27 Aprel 2024 08:40
1024
İQTİSADİYYAT
A- A+

"COP29 bütün dünya üçün faydalı olacaq"

 

Müxtəlif ölkələrin aparıcı beyin mərkəzlərinin təmsilçiləri bu fikirdədir

 

COP29-u beynəlxalq ictimaiyyət haqlı olaraq Azərbaycana böyük etimadın və dəstəyin göstəricisi kimi dəyərləndirir. Hazırda ölkəmiz bu mühüm tədbirə hazırlığın fəal mərhələsindədir. 
Prezident İlham Əliyev dediyi kimi: "Bizim bir ildən az vaxtımız var idi və yaxşı nəticələr əldə etmək üçün biz olduqca fəal və səmərəli çalışmalıyıq. Əlbəttə, bizim üçün COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir".
Məqsəd iqlim dəyişikliyi ilə mübarizə baxımından COP29-un uğurlu olmasıdır. Bu, eyni zamanda ölkəmiz   üçün uğur hekayələrimizi diqqətə çatdırmaq üçün bir fürsətdir. Belə ki, evsahibliyi edəcəyimiz  bu unikal tədbirə on minlərlə qonağın gəlməsi gözlənilir. Onlara deyəcəyimiz söz, göstərəcəyimiz nailiyyət çoxdur. Əlbəttə, ilk növbədə həm də təbiətlə, ekologiya ilə, iqlim dəyişiklikləri ilə bağlı olanlar.
Şübhəsiz ki, COP29-a evsahibliyi etmək həm də böyük məsuliyyətdir. Azərbaycanın bu məsələyə necə  ciddi yanaşdığını bütün dünya görür. Aprelin 23-də ADA Universitetində keçirilmiş "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum bunun daha bir nümayişi oldu. 
Tədbirdə dövlətimizin başçısı demişdir: "Sədrlik veriləndən dərhal sonra müxtəlif QHT-lər və media tərəfindən bizə qarşı hücumlar olmuşdur - yenə də neft hasil edən ölkə COP-a sədrlik edir. Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız bizim günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Əvvəla baxın görün ki, biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması, sərvətin ədalətli paylanılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, "yaşıl enerji" üçün necə istifadə edirik. Beləliklə, bu gün biz sabit neft və artan qaz hasilatına malikik, eyni zamanda "yaşıl enerji" layihələrini inkişaf etdiririk".
Sözügedən forum  müxtəlif ölkələrdən gəlmiş mütəxəssis, alim və siyasətçilərin  Azərbaycanın COP29-a hazırlığı barədə fikirlərini, ümumiyyətlə, qarşıdakı qlobal konfransla bağlı təkliflərini söyləmək üçün bir imkan və məkan oldu.
Qazaxıstan Xarici İşlər Nazirliyi yanında Xarici Siyasət Araşdırmaları İnstitutunun İdarə Heyətinin sədri Bolat Nurqaliyev fikirlərini belə ifadə etdi: "Prezident İlham Əliyevlə görüşdə biz Azərbaycanın beynəlxalq mövqeyi ilə tanış olduq. Prezident, xüsusən də ölkənin COP29 beynəlxalq konfransına hazırlaşması kontekstində ən aktual məsələlərə toxundu. Azərbaycanın dövlət başçısı iqlim dəyişikliyi ilə bağlı məsələləri də qeyd etdi. Prezidentin söylədikləri Azərbaycanın müstəqillik illərində nə qədər irəlilədiyini, ən əsası Azərbaycanın beynəlxalq nüfuzunun artdığını göstərir. Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib və son zamanlar bütün nailiyyətlər, əlbəttə ki, ölkənizin nüfuzunun əhəmiyyətli dərəcədə artmağa davam etməsi və Azərbaycanın üst səviyyəyə yüksəlməsi ilə bağlı olub".
Qazaxıstanlı ekspert  bunların  Azərbaycanın bütün dostlarına və xüsusən də Qazaxıstanın nümayəndəsinə sevinmək üçün böyük səbəb olduğunu söyləyərək  əlavə edib: "Bu, bizim üçün böyük qürur mənbəyidir. Biz Azərbaycan xalqına öz mütərəqqi hərəkatını, sosial-iqtisadi inkişafını davam etdirməyi arzu edirik. Bu mühüm konfransın - COP29-un keçirilməsinin Azərbaycana həvalə olunması onu göstərir ki, beynəlxalq ictimaiyyət Azərbaycanın potensialını çox yüksək qiymətləndirir. Şübhəsiz ki, konfransın keçirilməsi nəticəsində yalnız ölkənizin mövqeyinin müəyyənləşməsi deyil, həm də ən aktual problemlərin həlli üçün əməli yollar tapılacaq. Məsələn, hazırda Qazaxıstanda vəziyyət çox çətindir. Daşqınlardan sonra ölkədə fövqəladə vəziyyət yaranıb. Bu, iqlim dəyişikliyinin və bu yeni çağırışlarla mübarizə aparmaq üçün təcili koordinasiya tədbirlərinin görülməsinin zəruriliyinin əyani təzahürüdür. Hesab edirəm ki,  Azərbaycan COP29 çərçivəsində bu məsələlərin öhdəsindən uğurla gələcək".
Milandakı İtaliya-Azərbaycan Assosiasiyasının vitse-prezidenti, "Eurasiaticanews"un təsisçisi və direktoru Karlo Marino da fikirlərini məmnuniyyətlə bölüşüb:  "Dünən mənə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak etmək nəsib olub. Prezident məndə çox böyük təəssürat doğurdu. O, bizimlə üç saatdan çox görüşdü və bütün suallarımızı cavablandırdı. Mənim Prezidentə Azərbaycan ilə İtaliya arasında münasibətlər haqqında sual vermək imkanım oldu. Onun cavabı məni sevindirdi. Dövlət başçısı dedi ki, iki ölkə arasında münasibətlər çox yüksək səviyyədədir və qarşılıqlı fəaliyyət, o cümlədən "yaşıl iqtisadiyyat" sahəsində əməkdaşlıq üçün çoxlu yeni imkanlar mövcuddur".
Karlo Marino ölkəmizin beynəlxalq arenada müsbət imicə malik olduğunu vurğulayaraq əlavə edib ki, qarşıdakı COP29 konfransı Azərbaycan üçün öz potensialını bütün dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır: "Bu hadisə Azərbaycanın böyük uğurudur və eyni zamanda, bütün bəşəriyyətə aiddir. Əgər özümüzü ətraf mühitə həsr etsək və döyüşməyi dayandırsaq, dünya daha yaxşı olar".
Ceymstaun Fondunun İdarə Heyətinin üzvü Metyu Brayza Xəzəryanı dövlətlərin dəniz problemlərini həll etmək üçün toplanacağı Xəzər Dialoq Platformasının təşkil olunmasını tövsiyə edib: "Ölkələr iqlim dəyişikliyi ilə mübarizə aparmaq, ola bilsin ki, Xəzər dənizinin su ekosistemlərini, "yaşıl nəqliyyat" dəhlizlərini, dəniz ekosistemlərini qorumaq üçün COP29-da bir araya gələ bilərlər. Ancaq regional əməkdaşlıqda Azərbaycanın mərkəzə çevrilməsi, bundan sonra artıq təhlükəsizlik və sülhün iqlim dəyişikliklərinə qarşı mübarizədə effektiv rolunu qeyd etmək lazımdır".
Cenevrə Dövlət Universitetində Qlobal ətraf mühit siyasəti proqramının direktoru Aleksandr Hedjazi Azərbaycanın COP29-a hazırlıq məsələsinə yanaşma tərzinə heyran olduğunu bildirib: "Həm COP29-un məqsədlərinə, həm də davamlı inkişaf üçün uzunmüddətli baxışa həqiqətən yönəlmiş düşüncə, ixtiraçılıq və innovasiya səviyyəsi məni heyran edir. Ötən gün biz bunu Prezidentlə ətraflı müzakirə etdik".
Böyük Britaniyanın Methinks şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts sanki bütün iştirakçıların fikirlərini ümumiləşdirərək bildirib ki, Azərbaycanda keçiriləcək COP29-un bütün dünya üçün faydalı olacağına ümidvardır.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video