Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mikayıl Cabbarov: Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əməkhaqqısı 465 manatdır

27 Oktyabr 2017
Diaqnostik qiymətləndirilmədən keçən müəllimlərin orta aylıq əməkhaqqı 465 manatdır.

AZƏRTAC xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov oktyabrın 27-də müəllimlərə dövlət təltiflərinin təqdim edilməsi mərasimində deyib.

Nazir qeyd edib ki, Azərbaycanda müəllimlərin əməkhaqqı islahatı, müəllim nüfuzunun artırılması istiqamətində mühüm işlər görülüb. Belə ki, son üç ildə müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Bu müddətdə 150 min müəllimin bilik və bacarığı yoxlanılıb, hər bir pedaqoqun peşəkarlığı barədə məlumat əldə edilib.

M.Cabbarov deyib: “Bu ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə yeni işə qəbul edilən müəllimlər də diaqnostik qiymətləndirmədən keçirilən müəllimlərə bərabər tutulub və onların əməkhaqqı gələn ildən artırılacaq. Bu il 49 min müəllim işə qəbul olunmaq üçün mərkəzləşdirilmiş imtahanlarda iştirak edib. Bu da son illərlə müqayisədə üç dəfə çoxdur. Müsabiqə nəticəsində 5.600-dən çox müəllim daimi işə qəbul edilib”.

Nazir bildirib ki, bu il yüksək bal toplayan tələbələr arasında pedaqoji ixtisası seçənlərin sayı da artıb. Qəbul imtahanlarında 500-dən yuxarı bal toplayan 1.359 tələbə müəllimlik ixtisasını seçib.