28 Aprel 2024 08:00
2353
SİYASƏT
A- A+

Qlobal liderdən həmrəylik çağırışı

 

İlham Əliyev Almaniyada Azərbaycanın mövcud potensialını dəyərləndirərək yeni hədəflərini göstərdi

 

Tarixinin ən qüdrətli Azərbaycanının mühüm geosiyasi uğurlarından biri dünya birliyində güclü mövqeyə malik olması, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan ölkədir. 
Bununla yanaşı, müstəqil Azərbaycan həm qüdrətli, həm də dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Bütün bu uğurların yeganə səbəbi isə əlbəttə ki, ölkə lideri İlham Əliyevin yürütdüyü tam müstəqil siyasətdir. 

 

Artan beynəlxalq nüfuz, verilən yüksək dəyər

 

Azərbaycana rəhbərlik etdiyi 21 ildə İlham Əliyev elə bir dövlət yaradıb ki, özünün də söylədiyi kimi, ölkəmiz mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmayıb. Bu gün Azərbaycan siyasi-iqtisadi meyar və parametrlər üzrə kimdənsə asılı deyil. Hətta ölkəmiz istər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından iqtisadi sahədə ən qabaqcıl yerlərdədir. İqtisadi müstəqillik isə siyasi müstəqilliyin möhkəmləndirilməsi baxımından əsas şərtdir. Bu uğurlar isə İlham Əliyevin mütərəqqi iqtisadi islahatlarının bəhrəsidir desək, yanılmarıq. 
Məhz İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycan dünyada böyük etimad qazanaraq nüfuzlu dövlətə çevrilib. Bu gün Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur.
Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan sabitlik və inkişaf amilinə çevrilib. 
İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərir. Azərbaycan Prezidenti hər zaman qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq çox mühüm ideyalar irəli sürür və bu gün də onun təşəbbüsü ilə reallaşan transmilli layihələr ölkəmizə iqtisadi-siyasi dividendlər qazandırır. 
Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasına gətirib çıxarıb, cənab Prezidentin regionda mübaliğəsiz lider olduğunu isbat edib. 
Xüsusilə qeyd etməliyik ki, İlham Əliyev təkcə regional məsələlərdə deyil, mahiyyətindən asılı olmayaraq dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçısının təşəbbüsləri qlobal miqyasda beynəlxalq həmrəyliyin və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm nümunədir. 
Məhz bütün bunlara görə dünya siyasətinin aparıcı qurumları, həmçinin mötəbər beynəlxalq təşkilatlar Azərbaycanın mütərəqqi xarici siyasətini regional təhlükəsizlik və qlobal inkişafa mühüm töhfə kimi qiymətləndirirlər və ölkəmizlə əməkdaşlığa böyük önəm verirlər.
İlham Əliyevin Avropa liderlərinin dəvəti ilə ən mötəbər tədbirlərə dəvət alması, yüksək tribunalardan çıxışı, ən yüksək səviyyədə qarşılanması ölkəmizin artan nüfuzunun bariz nümunəsidir. İstər Davos İqtisadi Forumu, istər Münxen Təhlükəsizlik Konfransı, istərsə də digər beynəlxlaq təşkilatların toplantılarında iştirakı bir daha sübut edir ki, dünya ölkələri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir, İlham Əliyevi sözünün sahibi, etibarlı tərəfdaş və qətiyyətli lider hesab edirlər. 
Bu gün elə bir qlobal toplantı yoxdur ki, Azərbaycan Prezidenti həmin mərasimə dəvət edilməsin. Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə İlham Əliyevin "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə getməsi, Berlində yüksəksəviyyəli görüşlərin keçirilməsi deyilənlərin təsdiqidir. 

 

Qısa zamanda əldə edilən nailiyyətlər 

 

Almaniya səfərində İlham Əliyev öncə bu ölkənin Kansleri Olaf Şolts ilə təkbətək, sonra isə geniş tərkibdə görüş keçirdi. Sonra dövlət başçısı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi. 
Prezident Azərbaycanın yekdil qərarla COP29-a evsahibliyi edəcək ölkə kimi seçilməsini böyük şərəf adlandıraraq dedi ki, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə və görülən işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətə hörmətin əlaməti hesab edilir. Məhz Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri və onlarda fəal iştirakı ölkəmizə müxtəlif qitələrin dövlətləri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.
Mötəbər toplantıda Azərbaycanın bu gün nəyə sahib və qadir olduğunu diqqətə çatdıran İlham Əliyev əldə edilənləri yetərincə dəyərləndirdi və mövcud potensialdan necə istifadə ediləcəyinin istiqamətlərini göstərdi. 
Bəs əldə edilən uğurlar, görülən işlər nədən ibarətdir?
* Azərbaycanın 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il uğurlu sədrliyi;
* Bu müddətdə Azərbaycanın ortaya qoyduğu təşəbbüslərin uğurlu nəticələri səbəbindən sədrliyin bir il də uzadılması;  
* COVID-19-a təsadüf edən sədrlik dövründə 80-dən artıq ölkəyə humanitar, maliyyə və texniki yardımın göstərilməsi;
* Avropa İttifaqının doqquz üzvü ilə "Strateji Tərəfdaşlıq" haqqında razılaşmalar və bəyannamələrin imzalanması;
* Aİ və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması;
* Xarici tərəfdaşlar və sərmayədarlarla "yaşıl keçid" üzrə artıq nəhəng layihələrə başlanılması. 

 

Mövcud potensial və qarşıya qoyulan məqsədlər

 

İlham Əliyev dedi ki, məhz bu nailiyyətlər, beynəlxalq əlaqələr məhz həmrəyliyi gücləndirməyə imkan verəcək: "Bizə məhz bu lazımdır. Bizə maliyyə lazımdır. Bizə həmrəylik lazımdır və bizə ortaq məsuliyyət lazımdır".
Ölkəmizin mövcud imkanlarını da dəyərləndirən dövlətimizin başçısı bildirdi ki, Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi OPEC+ platformasının üzvüdür və bu da əlavə üstünlükdür. Çünki təbii sərvətləri, xüsusən də neft və qazı zəngin olan ölkə iqlim dəyişmələri məsələlərinin həllində ön cərgədə olmalıdır. 
Beləliklə, həmin müxtəlif rollar yaxşı həmrəylik ruhunu yaradacaq və qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verəcək. 
Mövcud potensial necədir və qarşıya qoyulan məqsədlər hansılardır?
* Hazırda təbii qaz ixracının yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir;
* Dənizdə külək enerjisi üzrə təsdiqlənmiş ehtiyatlarımız 157 qiqavatdır;
* Azərbaycan Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindədir;
* Bu kabel 4 qiqavat həcmində Azərbaycanın "yaşıl enerji"sini Avropaya ixrac etmək imkanını yaradacaq;
* İmzalanan memoranduma əsasən, 2027-ci ilə qədər Aİ-yə ixrac 20 milyard kubmetrə çatmalıdır;
* 2024-cü ildə 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək; 
* 2027-ci ilin sonuna qədər Azərbaycanın 2000 meqavat günəş və "yaşıl enerji" imkanları olacaq; 
* Doqquz elektrik enerjisi stansiyası yaradılacaq;
* 2030-cu ilə qədər əlavə 10 günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat (5 qiqavat) təşkil edəcək; 
* Bu potensialdan istifadə edərək, Azərbaycan qaz istehlakını əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcək; 
* Avropaya ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq. 
Azərbaycan Prezidenti həmçinin dedi ki, ölkəmiz qaz hasilatının artırılmasına böyük həcmdə sərmayə yatırır və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda "yaşıl gündəlik" hələ COP29 qərarından əvvəl icra olunmağa başlayıb.
Cənab İlham Əliyevin sözylədiyi kimi, bu, əslində, hər kəs üçün uduşlu variantdır. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. Bütün "yaşıl enerji" layihələri xarici sərmayədarlar tərəfindən maliyyələşdirilir. Azərbaycan sadəcə öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir. Yaxın gələcəkdə Azərbaycan Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcək. 
Enerji təhlükəsizliyi, gələcək planlar barədə ətraflı məlumat verən İlham Əliyev faydalı qazıntıları olan ölkələrə həmrəylik çağırışı etdi: "Enerji təhlükəsizliyi birmənalı olaraq ölkələrin milli təhlükəsizlik məsələsi hesab edilməlidir. Ayrı-seçkilik olmamalıdır. Faydalı qazıntı ilə zəngin olan ölkənin rəhbəri kimi, əlbəttə ki, biz həmin ölkələrin sərmayəni və hasilatı davam etdirmək hüququnu müdafiə edəcəyik, çünki dünyanın buna ehtiyacı var. Lakin eyni zamanda artıq qeyd etdiyim kimi, faydalı qazıntısı olan ölkələr iqlim dəyişmələri məsələlərinə aid həmrəyliyi nümayiş etdirən ölkələr sırasında olmalıdırlar".

 

Almaniyadan Azərbaycana tam dəstək

 

Azərbaycan Prezidenti Berlində bir sıra mühüm görüşlər də keçirdi. Aprelin 26-da Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok, Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək və geniş tərkibdə,  Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşlərdə İlham Əliyev bir daha həqiqətləri səsləndirdi. 
Almaniyanın dövlət və hökumət strukturlarının rəhbərləri Azərbaycanla Ermənistan arasında sülh danışıqları, delimitasiya və demarkasiya prosesini alqışlayaraq bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını bildirdilər.  
Kansler Olaf Şoltsla keçirilən birgə mətbuat konfransında İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini və Avropanın enerji təhlükəsizliyi prosesində yol xəritəsini təqdim etdi. 
Kansler Olaf Şolts isə bildirdi ki, Almaniya sülh prosesinin davamlı həllinin tapılmasında öz dəstəyini göstərməyə hazırdır: "Əgər siz hər ikiniz bunu istəyirsinizsə. Mən hər iki tərəfi həvəsləndirmək istərdim ki, lazımi kompromislər üçün istək və cəsarət göstərəsiniz. Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir. Yəni eşitdik ki, razılıq əldə etmisiniz. İndi bu dinamikanı saxlamağı və bu istiqamətdə cəsarətli addım atmağınızı istəyirəm. Həm Sizi, həm də Sizin əks tərəfiniz olan baş nazir Paşinyanı buna çağırıram".
Beləliklə, Prezidentin Almaniyaya səfərindən, aparılan danışıqlardan Avropa ölkələrinə bir daha bəlli oldu ki, İlham Əliyev konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aktorları olan dövlətlər üçün strateji əhəmiyyət daşıyır. 
Məhz bu faktlar təsdiq edir ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər.  Ermənistanla sülh müqaviləsinin imzalanmasından sonra isə regionda yaranacaq sabitlik Azərbaycanın gücünü, potensialını və imkanlarını daha da artıracaq.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video