Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tariximizi birlikdə qoruyaq

30 Dekabr 2017
 

Azərbaycan jurnalistlərinin ustadı Həsən bəy Zərdabi “Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun” - deyirdi. Fikrini də belə əsaslandırırdı ki, “...yəni, o vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər”, “...o qəzetdə çap olunsun ki, o qəzetə baxan, xalqı aynada görən kimi görsün”. Zaman onu da göstərdi ki, qəzet həm də dövrünün aynasıdır. Və o, yalnız müasiri olduğu günləri əks etdirməklə kifayətlənmir. Hər bir mətbu orqanı dövrünün salnaməsini yaşadır. 

Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, mədəni mühiti barədə bilgilərimizi zənginləşdirmək üçün də artıq tarixə çevrilmiş qəzetlərin, jurnalların köhnəlmiş, saralmış vərəqlərindən qiymətli məlumatlar ala bilirik. Bu günümüzün tarixini isə dövrümüzün mətbuat orqanları yazır. Həyatımızdan keçən indiki zaman, ölkənin daxilində və xaricində baş verən əhəmiyyətli hadisələr jurnalist yazılarında əks olunur, onlar qəzetlərdə, jurnallarda səhifələnir və... əslində, köhnəlmir, tarixiləşir. Odur ki, qəzetlərimzin də hər sayını gələcək nəsillərimiz üçün qorumalıyıq. Qorumalıyıq ki, onları bu günlərin məlumatlarından məhrum etməyək. Bunun üçün isə dərc olunan qəzet və jurnalların arxivləşdirilməsi, gələcəyimiz naminə qorunub saxlanılması vacibdir. Bu mənada, Azərbaycanın rəsmi dövlət qəzetinin - “Azərbaycan” qəzetinin bu istiqamətdə həyata keçirdiyi işlər təqdirəlayiqdir.
Bir əsrlik taixini - 100 yaşını qeyd etməyə hazırlaşan, keşməkeşli olduğu qədər də qürurlu nəşr ömrü boyunca zamanın təlatümlərindən, tufanlarından keçən, bu günün və gələcəyin araşdırmaçılarının dönə-dönə müraciət etdikləri və edəcəkləri “Azərbaycan” qəzeti dövrün salnaməsini yazan mətbuat orqanlarımızdandır. Tariximizi qorumaq naminə “Azərbaycan” qəzeti redaksiyası 2003-2016-cı il nüsxələrini həm çap, həm də elektron variantda Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına hədiyyə etdi.
Dekabrın 28-də AMEA Mərkəzi Elmi Kitabxanasında keçirilən təqdimat mərasimində çıxış edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov tariximizin qorunmasında və yaşadılmasında kitabxanaların mühüm rolunu vurğuladı. Bu mənada, Mərkəzi Elmi Kitabxananın əməkdaşlarının da işinin çox məsuliyyətli və şərəfli olduğunu diqqətə çəkdi. Xalqın böyük mənəvi sərvətlərinin qorunduğu bu müqəddəs məkanda öz vətənini, dövlətini, xalqını sevməyi bacaran əsl arxiv işçilərinin çalışdığını bildirən Bəxtiyar Sadıqov “Azərbaycan” qəzetinin nüsxələrinin etibarlı əllərə verildiyinə əminliyini ifadə etdi: “Adətən, belə deyirlər ki, jurnalistlər günün tarixini yazırlar, tarixçilər isə ilin. Bu günün də, bu ilin də tarixini siz qoruyub saxlayırsız”. Bildirdi ki, bu qəzetlərin hər bir nömrəsində, hər bir sətrində bizim gözümüzün nuru var və biz bunu nur qədri bilənlərə, tarixin qədrini bilənlərə, ümumiyyətlə, baş verən hadisələri tarixdə saxlamaq məsuliyyətini dərk edənlərə veririk.
Hər insan, hər millət kimi qəzetlərin də öz taleyi olur. Təəssüf ki, “Azərbaycan” qəzetinin qismətinə faciəli tale düşüb. Azərbaycanın ən ağır, eyni zamanda məsuliyyətli bir zamanında mətbuat meydanına qədəm qoyan bu qəzet çox qısa bir müddətdə əsl qəzetçilik nümunəsi göstərib. 1920-ci ildə bolşeviklərin aprel işğalından sonra “Azərbaycan”ın da fəaliyyətinə son qoyulub və sovetlərin hakimiyyətdə olduqları 70 il müddətində nəinki bu qəzetin geniş, əhatəli və düzgün tədqiqinə icazə verilməyib, onun adını belə unutdurmağa çalışıblar. Bəxtiyar Sadıqov bildirdi: “Çox təəssüf ki, bizim tariximiz çox saxtalaşdırılıb, siyasiləşdirilib və nədənsə bizdə müəyyən ənənələr formalaşmayıb. Bəzən çox mühüm sənədləri qorumamışıq və yaxud qoruya bilməmişik. Gələn il “Azərbaycan” qəzetinin 100 yaşı tamam olur. Bu qəzetin Azərbaycan Xalq Cümhuriyyəti dövründə 443 sayı nəşr olunub. Biz hələ də onun bütün saylarını tam şəkildə əldə edə bilməmişik”.
Bu gün tarix bizə öz müqəddəratımızı həll etmək imkanı verib. Keçmişimizin acı, bütövlükdə millət üçün ağır nəticələrini aradan qaldırmaq naminə tariximizə sahib çıxmalıyıq. AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova “Azərbaycan” qəzetinin 2003-2016-cı il saylarının həm çap, həm də elektron formatda kitabxanaya təqdim edilməsini yüksək dəyərləndirdi: “Artıq ölkə miqyasında Azərbaycanın milli rəqəmsal yaddaş layihəsi həyata keçirilir. “Azərbaycan” qəzetinin təqdim olunan elektron nüsxələri kitabxananın rəqəmsal bazasına daxil ediləcək. Hazırda bizə hədiyyə etdiyiniz elektron arxiv komplektləşdirmə şöbəsində qeydiyyatdan keçir. Həmçinin çap nüsxələri də bazaya daxil edilir. Bunlar kitabxana kimi etibarlı yerdə uzun illər bütün oxucular üçün - həm Azərbaycan, həm də xaricdən olan müraciətlərə açıq olacaq”.
“Azərbaycan”çıların AMEA-nın Mərkəzi Elmi Kitabxanasına çox xoş bir məqamda gəldiklərini, artıq ilə yekun vurduqlarını diqqətə çatdıran kitabxananın direktoru Leyla xanım 2017-ci ilin uğurlarından söz açdı. Bildirdi ki, Mərkəzi Elmi Kitabxanada “Milli rəqəmsal yaddaş layihəsi” 2016-cı ildə işlək vəziyyətə gətirilmişdisə, 2017-ci ildə bu xeyli zənginləşdi. “Azərbaycan” qəzetinin 2003-cü ildən başlayaraq 2017-ci ilə qədər çap və elektron formatda kitabxanaya təqdim edilməsini mühüm addım kimi dəyərləndirən Leyla İmanova digər mətbuat orqanlarının da bu əhəmiyyətli işə qoşulacaqlarına ümidvar olduğunu bildirdi. Bu gün dünyada ən mühüm və əhəmiyyətli məsələlərdən biri informasiya mübadiləsidir.
Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə “Azərbaycan” qəzetinın əməkdaşlığının bundan sonra daha sıx şəkildə davam edəcəyi vurğulandı. Hər il qəzetin arxivinin həm çap, həm də elektron formatda kitabxanaya təqdim edilməsi barədə razılıq əldə olundu.
Təqdimatın sonunda iştirakçılar AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fondları, arxiv sənədlərinin, qəzetlərin və kitabların saxlanılması şəraiti ilə tanış oldular.
Qeyd edək ki, bu tədbir “Azərbaycan” qəzetinin 100 illik yubileyi ilə bağlı gerçəkləşdirdiyi “Tariximizi birlikdə qoruyaq” layihəsi çərçivəsində həyata keçirilib.

Zöhrə FƏRƏCOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”