Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ankarada azərbaycanlı həkimlərin V Türkiyə Forumu işə başlayıb

07 Oktyabr 2017
Ankarada azərbaycanlı həkimlərin və tibb təhsili alan tələbələrin V Türkiyə Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanının Türkiyədəki səfirliyinin təhsil müşavirliyi və Azərbaycanlı Həkimlər Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən Forumda rəsmi şəxslər, diplomatlar, QHT və KİV təmsilçiləri, qardaş ölkədə işləyən, yaşayan və təhsil alan çox sayda azərbaycanlı iştirak edir.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Daha sonra Türkiyənin rəsmi dairələrindən Foruma göndərilən təbrik məktubları oxunub.

“Nümunəvi həkim olmağa doğru” şüarı ilə təşkil olunan Forumun rəsmi açılışında Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Azərbaycanının Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, Azərbaycanlı Həkimlər Dərnəyinin sədri Şahin Hanalıoğlu, Ankara Universitetinin tibb fakültəsinin dekanı Gülfen Selik və başqalarının çıxışları dinlənilib.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu inkişaf strategiyasının tarixi nəticələrindən, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin ölkəmizdə yaratdığı hərtərəfli yüksəlişdən, eləcə də təhsil və səhiyyə sahəsində əldə olunan böyük nailiyyətlərdən, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin dinamikasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Türkiyənin ali məktəblərində təhsil almış azərbaycanlı həkimlər iki qardaş ölkənin səhiyyəsinin inkişafına böyük töhfələr verirlər.

Qeyd olunub ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Türkiyənin ali məktəbləri azərbaycanlı tələbələrin tibb təhsili alması üçün böyük köməklik göstərmişdir. Həmin məzunlar hazırda Azərbaycan səhiyyəsinin aparıcı qüvvəsidir.

Forum oktyabrın 8-də işini davam etdirəcək.

 

AZƏRTAC