28 Aprel 2024 09:10
406
Mədəniyyət
A- A+

İlk ali təhsilli Azərbaycan heykəltaraşı

 

O, seçdiyi sənətin zirvəsinə yalnız istedadı ilə deyil, həm də əzmkarlığı ilə yüksəldi. Həyat qarşısına nə qədər çətinliklər çıxarsa da, bütün ömrünü sarsılmaz əzmi ilə yaşadı, məşhurlaşdı, adı ali təhsil almış ilk azərbaycanlı heykəltaraş kimi incəsənət tarixinə yazıldı…
Mirələsgər Mirqasımov 1924-cü il fevralın 9-da Bakı şəhərində dünyaya gəldi. O, müasir Azərbaycan tibb elminin əsaslarını qoyanlardan biri, Azərbaycan Milli Elmlər Akademiyasının ilk prezidenti Mirəsədulla Mirqasımovun oğlu idi. Mirqasımovlar nəslinin gözəl ənənələrinin qorunub saxlanıldığı bir ailədə böyüyən Mirələsgər Mirqasımova uşaqlıq illərindən əməyə sevgi, elmə maraq aşılanırdı.
Kiçik yaşlarında mübtəla olduğu xəstəlik uşaqlıq sevincinin üzərinə kölgə saldı. Mirələsgər Mirqasımov altı yaşında ikən onurğa beyni iltihabı xəstəliyi səbəbindən eşitmə qabiliyyətini itirdi. Müalicə olunsa da, eşitmə qabiliyyətini  bərpa etmək mümkün olmadı. Nitq qabiliyyətini itirmək təhlükəsi olduğu üçün anası Ceyran xanım onunla xüsusi məşğul olur, oğluna özü tərtib etdiyi əlifba ilə oxumağı öyrədirdi. Anasının sayəsində Mirələsgər Mirqasımovun karlar məktəbinə getməsinə ehtiyac qalmadı. Çox keçmədi ki, o, oxumağı öyrəndi. Sonra dodaq və mimika oxuma texnikasına loqoped Natalya Raunun köməyi ilə yiyələnərək təhsilini davam etdirdi. Anası ona həsr etdiyi "Bir ananın qeydləri" kitabında oğlu barədə yazırdı: "Onun hissləri və qavrayışı öz incəliyi ilə seçilirdi. O, özünəməxsus duyğulara malik idi və hər şeyi çox tez başa düşürdü. İstənilən mühitdə çox cəsarətlə hərəkət edirdi. Heç vaxt rahatlığını itirmir, gündəlik çətinlikləri qəbul edirdi. Bu, onun hüzurunu pozsa belə hər zaman düşündüyü kimi hərəkət edirdi".
Arzular kiçik yaşlarından könlünün qapısını döyürdü. Mirələsgər Mirqasımov uşaqlıqda gah pilot, gah aqronom, gah da bioloq olmaq xəyalı ilə yaşayırdı. Rəsm çəkməyi, hekəltaraşlığı çox sevirdi. Hər gün vaxtının xeyli hissəsini bu sevimli məşğuliyyətinə həsr edirdi. Oğlunun bacarığını və həvəsini görən Ceyran xanım qonşuluqda yaşayan məşhur heykəltaraş Pinxos Vladimiroviç Sabsaydan xahiş etdi ki, uşağın yaradıcılıq qabiliyyətini sınasın. Sabsayın rəhbərliyi ilə Mirələsgər Mirqasımov oxuduğu Valter Skottun romanının qəhrəmanı Kventin Dorvardın gildən hazırlanmış heykəlini hazırladı. Heykəl Sabsayın çox xoşuna gəldi və onun istedadını yüksək qiymətləndirirdi.
Mirələsgər Mirqasımov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almağa başladı. 1944-cü ildə məktəbi fərqlənmə diplomu ilə başa vurdu. Təhsilini davam etdirmək üçün Leninqrad (indiki Sankt-Peterburq) şəhərinə yollandı. İ.Y.Repin adına Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutuna daxil oldu. Böyük maraqla oxuyub öyrənirdi. Oradan anasına göndərdiyi məktubunda yazırdı: "Ana, proqramımız çox gərgindir. Tezliklə tökmə gipsdən fiqur hazırlayacağıq. Bura çox soyuqdur. Bəzi emalatxanalarda tempratur 0-dan aşağıdır". Başqa bir məktubunda isə Heykəltaraşlıq fakültəsində ən yüksək qiymətlər alması, heykəltaraşlıq imtahanından "əla" qiymət almış iki tələbədən biri olması xəbəri ilə anasını sevindirirdi. Mirələsgər Mirqasımov "Qəhrəman neftçilər" adlı dissertasiyasını 1950-ci ildə müdafiə etdi. Təhsilini uğurla başa vurdu, ilk ali təhsilli peşəkar Azərbaycan heykəltaraşı oldu. 1951-ci ildə Azərbaycana döndü. Həmin il S.Quliyevlə birgə Xankəndi şəhərində Leninin abidəsini hazırladı.
Mərmər üzərində həkk olunmuş "Qız portreti" adlı heykəltaraşlıq işi Mirələsgər Mirqasımovu məşhurlaşdırdı. Heykəltaraş "Qız portreti", "Neftçi" və "Göyərçinli qız" əsərləri ilə respublika və Zaqafqaziya sərgilərində iştirak etdi. Sonralar heykəlləri ümumittifaq sərgisində, 1955-ci ildə Varşavada keçirilən V Ümumdünya Gənclər Festivalında sərgiləndi. Mirələsgər Mirqasımov beynəlxalq müsabiqədə qalib gələn ilk azərbaycanlı heykəltaraş oldu. Bürüncdən hazırladığı "Neftçinin portreti" əsəri 1961-ci ildə Ümumdünya İncəsənət Sərgisinin açılış zalında, 1967-ci ildə isə heykəltaraşın digər əsərləri ilə birlikdə Monrealda keçirilən Ümumdünya Sərgisində nümayiş olundu. Rusiya, Polşa, Bolqarıstan, Almaniya, Kanada, Misir və digər ölkələrin muzeylərində əsərləri sərgiləndi.
O həm dəzgah, həm də monumental heykəltaraşlıq sahəsində müəllifi olduğu bir-birindən dəyərli əsərləri ilə sənətsevərlərin diqqətini, sevgisini qazandı. Heykəltaraş Cəfər Cabbarlının (Bakı), Nəriman Nərimanovun (Sumqayıt), Cəlil Məmmədquluzadənin (Naxçıvan) abidələrinin müəllifidir. Mirələsgər Mirqasımovun müəllifi olduğu "M.Ə.Sabirin büstü", "At", "Şir", "Qız portreti", "Ana portreti", "Göyərçinli qız",  "Şah yaylaq", "C.Cabbarlı", "Neftçi Qurban", "Azadlıq", "Xəzri", "Akademik Mirəsədulla Mirqasımov", "Hərəkət qüvvətdir" və başqa əsərləri Azərbaycan dəzgah heykəltaraşlığının ən gözəl  nümunələrindən sayılır. 
Onun Azərbaycan incəsənətinin inkişafındakı parlaq xidmətləri yüksək qiymətləndirilib. Mirələsgər Mirqasımov Əməkdar incəsənət xadimi (1963), Xalq rəssamı" (1982) fəxri adlarına layiq görülüb. "Şöhrət" ordeni ilə (1996) təltif edilib.
O, 2003-cü il noyabrın 9-da dünyasını dəyişib. Küçə və meydanları, böyük sərgiləri, muzeyləri bəzəyən, əsl sənət inciləri sayılan əsərləri heykəltaraş Mirələsgər Mirqasımovun adını yaşadır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video