Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ADA Universitetində sinxron şahmat yarışı keçirilib

13 Yanvar 2018
 

Yanvarın 12-də ADA Universitetində “Vüqar Həşimov Şahmat Akademiyası”nın təşkilatçılığı ilə sinxron şahmat yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki,  turnirdə universitetin tələbələri beynəlxalq şahmat ustaları Sərxan Həşimova və İlahə Qədimovaya qarşı yarışıblar. Turnirdə tanınmış şahmatçılarla ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları mübarizə aparıblar.

Yarışdan sonra turnir barədə təəssüratlarını bölüşən Sərxan Həşimov deyib: “Sevindirici haldır ki,  gənclər sonadək mübarizə apardılar. Buna görə iştirakçıları təbrik etmək istərdim. Tələbələr həm mənə,  həm də İlahə xanıma ciddi müqavimət göstərdilər. Belə tədbirlərin gələcəkdə də keçirilməsi üçün birgə təşəbbüslərimizi davam etdirəcəyik. Eyni zamanda,  Vüqarın arzusu olan və onun başladığı belə layihələri “Vüqar Həşimov Şahmat Akademiyası” olaraq bölgələrdə də təşkil etmək niyyətindəyik”.

Beynəlxalq şahmat ustası Sərxan Həşimov onqat Azərbaycan çempionu,  Avropa çempionatının bürünc medalçısı,  İspaniyanın nüfuzlu San-Sebastian turnirinin qalibi olub. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 15 ildən çox təcrübəsi olan İT mütəxəssisi Sərxan Həşimov HP,  “Oracle” və SAP kimi beynəlxalq şirkətlərdə çalışıb. O,  2016-cı ildən etibarən “Microsoft Azerbaijan” şirkətinin baş direktoru vəzifəsində çalışır və bir müddət əvvəl “Microsoft”un MDB üzrə İdarə Heyətinin üzvü seçilib.

Beynəlxalq qrossmeyster İlahə Qədimova üçqat dünya,  ikiqat Avropa çempionu,  bir çox beynəlxalq turnirlərin qalibidir. “Microsoft Azerbaijan” şirkətinin xidmətlər üzrə icraçı meneceri İlahə Qədimova Maltada Aralıq Dənizi Ölkələri Diplomatik Tədqiqatlar Akademiyasında diplomatiya üzrə magistr dərəcəsi alıb. Diplomatiya sahəsində 13 il təcrübəsi olan İlahə Qədimova Azərbaycanı Avropa İttifaqında təmsil edib. O,  həmçinin 5 il ərzində “PASHA Private Banking” şirkətində çalışıb.