Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Paytaxt məktəbləri dərsliklərlə təmin edilib

08 Sentyabr 2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələri 2017-2018-ci tədris ilinə tam hazırdır.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, növbəti dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey üçün yeni bina inşa olunub. Bakıdakı 306 nömrəli tam orta məktəbin yeni binasının tikintisi isə davam etdirilir. Eyni zamanda, 67, 75, 257 nömrəli tam orta məktəblər üçün yeni korpusların tikintisi başa çatdırılıb. Hazırda 171 nömrəli tam orta məktəbin qəzalı vəziyyətdə olan korpusları yenidən qurulur. Bununla yanaşı, 10, 74, 201, 212 nömrəli tam orta məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir olunub. Daha 84 məktəbdə cari təmir və mühəndis kommunikasiya işləri görülüb.

Paytaxtdakı təhsil müəssisələri dərsliklərlə tam təmin edilib. Təhsil nazirinin müvafiq əmrinə əsasən, çap edilmiş yeni dərslik və müəllimlər üçün metodiki vəsaitlər yerlərə çatdırılıb.

Ötən tədris ili ərzində BŞTİ-nin tabeliyindəki 8 ümumi təhsil müəssisəsi əsaslı təmir olunub, 12 məktəbdə əlavə sinif otaqlarının, 1 məktəbdə yeməkxananın, 1 məktəb üçün yeni binanın tikintisi başa çatdırılıb, 83 müəssisədə cari təmir və mühəndis kommunikasiya işləri görülüb. Təhsil müəssisələri 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla təmin edilib. Eyni zamanda, 40 təhsil müəssisəsində müasir tipli hərbi kabinetlər yaradılıb.