəmli alim, bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana, sədaqətli ömür yoldaşı, etibarlı dost, səmimi insan Zərifə Əziz qızı Əliyevadır. Bu il xalqımız akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünü qeyd edir.
Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək əxlaqi keyfiyyətlər nəsildən-nəslə irsi olaraq keçmişdi. Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimlərindən olan Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa, nəcibliyə öyrətmiş, milli ənənələrə uyğun tərbiyə etmişdi. Uşaqlıqdan bu ziyalı ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etmişdi. Yüksək vətəndaşlıq ruhunun daşıyıcısı olmuş Əziz Əliyev haqqında qədirbilən insanlarımız çox oxuyub, çox eşidiblər. O, xalqı qarşısında ictimai məsuliyyətini dərindən dərk edərək dövlətinə ləyaqətlə xidmət göstərmiş, övladlarını da bu ruhda böyüdüb ərsəyə gətirmişdir. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Əbülfəz Qarayev, Mirəsədulla Mirqasımov, Bülbül və başqa böyük şəxsiyyətlər ruhən bu ailənin yaxınları olublar. Geniş ensiklopedik biliyə malik Zərifə xanım da belə yüksək mənəvi dəyərlər zəminində yetişmişdir.
Zərifə xanımın anası Leyli xanım ləyaqət təcəssümü idi. Həyat tərzinə görə çox sadə davranmağı sevən bu qadın qızlarına da həyatda təvazökar olmaq mədəniyyəti aşılamışdı. Və çox maraqlı idi ki, bu ailənin hər bir üzvü musiqi alətlərində ifa etməyi bacarırdı. Mərhum akademik M.Topçubaşov Əziz Əliyevi təkcə tibb xadimi deyil, "cəmiyyəti müalicə edən həkim" deyə çağırardı. Zərifə xanım təmkinli, səbirli, dözümlü idi. Biliyi, bacarığı, müdrik söhbətləri, səmimi, xoş rəftarı, ətrafındakılara mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Zərifə xanım Əliyeva atasının - görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin yolunu davam etdirmişdi. İstedadlı alimin səhiyyə sahəsini, xüsusən də oftalmologiyanı seçməsi daxilindən, mənəvi dünyasından, insanlara həssas münasibətindən irəli gəlirdi. 
Zərifə Əliyeva Azərbaycan səhiyyəsi sahəsində silinməz iz buraxmışdır. O, şöhrətli alim, görkəmli oftalmoloq kimi Azərbaycan elminə öz töhfələrini verməklə gənc oftalmoloqların inkişafı naminə də çalışmışdır. Novator alimin zəngin elmi irsi, öz sahəsi üzrə apardığı tədqiqatlar, müəllifi olduğu əsərlər ölkəmizin tibb sahəsinin genişlənərək inkişaf etməsində çox mühüm əhəmiyyət kəsb edir. Alimin əsərləri oftalmoloqların daim müraciət etdiyi, yaşanan zamandan asılı olmayaraq onları qane edən, bilik və təcrübələrini artırmağa kömək göstərən dərsliklərdir. Akademik Zərifə xanımın Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıtması və öz dəst-xəti ilə hər zaman seçilməsi də onun fərqliliyindən, qabiliyyətindən xəbər verirdi. 
Qeyd etmək lazımdır ki, Zərifə Əliyevanın bütün varlığı ilə göz həkimliyinə - oftalmologiya elminə bağlanmasının bir səbəbi də ilk növbədə dövrün gerçəkliklərindən irəli gələn sosial mənəvi tələbat idi. Həmin dövrdə Azərbaycanda görmə orqanını zədələyən, ağır fəsadlara, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılsa da, ona qarşı təsirli üsullar demək olar ki, yox idi. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə məsələsi təkcə oftalmologiya elminin deyil, bütövlükdə respublika səhiyyəsinin qarşısında vacib problem kimi dururdu. Belə bir zamanda Zərifə xanım Əliyeva traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilinə və həyata keçirilməsinə fəal dəstək verirdi. Konkret müalicə təcrübəsindən əlavə Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə tədbirlərində yaxından iştirak edirdi. Həmin dövrdə respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin səmərəli müalicə üsullarını, profilaktika tədbirlərini işləyib hazırlamaq da ciddi tələbata çevrilmişdi. Zərifə xanım nursuz gözlərə işıq paylamaq, insanlara həyat eşqini qaytarmaq arzusunda idi.
Görkəmli alim yerinə yetirdiyi elmi istiqamətlərin nəticələrinə əsasən, 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusu üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir. Onun təklif etdiyi müalicə metodunun tezliklə respublikada tətbiqinə başlanılmış və beləliklə, ciddi bir göz xəstəliyinin həllində əsaslı dönüşə nail olmuşdur. Bu baxımdan dünya oftalmoloqları traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın tarixi xidmətlərini bu gün də böyük ehtiramla qeyd edirlər.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanıma doktorluq dissertasiyası üzərində işləmək imkanı yaratmışdır. O, 1976-cı ildə Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək əsl elm xadimi olduğunu bir daha təsdiqləmişdir. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir. 1977-ci ilin əvvəllərində tibb elmləri doktoru elmi adına layiq görülən Zərifə Əliyeva Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda bir sıra səmərəli elmi-tədqiat işlərinin təşkilatçısı olmuşdur. Görkəmli alim burada ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmişdir.
Zərifə xanım Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdır. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev demişdir: "Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də gözün müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın". Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan "İridodiaqnostikanın əsasları" Bakıda, "İridodiaqnostika" isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitablar ilk dəfə Zərifə xanım Əliyeva tərəfindən yazılmışdır.
İstər Oftalmoloqlar Cəmiyyətinin qurultaylarında, plenumlarında, Moskva Oftalmoloqlar Cəmiyyətinin plenar iclaslarında etdiyi məruzələr, istərsə də digər çıxışlarında Zərifə xanım özünün natiqlik istedadını göstərmişdir. Müxtəlif səviyyəli auditoriyalarda belə onun deontologiya məsələlərinə həsr olunmuş məruzələri heyranlıqla dinlənilirdi, istər-istəməz məruzəçinin fəlsəfəyə, səhiyyəyə aid ədəbiyyatı dərindən bildiyi hiss olunurdu. Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin sədr müavini, Azərbaycan "Bilik" Cəmiyyətinin üzvü, Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Əlbəttə, bütün bunlar çoxlu enerji tələb edirdi, lakin Zərifə Əliyeva üçün bu gərginlik adi hal idi.
Elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə də xüsusi yer verən görkəmli alim mövzuya dair baxışlarını "Həkimin yüksək vəzifəsi" və "Oftalmologiyanın aktual problemləri" monoqrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun "Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri" əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Alim haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir". 
Xəstələrə dünya işığı bəxş etmiş Zərifə xanım Əliyeva gələcəyimiz olan uşaqları bir ana kimi sevir, onlara xüsusi qayğı və nəvazişlə yanaşırdı. O deyirdi ki, uşaqlıq çağları hər bir kəsin özünü dərk etməsində həlledici mərhələdir və ömrü boyu müraciət etdiyi uşaqlıq dünyasını heç nə ilə əvəz etmək mümkün deyil, insan məhz uşaqlıqda xeyrin və şərin nə olduğunu anlayır. Zərifə xanım həm gözəl dost, həm də yaxşı sirdaş idi. Dostlarının yalnız yaxşı deyil, pis günlərində də yanlarında olur, dərdlərini öz dərdi kimi qəbul edirdi. Bir çoxları bu nəcib insanı çox savadlı, diqqətli, mərhəmətli və mehriban həkim və elm xadimi olmaqla yanaşı, həm də yaxşı bir dost kimi xatırlayırlar. 
Onun bir insan, həkim kimi portretini çəkmək, nurlu simasını canlandırmaq istəyən hər bir kəs dünya oftalmologiya elminin tanınmış simalarının söylədikləri tarixi fikirlərə mütləq nəzər salmalıdır. 
Görkəmli oftalmoloq, akademik A.Nesterov deyib: "Zərifə Əliyeva çox ağıllı insan və böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, birnömrəli idi". Akademik N.Puçkovskaya "xeyirxahlıq Zərifə xanımın həyat tərzi idi" deyərək, alimin yüksək insani keyfiyyətlərə malik olduğunu vurğulayıb. Professor A.Brovkina onu "nəciblik və mənəvi paklıq timsalı" adlandırıb. Professor V.V.Şmelyeva demişdir: "Əgər mən peşəkar ədəbiyyatçı kimi Zərifə xanım Əliyeva haqqında əsər yazmalı olsaydım, heç şübhəsiz ki, onu "Əvəzolunmaz insan haqqında povest" adlandırardım".
Elmi və ictimai fəaliyyətinin çox geniş olmasına baxmayaraq, Zərifə xanımın həyatda ən ağır məsuliyyəti Ümummilli Lider Heydər Əliyev ilə ailə qurması idi. Çünki bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünyaşöhrətli siyasətçinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşımış, Ulu Öndərin inam və etibarını hər addımında doğrultmuşdur. Birgə yaşadıqları o xoşbəxt illərdə Heydər Əliyev həmişə gərgin iş rejimi ilə gecə-gündüz işləmiş, xalqının gələcəyi yolunda ömrünü şam kimi əritmişdir. Ən ağır, ən təhlükəli vaxtlarda belə Zərifə xanım həyat yoldaşını tək qoymamış, onun dayağına çevrilmişdir. Cəmiyyət həyatında fəal rol oynayan görkəmli alim ailəsinə son dərəcə bağlı olan gözəl ana idi. Öz analıq missiyasını sevdiyi peşəsi ilə birləşdirən bu xanımı bir qadın, bir alim və həkim kimi cəmiyyətin inkişafına xidmət edən ailəsindən ayrı düşünmək olmazdı. Bir ictimai-siyasi xadimi xarakterizə edəndə mütləq onun şəxsi keyfiyyətləri, əqidəsi, həyata baxışı da nəzərdən keçirilməlidir. Və əgər biz bu kontekstdən yanaşsaq, deyə bilərik ki, Heydər Əliyev fenomenal insan idi. O, müxtəlif dövlət orqanlarında çalışanda da, sovet dövründə və müstəqillik illərində Azərbaycana rəhbərlik edəndə də cəmiyyətə yeni tendensiyalar gətirirdi. Özü və ailəsi nümunə idi. Biz hər zaman deyirik ki, ailə cəmiyyətin nüvəsidir. Ulu Öndər öz şəxsi nümunəsi və ailə üzvlərinə olan münasibəti ilə yeni normaları, qaydaları, daha doğrusu, vaxtilə mövcud olmuş ziyalılıq, alicənablıq, qarşılıqlı anlaşma, hörmət, yüksək insani-əxlaqi keyfiyyətləri yenidən aktuallaşdırdı. 
Böyük zəka sahibi olan Zərifə Əliyeva analıq vəzifəsinin öhdəsindən də çox gözəl gəlirdi. O, hər zaman övladları ilə də səmimi olmuş, onlara dost münasibəti bəsləmişdir. Zərifə xanım ömür-gün yoldaşı Heydər Əliyev ilə birlikdə qəlblərində daim Azərbaycan sevgisi yaşayan, vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Zərifə xanım özünə xas olan xeyirxahlıq, alicənablıq, insansevərlik, səmimilik kimi xüsusiyyətlərini övladlarına da ötürmüşdü. Onun təmkinliliyi, səbirliliyi, dürüstlüyü, düşüncəsi, ağlı, savadı və digər müsbət xüsusiyyətləri övladlarının seçdikləri yolda özünü büruzə verir, onların bu yolu getməklərinə daim kömək edir. 
Dahi şəxsiyyət Heydər Əliyev öz xanımı haqqında çox haqlı olaraq demişdi: "Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda hesab edirəm ki, ailəmin çox böyük rolu olub... Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar". Bu bir insanın öz həyat yoldaşı və ömrünün sadiq sirdaşı haqqında etdiyi ən böyük etirafdır. 
Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırır. Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev anası Zərifə xanımı dərin ehtiramla xatırlayaraq deyir: "Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur". Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.
Artıq uzun illərdir ki, tanınmış oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva bizim aramızda yoxdur. Hər dəfə bu gözəl insanı xatırlayanda dərin kədər hissi keçiririk. 
Zərifə xanım Əliyeva bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və o, səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlərlə əbədi olaraq xatirələrdə, xalqın yaddaşında daim yaşayacaqdır. Adını daşıyan Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və sairə Zərifə xanım Əliyevaya bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. 
Görkəmli şair Səməd Vurğun deyirdi: "Mən sadəcə istəyirəm ki, hər şey bizdə iz qoysun, istəyirəm ki, yüz yaşa qədər yaşaya bilməyənlər bir gününü on il kimi yaşasınlar". Sanki bu sözlər Zərifə xanım üçün deyilib. Akademik Zərifə Əliyevanın gördüyü nəhəng işlər, yazdığı fundamental əsərlər, hazırladığı çoxsaylı mütəxəssislər, böyütdüyü, tərbiyə verdiyi övladlar, nəvələr - onun bu dünyada bizlərə qoyub getdiyi əmanətlərdir. Zərifə xanımın saldığı izlər əbədi olaraq Azərbaycan tarixində qalacaqdır. Elə hər il aprelin 28-də böyük alimin doğum günü, 15-də isə anım gününün dərin ehtiramla qeyd olunması xalqımızın bu böyük ziyalı insana sonsuz məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə, bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq. 

Hicran HÜSEYNOVA,
Milli Məclisin komitə sədri, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video