Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gələn il İndoneziyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

09 Sentyabr 2017
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani respublikamızda keçirilən İkinci İndoneziya Mədəniyyəti festivalı çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. Səfir bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İndoneziya Mədəniyyəti Günləri keçirilməsini həmişə dəstəkləyir.

Diplomat deyib: “Bakıda festival keçirməyimizin iki səbəbi var. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev cari ili “İslam həmrəyliyi ili” elan edib, ikincisi, bu il Azərbaycan ilə İndoneziya arasında diplomatik münasibətlər yaradılmasının 25 illiyi qeyd olunur. Belə bir genişmiqyaslı tədbir təşkil olunmasını ona görə istəyirdim ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqını dəstəklədiyimizi və bu xalqla həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik. İndoneziyanın 270 milyon sakininin hər biri bu tədbir haqqında məlumatlıdır. Onlar hamısı bilir ki, biz bu festivalı Qarabağdan olan qaçqınlara və məcburi köçkünlərə həsr edirik, biz bu insanları da buraya dəvət etmişik”.

Ədalət Vəliyev öz növbəsində deyib ki, Azərbaycan tərəfi İndoneziyanın bu cür addımlarını çox yüksək qiymətləndirir. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mühüm məsələdə Azərbaycanı dəstəklədiyinə görə İndoneziya hökumətinə təşəkkürünü bildirib.

Ə. Vəliyev deyib: “Biz istərdik ki, Azərbaycanın zəngin mədəniyyəti də İndoneziyada bu cür layiqli səviyyədə təmsil olunsun, istərdik ki, İndoneziyanın 270 milyonluq əhalisinin bizim mədəni dəyərlərimizlə daha yaxından tanış ola bilməsi üçün sizin ölkədə Azərbaycan Mədəniyyəti Günləri təşkil edək”.

X.B. Fanani Ə.Vəliyevin bu fikrini dəstəkləyib və İndoneziyada Azərbaycan mədəniyyətinin təqdimatı ilə bağlı tədbirlər təşkil edilməsi üçün istənilən vaxt hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Ə.Vəliyev bu ilin sonuna və ya gələn il Novruz bayramına qədər İndoneziyada “Azərbaycan: dünən, bu gün və sabah” devizi altında fotosərgi təşkil olunmasını təklif edib.

Səfir qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır. Diplomat vurğulayıb: “Biz Cakartada Azərbaycan Mərkəzi açmaq istəyirik. Bununla əlaqədar mən Cakartada müvafiq məsul şəxslərlə danışıqlar aparıram. Mədəniyyət ölkələrimiz arasında daha bir əlaqələndirici element olacaq”.

Səfir onu da bildirib ki, hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən İndoneziya Tədqiqatları Mərkəzi genişlənəcək. O deyib: “Bu gün siz özünüz görəcəksiniz ki, bu ali məktəbin tələbələri İndoneziya milli geyimlərində xalq rəqslərini ifa edəcəklər. Osmanlı İmperiyası döyüşçülərinin geyimlərində rəqqaslar da səhnədə çıxış edəcəklər. İndoneziya dili təkcə Azərbaycanda deyil, Rusiya, Hollandiya, Fransa və bir sıra başqa ölkələrdə də öyrənilir. Azərbaycanda tələbələr arasında bizim dili öyrənməyə marağın artması bizə xoşdur. Ölkələrimiz arasında münasibətlər çox yaxşı səviyyədədir, amma hər halda bu əlaqələri daha da genişləndirməyə ehtiyac var”.

H.B. Fanani görüşdə özünün uşaqlıq xatirələrini də bölüşüb. O deyib: “Mən balaca olanda yatmazdan əvvəl anam mənə layla çalır, nağıllar danışırdı. Belə nağılların biri iki gəncin sevgisi barədə idi. Sonradan bildim ki, bu, dahi Azərbaycan şairi Nizaminin “Leyli və Məcnun” əsərindəki əhvalatdır”.

Səfir iki ölkə arasında turizm əlaqələri məsələsinə də toxunub və bildirib ki, bu il İndoneziyadan Azərbaycana çoxlu turist gəlib. Məsələn, təkcə bu festivalla əlaqədar İndoneziyadan Azərbaycana 100-dən çox turist gəlib. Onların arasında biznesmenlər, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin nümayəndələri də var.