Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uğur mübarizlikdən başlayır

30 Noyabr 2017
 

Qubada idmanı  çox sevirlər.  Rayonda onlarla idman məktəbi var.  Bizim məktəb  4 ildir fəaliyyət göstərir.  “Emixfitnes”  klubunda gənclər idmanın cüdo növü ilə məşğul olurlar. İdmançılarımızın nailiyyətləri də olur:  onlar  respublika əhəmiyyətli yarışlarda uğurla çıxış edirlər.

Klubumuzda  təkcə şəhərin özündən deyil, kəndlərdən gələn gənclər də  məşq edirlər. Onların arasında qızlar da var. 40-a yaxın gənc cüdonun sirlərini öyrənib təkcə respublika turnirlərində  deyil,  beynəlxalq yarışlarda  bayrağımızı ucaltmaq əzmindədirlər. Bunun üçün  çalışır, intensiv məşq edir, ustalıqlarını artırırlar. İnanırıq ki, yaxın gələcəkdə dünyanın ən mötəbər yarışlarında fəxri kürsüyə qalxacaq, medal qazanacaq cüdoçular arasında bizim yetirmələrimiz, qubalı idmançılar da olacaqdır.

Valideynlərə və gənc idmançılara  demək istəyirəm ki, idmanda uğur qazanmaq üçün səbr və əzmkarlıq, çalışqanlıq əsas şərtdir.  Çempionluğun yolu illərlə gərgin məşqlərdən, sağlam həyat tərzindən, intizamdan, zəhmətdən keçir. İdman peşəkarlığı  həm də mətanət, dözüm, inad, mübarizlik  kimi keyfiyyətlər sayəsində  püxtələşir və son nəticədə bəhrə verir. Odur ki, tez nəticə hasil olmayanda gənclər həvəsdən düşməməli, valideynlər də onları idmandan ayırmamalıdırlar.

 

Vaqif  İSMAYILOV,

Quba rayonu, müəllim-məşqçi