Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sağlam təməl üzərində qurulan xalq-iqtidar birliyi

07 Dekabr 2017
 

Azərbaycan vətəndaşlarının 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir

 

Hər bir vətəndaşın sosial müdafiəsinin təmin olunması və həyat şəraitinin yüksəldilməsi, layiqli sosial, iqtisadi, mədəni həyat təminatları əldə etmək üçün bərabər imkanlar yaradılması Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin prioritetidir. Sosial dövlət dedikdə, inkişaf etmiş, sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən hüquqi, demokratik, müasir ictimai-siyasi sistem başa düşülür.
Praqmatik liderlik keyfiyyətlərinə malik Prezident İlham Əliyev son 14 ildə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir.
Ötən illərdə respublika iqtisadiyyatında islahatlar kursu inamla davam etdirilmiş, xüsusən də regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, neft amilindən asılılığın azaldılmasına, sahibkarlığın inkişafına və güclü insan kapitalının formalaşdırılmasına xidmət edən mühüm addımlar atılmışdır.
Azərbaycanı nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslərin müəllifi kimi tanınan dövlətə çevirən cənab İlham Əliyevin yürütdüyü siyasət dövlət başçısının xalqın, dövlətin gələcək inkişafı ilə bağlı aydın baxışlara malik olduğunu göstərir. İqtisadi-siyasi liberallaşmaya və demokratikləşməyə xidmət edən islahatların dərinləşdirilməsi, hər bir vətəndaşın layiqli, yüksək həyat şəraitinin təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış praktik məqsədlərdir.
Məhz bu siyasət sayəsində ölkəmizdə daxili möhkəm ictimai-siyasi sabitlik təmin olunmuş, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atılmışdır.
Ulu öndər Heydər Əliyevin qurub gücləndirdiyi, Prezident İlham Əliyevin isə daha da qüdrətləndirdiyi Azərbaycan regionun lider dövlətidir, dünya birliyində isə söz sahibidir. Bütün bunlara ölkəmiz tək özünün geostrateji üstünlüyü, zəngin karbohidrogen ehtiyatlara malik olması səbəbindən nail olmayıb. Ən əsas səbəb Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli, cəsarətli, layiqli siyasətdir. Beləliklə, Azərbaycan milli maraqlarını bütün səviyyələrdə layiqincə təmin edir.
Ölkəmizdə həyata keçirilən siyasətin mayasında dövlətin və xalqın mənafeləri dayanır. Bu isə yalnız müstəqil siyasətin həyata keçirilməsi nəticəsində mümkündür. Müstəqil siyasət həyata keçirə bilməyən dövlət nə təhlükəsizliyini təmin edə bilər, nə cəmiyyətdə inkişafa nail olar, nə də xalqının sosial rifahı yüksələr. Yedəkdə gedən ölkələrin aqibəti barədə kifayət qədər nümunə göstərmək olar. Qürurla və fərəhlə deyə bilərik ki, Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət həyata keçirir. Xalq-iqtidar birliyi ölkənin uğurlu inkişafını şərtləndirir.
Prezident İlham Əliyev dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını bəyan edib və ölkəmizin 2025-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyub. Prezidentin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da bu məqsədlə işlənib hazırlanmışdır. Azərbaycanın 2003-cü ildən başlayan sürətli, dinamik, harmonik inkişafı ölkəmizi bir sıra sosial-iqtisadi göstəricilərə görə MDB və Şərqi Avropa dövlətləri sırasında ön plana çıxarmışdır.
Ölkəmizin sosial dövlət olmasını təsdiq edən mühüm indikatorlardan biri də BMT-nin İnsan İnkişafı İndeksi göstəricisidir. Bu göstəriciyə görə Azərbaycanda inkişaf indeksi 0,751 bal təşkil edir ki, bu da yüksək göstərici sayılır. Azərbaycan təhsil, səhiyyə, orta ömür uzunluğu, sosial təminat səviyyəsinə görə 188 ölkə arasında 78-ci yerdə qərarlaşaraq MDB ölkələri arasında ilk yerlərdən birini tutur. Azərbaycan Dünya Bankının adambaşına düşən ümumi milli gəlir təsnifatına görə “yuxarı orta gəlirli” ölkələr qrupuna daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının insan inkişafı ilə bağlı 2010-cu il üzrə hesabatına əsasən, “yüksək insan inkişafı” ölkələri qrupuna keçmişdir.
Prezident İlham Əliyev hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək, qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaq. Öz liderinə inanan, güvənən Azərbaycan xalqı da əmindir ki, gənc müstəqil ölkəmiz bu uğurları ilə yaxın gələcəkdə daha da qüdrətli dövlətə çevriləcək.
Bu günlərdə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının sifarişi ilə hazırlanan araşdırmada bütün deyilənlər bir daha təsdiqini tapır. Araşdırma nəticəsində bəlli olub ki, Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur.
Bu məlumatlar ING maliyyə holdinqinin (Niderland) analitik məruzəsində yer alıb. Azərbaycanda araşdırmaları bu holdinqin tərəfdaşı olan ACT LLC humanitar tərəfdaşlıq təşkilatı aparıb. Məruzəyə əsasən, vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır. ACT LLC-nin sosioloqları vətəndaşların həyatında ən böyük problemlər haqqında suallar da verib. Araşdırma zamanı həmçinin Azərbaycanda iqtisadi vəziyyət təhlil olunub. 2018-ci il üçün inflyasiyanın səviyyəsi 6,9 faiz proqnozlaşdırılır. Qeyd edilir ki, 2018-ci ildə manatın dollara nisbətində orta illik məzənnənin 1,59 (hazırda 1,7) təşkil edəcəyi gözlənilir. 2018-ci ildə neftin bir barelinin qiymətinin 51 dollar olacağı proqnozlaşdırılır.
Analitiklər daxili tələbatın daha da sabitləşəcəyini gözləyirlər. Ekspertlər kənd təsərrüfatında və qeyri-neft sektorunda artım olduğunu qeyd edirlər, amma inşaata investisiyaların kifayət qədər olmadığını hesab edirlər. Bildirilir ki, ötən il pərakəndə satışların artımı 2 faiz ətrafında dəyişib, əməkhaqqı və gəlirlərin artması istiqamətində ilk dönüş əlamətləri qeydə alınıb.
Həqiqətən də, bu gün Azərbaycanın sosial dövlət quruculuğu modeli dünyanın bir çox siyasi institutlarında maraqla öyrənilməkdədir. Azərbaycanın sosial dövlət quruculuğu modellərinin ən əlamətdar xüsusiyyətləri sürətli sosial-iqtisadi inkişaf tempi, regionların harmonik inkişafı, sosial infrastruktur layihələrinə önəm verilməsi və neft kapitalının insan kapitalına çevrilməsidir. Ölkəmizdə əhalinin etibarlı sosial müdafiəsinin, habelə vətəndaşların yüksək rifah halının təmini istiqamətində həyata keçirilən ardıcıl tədbirlər respublikamızın milli inkişaf modelinin sosialyönümlü səciyyə daşıdığını tam təsdiqləyib.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”