Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peşə təhsili islahatlar yolunda

14 Aprel 2017
 

Növbəti illərdə peşə hazırlığı Azərbaycanda geniş vüsət almalıdır və buna böyük ehtiyac var. Peşə məktəblərinin yaradılması prosesi gedir, daha da sürətlə getməlidir. Bu proses iqtisadiyyatın ümumi inkişafı ilə uzlaşmalıdır.

 

İlham ƏLİYEV

 

İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun davamlı inkişafının təmin olunması istiqamətində son illərdə aparılan məqsədyönlü islahatlar əmək bazarında rəqabətqabiliyyətli ixtisaslı kadr potensialına tələbatı artırmış və bu tələbatın ödənilməsi üçün çevik və nəticəyönümlü peşə təhsili sisteminin qurulmasını zəruri etmişdir. Milli təhsil sisteminin tərkib hissəsi kimi peşə təhsili və təlimi sistemi zəngin tarixə malik olmaqla cəmiyyətin müxtəlif inkişaf mərhələlərində iqtisadiyyatın bütün sahələrinin ixtisaslı fəhlə kadrlarına olan tələbatının ödənilməsində mühüm rol oynamışdır.

 Hələ XIX əsrin ortalarından ölkəmizin bir sıra bölgələrində müxtəlif sahələr üzrə peşə təhsili müəssisələri fəaliyyət göstərmiş və onların şəbəkəsi daha da genişlənmişdir. Peşə təhsilinin inkişafının yüksəliş dövrü ulu öndər Heydər Əliyevin hakimiyyət illərinə təsadüf etmişdi. Həmin illərdə respublikamızda 300 peşə üzrə 100 mindən artıq şagirdin təhsil aldığı 185 peşə tədris müəssisəsinin fəaliyyət göstərməsi, müxtəlif peşə istiqamətləri üzrə hazırlanan ixtisaslı fəhlə kadrların istehsalata göndərilməsi bu sahənin inkişafının bariz göstəricisi idi.

1990-cı ilin əvvəllərində ölkənin sosial-iqtisadi həyatında baş verən hadisələr bu sahənin inkişafına da mənfi təsir göstərdi, peşə təhsili müəssisələrinin maddi-texniki bazası sıradan çıxmağa başladı və peşə təhsili sistemi tamamilə dağılmaq təhlükəsi ilə üzləşdi.

1990-cı ilin ortalarından bu sahəyə diqqət artırıldı, bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ilk peşə-ixtisas təhsili sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” qərarına uyğun olaraq maddi-texniki bazası zəif olan, müasir tələblərə cavab verməyən peşə məktəbləri birləşdirildi və ya ləğv edilərək texniki-peşə təhsili müəssisələrinə peşə məktəbi və lisey statusu verildi.

Peşə təhsili və təlimi sistemində bir sıra problemlər mövcud olsa da, aparılan məqsədyönlü islahatlar və iqtisadiyyatda müşahidə edilən müsbət meyillər bu sistem qarşısında yeni tələblər qoymuşdur. Bu baxımdan yeni inkişaf mərhələsində olan iqtisadiyyatın prioritet istiqamətləri üzrə məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun və statusunun artırılması ölkə rəhbərliyinin həyata keçirdiyi sosial siyasətdə mühüm yer tutur.

Hazırda Təhsil Nazirliyinin nəzdində 24 minə yaxın şagirdin təhsil aldığı 99 ilk peşə-ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir ki, bu müəssisələrdə 5,5 mindən çox işçi çalışır. Respublikamızda fəaliyyət göstərən mövcud ilk peşə-ixtisas təhsili müəssisələri statuslar üzrə qruplaşdırılmışdır:

- peşə məktəbləri (bu təhsil müəssisələrində təhsil müddəti 1-2 il olan təhsil proqramları ilə təhsilalanlar müəyyən peşə qazanırlar);

- peşə liseyləri (ümumi orta təhsil bazasından olan şagirdlər 3 il təhsil alaraq müəyyən peşə ilə yanaşı, həm də tam orta təhsil ala bilirlər);

- peşə tədris mərkəzləri (peşə məktəbi statusunda);

- peşə təhsil mərkəzləri (peşə liseyi statusunda).

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsinə dair Fəaliyyət Planına uyğun olaraq peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması prosesi bu müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılması yolu ilə həyata keçirilir. Həmin təhsil müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilk peşə-ixtisas təhsili müəssisələrinin mövcud vəziyyətini araşdıraraq, onların infrastruktur, maddi-texniki baza, müəllim-pedaqoji heyətin potensialı qiymətləndirilərək və əldə olunan nəticələrə istinad edilərək aparılır. Optimallaşdırma prosesi iri sənaye mərkəzləri olan Bakı və Gəncə şəhərlərində yerləşən, paralel kadr hazırlığını həyata keçirən ilk peşə-ixtisas təhsili müəssisələrinin birləşdirilməsi ilə başlamışdır. Nazirlər Kabinetinin qərarı ilə Bakı şəhərində 26 təhsil müəssisəsinin bazasında 11, Gəncə şəhərində 6 təhsil müəssisəsinin bazasında 2 Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır. Ümumilikdə isə cəmi 32 ilk peşə-ixtisas təhsili müəssisəsinin bazasında 13 Dövlət Peşə Təhsil Mərkəzi yaradılmışdır.

Ölkə başçısının “Kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış peşə məktəblərinin yaradılmasına böyük ehtiyac var, çünki bu sahələr bundan sonra da Azərbaycanda sürətlə inkişaf edəcək” prinsipini əsas tutaraq yaxın gələcəkdə regionlarda bu istiqamətdə işlər aparılacaq və tədbirlər planı hazırlanacaqdır.

Hazırda peşə təhsili və təlimi sahəsindəki prioritetlərin əsas məqsədi digər mühüm sektorlarda tətbiq olunan prioritetlərin dəstəklənməsi üçün səriştəli işçi qüvvəsinin təmin edilməsinə və həmin sektorların potensialının tam reallaşdırılmasına təkan verməkdir. Bu baxımdan ilk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahədə dövlət siyasətinin həyata keçirilməsi və əlaqələndirilməsi, əmək bazarının dəyişən tələblərinə müvafiq ilk peşə-ixtisas təhsili müəssisələrinin işinin təşkili, idarəedilməsinin təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın yeni inkişaf mərhələsinə uyğun olaraq kadr hazırlığına nail olunması istiqamətində mühüm addımdır.

Ölkə Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanına uyğun olaraq peşə təhsili və təliminin inkişafı ölkənin 11 əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilmiş, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” təsdiq olunmuşdur. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə qısa, orta və uzunmüddətli strateji baxış müəyyən olunmuşdur.

Azərbaycanın peşə təhsili və təlimi sektorunda 2020-ci ilədək strateji baxışı ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına (kurikulumlara) və peşə standartlarına malik optimallaşdırılmış müəssisələrdən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasından ibarətdir.

Bu sektorun 2025-ci ilədək dövr üçün uzunmüddətli strateji baxışı isə əmək bazarının tələblərinə cavab verən peşə standartları və təhsil proqramları (kurikulumlar) əsasında ixtisaslı işçi qüvvəsi hazırlayan, hər bir sektor üzrə işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulduğu, funksional peşə təhsili və təlimi müəssisələrinə malik peşə təhsili sisteminin formalaşdırılmasıdır.

İlk peşə-ixtisas təhsili sistemində kadr hazırlığı, ixtisasartırma və yenidən hazırlanma işi təkmilləşdirilməli, mühəndis-pedaqoji heyətin qiymətləndirilməsi yolu ilə onların maddi motivasiyası yaxşılaşdırılmalı, səriştə və nəticə əsaslı differensiallaşdırılmış əməkhaqqı sistemi, ilk peşə-ixtisas təhsili sisteminin ehtiyacları üçün əmək bazarı mütəmadi öyrənilməli və mütərəqqi təhsil formalarından istifadə etməklə fasiləsiz peşə təhsili sistemi yaradılmalıdır. İşəgötürənlərin kadr hazırlığına yaxından cəlbi üçün mümkün olan sahələrdə “dual” sistemin tətbiqi mühüm əhəmiyyət kəsb edir. Təhsil pillələri arasında əlaqələrin və varisliyin təminatı məqsədilə lazımi kreditləri toplamış məzunlara təhsillərini növbəti təhsil pilləsində davam etdirmək hüququnun tanınması, həmin təhsil müəssisələrində əmək bazarının, cəmiyyətin tələbatına uyğun təhsilin təmin edilməsi üçün çevik mexanizmlərin tətbiqi, ilk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi ilə daha çox gəncin bu təhsil pilləsinə və özəl sektorun modullar üzrə kadr hazırlığına cəlb olunması vacibdir.

“Peşə təhsili haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi, bu sahənin inkişafı üzrə uzunmüddətli dövlət proqramının hazırlanması, Azərbaycan Respublikasının “Ömürboyu Təhsil Üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin təsdiqi, “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların təsnifatı”nın əmək bazarının tələblərinə uyğunlaşdırılması, qeyri-dövlət sektorunun peşə təhsili sisteminə cəlb olunmasının təşviqinə yönəldilmiş normativ hüquqi bazanın formalaşdırılması, peşə təhsilində modul sisteminə keçidi təmin edəcək sənədlərin hazırlanması normativ hüquqi bazasının təkmilləşdirilməsinə təkan verir.

Çoxmənbəli maliyyələşmə sxemlərinin tətbiqi, təhsil müəssisələri tərəfindən xidmət və istehsal fəaliyyəti hesabına büdcədənkənar gəlirlərin qazanılmasının təşviqi, müxtəlif beynəlxalq dəstək proqramları, peşə təhsilinə ayrılmış dövlət vəsaitinin səmərəli istifadəsi və digər mənbələr hesabına addım-addım hədəfləməklə ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının yeniləşdirilməsi, həmin müəssisələrdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin mənzil təminatı məsələsinin həlli üçün müvafiq tədbirlərin görülməsi, əmək bazarının inkişaf tendensiyasına uyğun olaraq, qabaqcıl texnologiyalar tətbiq edilən xidmət və istehsalat emalatxanalarının yaradılması diqqət mərkəzindədir.

Əmək bazarının tələbatını daha dolğun təmin etmək məqsədilə cari tədris ilində “İlk peşə-ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”na iqtisadiyyatın prioritet inkişaf istiqamətləri üzrə 15 yeni ixtisas əlavə edilmiş və təsnifatda mövcud olan, lakin hazırlanmasına yeni başlanmış 10 ixtisasın adı da daxil olmaqla 154 ixtisas üzrə şagird qəbulu planı müəyyən edilmişdir. Həmçinin rayonların ixtisaslaşması, ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi ilə bağlı keçən tədris ilindən pambıqçı, baramaçı, tütün ustası ixtisaslarına kadr hazırlığı həyata keçirilir. 2016-2017-ci tədris ili üçün şagird qəbulu planı əvvəlki ilə nisbətən ödənişli əsaslarla təhsil alacaq şagirdlər hesabına artırılmış, büdcə hesabına şagird qəbulu planı əvvəlki tədris ili ilə müqayisədə azalmış, qeyri-neft sektorunun inkişafının prioritetliyi nəzərə alınaraq, daha çox əlavə dəyər yaradan (əsasən sənaye, kənd təsərrüfatı və turizmyönümlü) ixtisaslar üzrə şagird qəbulu planı müəyyənləşdirilmişdir.

Cari tədris ilində pilot olaraq Bakı və Gəncə şəhərlərində ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN) arasındakı əməkdaşlıq çərçivəsində “ASAN Peşə” layihəsi üzrə həyata keçirilmişdir. Bu məqsədlə Təhsil Nazirliyində “Dövlət ilk peşə-ixtisas təhsili müəssisəsinə şagird qəbulunun aparılmasına dair Qaydalar”a müvafiq dəyişikliklər edilmiş, qəbul prosesində şəffaflığın təmin edilməsi, subyektiv amillərin aradan qaldırılması və vətəndaşların rahatlığının təmin edilməsi üçün dövlət vəsaiti hesabına ilk peşə-ixtisas təhsili almaq istəyənlərin sənəd qəbulu “ASAN xidmət” mərkəzlərində aparılmışdır. “ASAN peşə” layihəsi çərçivəsində qeydiyyatdan keçərək, qəbul edilmiş şagirdlərin 18 faizinin orta attestat balı 4 və ondan yuxarı olmuşdur ki, bu da gələcəkdə peşə təhsilinin keyfiyyətinin artımına müsbət təsir göstərəcəkdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində gələcəkdə “ASAN həyat” və “ABAD” layihələri üzrə peşə təhsili müəssisələrinin birgə fəaliyyəti çərçivəsində məhsulların istehsalı, xidmətlərin göstərilməsi və brendləşdirilməsi, innovativ üsullar tətbiq olunmaqla müxtəlif təsərrüfat sahələri üzrə əməkdaşlığa uyğun olaraq layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsilinin ictimai statusunun yüksəldilməsi, inkişafı və təhsilin məzmununun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Norveçin Rogaland Təlim və Təhsil Mərkəzi (RTTM) ilə birlikdə “Azərbaycanda peşə təhsili və təliminin inkişafı və gücləndirilməsi” layihəsi çərçivəsində 16 saylı Bakı Peşə Liseyində “Qaynaqçı”, İsmayıllı Peşə Tədris Mərkəzində “Bağban” və Neftçala Peşə Məktəbində “Balıqçı” ixtisasları üzrə yeni kurikulumların hazırlanması nəzərdə tutulmuşdur.

Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondu ilə birgə həyata keçirilən “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsi çərçivəsində sənaye və innovasiyalar üzrə ixtisaslı kadr hazırlığı istiqamətində Müasir Peşə Təhsil Mərkəzi yaradılacaqdır.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (9 saylı Bakı Peşə Liseyinin bazasında) Ukraynanın İT STEP Academy şirkəti ilə birgə həyata keçirilən layihə çərçivəsində 3 ixtisas - “Şəbəkə texnologiyaları və sistem inzibatçılığı”, “Kompüter qrafikası və dizayn”, “Proqram təminatının yaradılması” üzrə kadr hazırlığına başlanılmışdır. Bu layihə “maksimum təcrübə, minimum nəzəriyyə” prinsipi əsasında təşkil olunub, ən aktual, yüksək məvacibli peşələrə yiyələnmək istəyənlər üçün geniş imkanlar açır. 9 saylı Bakı Peşə Liseyinin əsaslı təmir olunmuş tədris korpusunun bazasında fəaliyyət göstərən akademiyada 8 yaşından 55 yaşınadək şəxslər təhsil ala bilərlər. İlk peşə-ixtisas təhsili sistemində fəaliyyət göstərən müəssisələrdə təhsil alan yüksək göstəriciləri olan şagirdlərin akademiyada ödənişsiz təhsil alması nəzərdə tutulur.

BMT İnkişaf Proqramı (UNDP) ilə birgə əməkdaşlıqda “Heyvandarlıq mütəxəssisi” ixtisası üzrə yeni dərs vəsaitləri hazırlanmışdır.

Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə kənd təsərrüfatı ixtisasları üzrə ixtisaslaşmış Müasir Təhsil Mərkəzinin yaradılması istiqamətində yeni tədris korpusu, emalatxana, təlim kabinetlərinin tikintisində tamamlama işləri aparılır. Layihə çərçivəsində mühəndis - pedaqoji heyətin yeni kurikulumların tətbiqinə dair təlimlərə cəlb edilməsi, müvafiq dərs vəsaitlərinin hazırlanması və əmək bazarının tələblərinə cavab verən yeni ixtisaslar üzrə kadr hazırlığının həyata keçirilməsi planlaşdırılır. BP şirkətinin maliyyələşdirdiyi “Kənd təsərrüfatında yeni peşə ixtisaslarının hazırlanması” layihəsi çərçivəsində “British Council” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi” və “Aqroservis mütəxəssisi” ixtisasları üzrə dərs vəsaitlərinin hazırlanması işi isə yekun mərhələdədir.

Dövlət-biznes partnyorluğuna əsaslanan idarəetmə modelinin yaradılması istiqamətində Təhsil Nazirliyi, British Council və turizm-xidmət sektorunda fəaliyyət göstərən Bakı şəhərində yerləşən 5 ulduzlu hotellərlə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində turizmə dair təlimlər və mehmanxanalarda təcrübə proqramı pilot layihələr həyata keçirmişdir. Dövlət-biznes əməkdaşlığını özündə əks etdirən bu pilot layihənin davamı kimi 2016-2017-ci tədris ilindən təhsil müddəti 1 il olan qruplarda “Hoteldə konsiyerj”, “Aşpaz”, “Mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi” ixtisaslarının kadr hazırlığı aparılır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Almaniya Federativ Respublikasının İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin köməyi ilə “Cənubi Qafqazda məşğulluq səviyyəsinin yüksəldilməsi və sahibkarların peşə təhsilinə verə biləcəyi dəstək” layihəsi çərçivəsində seminarlar təşkil olunmuş, peşə təhsilində dövlət-biznes əməkdaşlığı imkanlarının müəyyən edilməsi və inkişafı istiqamətində məsləhətləşmələr aparılmışdır.

“Müasir Azərbaycan Peşəkarları” layihəsi çərçivəsində xidmət sahəsində bir neçə yeni peşələr üzrə kadr hazırlığına başlanılmışdır.

“Bosch” və “KNAUF” şirkətləri ilə peşə təhsili sahəsində əməkdaşlıq davam etdirilərək yeni servis və resurs mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır.

“Azərbaycan gənclərinin nailiyyəti” İctimai Birliyi, British Council və “Azercell” ilə birlikdə İKT və telekommunikasiya sahəsində 30 müəllim, 120 şagird təlimlərə cəlb edilmiş və müsahibədən keçənlər “Azercell Telekom” MMC-də istehsalat təcrübəsi keçmişdirlər.

Kadr hazırlığı işinin təkmilləşdirilməsi istiqamətində Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda özəl sektorun İnkişafı Proqramı” çərçivəsində “Peşə təhsilinin və məşğulluğunun təşviqi komponenti” üzrə ilk peşə-ixtisas təhsili və təlimi sahəsində çalışan mütəxəssislər üçün Bakı şəhəri, Göyçay, İsmayıllı, Qəbələ, Quba və Xaçmaz rayonlarında idarəetmə və pedaqogika üzrə təlimlər keçirmişdir. Proqram çərçivəsində “Təhsil menecerlərinin təlimləndirilməsi” komponenti üzrə 2016-cı ilin aprelindən müsabiqə əsasında 5 nəfər seçilərək, peşə təhsilinin menecmenti ixtisası üzrə magistratura səviyyəsində təhsil almaq üçün Almaniyanın Maqdeburq Universitetinə göndərilmişdir.

Cari ildən başlayaraq Avropa İttifaqı ilə birgə həyata keçirilən “Peşə təhsili və təliminə dəstək” layihəsi çərçivəsində Avropa standartları və təcrübəsinə uyğun olaraq Azərbaycanda peşə təhsili sisteminin müasirləşdirilməsi, keyfiyyətinin, cəlbediciliyinin, əmək bazarına uyğunluğunun artırılması, təhsilə çıxış imkanlarında hamı üçün bərabər şəraitin yaradılması nəzərdə tutulur. Bu məqsədlə Avropa İttifaqının 3 nəfərdən ibarət təcrübəli ekspert qrupunun Azərbaycanda yerli sahə mütəxəssisləri ilə peşə təhsili və təlimi sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi, ömür boyu təhsil imkanlarının təşviqi, çoxsəviyyəli effektiv idarəetmə sisteminin yaradılması, yeni kurikulumların, tədris planı və fənn proqramlarının, mütərəqqi informasiya texnologiyalarının tətbiqi ilə ictimaiyyəti məlumatlandırma sistemlərinin yaradılması istiqamətlərində birgə fəaliyyəti həyata keçiriləcəkdir.

“Turin prosesi-2017” çərçivəsində ilk peşə-ixtisas təhsili sahəsində əlaqəli dövlət qurumları və Avropa Təlim Fondu ilə birgə siyasət konsultasiyaları aparılaraq ölkədə peşə təhsili sahəsində islahatların mövcud vəziyyəti qiymətləndirilmiş və digər ölkələrin təcrübələri öyrənilməklə növbəti 2 il üçün prioritetlər müəyyənləşdirilmişdir.

Avropa Təlim Fondu ilə əməkdaşlıq çərçivəsində Agentliyin nümayəndələri Belçikanın Brüssel, Şimali İrlandiyanın Belfast, Niderland Krallığının Maastrixt, Gürcüstanın Tbilisi, Çexiyanın Praqa, İspaniyanın Barselona, İtaliyanın Turin şəhərlərində səfərlərdə olmuş, siyasi dialoqlarda və müvafiq seminarlarda iştirak etmişlər. Peşə təhsili üzrə beynəlxalq müsabiqə olan World Skills yarışında müşahidəçi kimi iştirak etmək üçün Agentliyin əməkdaşları Rusiyanın Moskva, Belarusun Minsk şəhərlərində səfərlərdə olmuş, yarışın gələcəkdə ölkəmizdə keçirilməsi istiqamətində danışıqlar aparmışlar. Beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində nazirliyin əməkdaşları Cənubi Koreya Respublikasının İnçeon, Belarusun Minsk, Almaniyanın Maqdeburq və Norveçın Stavanger şəhərlərinə səfərlər edərək müasir peşə təhsili və təlimi sistemində aparılan islahatlarla yaxından tanış olmuşlar.

Azərbaycan və Türkiyə arasında təhsil sahəsinin inkişafı, o cümlədən ilk peşə-ixtisas təhsilinin gələcək inkişaf istiqamətlərinə dəstək məqsədilə cari il ərzində hər iki ölkənin peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığının həyata keçirilməsi və təcrübə mübadiləsinin intensivləşməsi məqsədilə işgüzar səfərlər edilmiş və ölkələr arasında peşə təhsili sahəsində fəaliyyət və birgə peşə təhsili müəssisəsinin yaradılmasına dair protokol layihəsinin hazırlanması və yaxın gələcəkdə imzalanması nəzərdə tutulmuşdur.

Peşə təhsilinin inkişafı üzrə təcrübə mübadiləsi məqsədilə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyi ilə birgə əməkdaşlıq cərşivəsində Gəncə şəhərində yeni yaradılmış və müasir tələblərə cavab verən Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin bazasında birgə kadr hazırlığının həyata keçirilməsi üzrə danışıqlar aparılır.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun yeni dəyər yaradan sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən işlər əmək bazarında rəqabətqabiliyyətli və ixtisaslı kadrlara olan tələbatı çoxaltmış və təhsilin növbəti pilləsi kimi peşə təhsili və təlimi sisteminin rolunu və əhəmiyyətini daha da artırmışdır. Çünki hazırlanan keyfiyyətli işçi qüvvəsinin əməyinin stimullaşdırılması əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasının mühüm şərtlərindəndir. Bununla bağlı cəmiyyətdə peşə təhsilinə marağı artırmaq, yüksək rifahın başlıca amillərindəndir və dövlət başçısının dediyi kimi, “biz gəncləri bu sahəyə cəlb etməliyik, stimullaşdırmalıyıq ki, onlar da bilsinlər, peşəkar olandan sonra onların yaşayış səviyyəsi böyük dərəcədə yaxşılaşacaq”.

 

Famil MUSTAFAYEV,

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru, iqtisad elmləri doktoru, professor