Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tədrisin təcrübə ilə əlaqələndirilməsi kadr hazırlığında müsbət nəticələr verir

14 Aprel 2017
 

Maddi nemətlər bolluğunun yaradılmasında əsas güc aqrar bölmənin üzərinə düşür. Çünki ərzaq təhlükəsizliyinin təminatı, kənd təsərrüfatı məhsullarının istehsalı birbaşa bu sahənin inkişafı ilə bağlıdır. Söz yox ki, bu inkişaf elmi əsaslara söykənməklə yüksəkixtisaslı kadr hazırlığından çox asılıdır və son illər bu sahədə Azərbaycan Dövlət Aqrar Universitetində bir sıra işlər görülmüşdür. Ölkədə kənd təsərrüfatı üzrə ixtisaslı kadrlar hazırlayan bu ali təhsil müəssisəsində tələbələrin müasir standartlara uyğun bilik əldə etmələri məqsədilə bütün şərait yaradılıb.

Bu da universitetin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirib. İndi, demək olar ki, mütəxəssis hazırlığının keyfiyyətinin daha da təkmilləşdirilməsi, innovasiyalı təhsilə keçməklə daha bilikli və təcrübəli kadr hazırlığına nail olunması istiqamətində uğurlu nəticələr əldə edilir. Belə ki, son illər dövlət başçısının diqqət və qayğısı sayəsində universitetin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, zəruri tədris avadanlıqları ilə təmin edilmiş, pedaqoji heyətin peşəkarlığının artırılması, tədris-təcrübə sahələrinin genişləndirilməsi istiqamətində bir sıra nailiyyətlər qazanılmışdir. Bu baxımdan universitetin bazasında yaradılan tədris-təcrübə mərkəzlərinin böyük əhəmiyyəti vardır. Bu da tələbələrin nəzəri biliklərinin zənginləşdirilməsində və təhsildən sonra əmək fəaliyyətlərində qarşıya çıxa biləcək çətinliklərin aradan qaldırılmasında mühüm rol oynayır.

Baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin ümumi sahəsi 254 kvadratmetr olan Quşçuluq Tədris-Təcrübə Mərkəzi bir neçə ildir ki, fəaliyyət göstərir. Mərkəzin 200 kvadratmetr sahəsində müasir tələblərə cavab verən ferma inşa edilmiş, laboratoriya yaradılaraq lazım olan bütün avadanlıqlarla təchiz edilmişdir. Burada quşların bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin və zootexniki-baytarlıq tədbirlərinin aparılması qaydaları və müasir diaqnostika üsulları həyata keçirilir. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov işin bu cür təşkilini elm, təhsil və istehsalatın birləşməsi kimi dəyərləndirir.

Hazırda Quşçuluq Tədris-Təcrübə Mərkəzində xeyli quş saxlanılır ki, bu da tələbələrin biliklərinin təcrübəyə tətbiqində mühüm rol oynayır. Yəni hər bir tələbə birgünlük cücələrin normal satış çəkisi alanadək keçdiyi bütün proseslərin iştirakçısı olur, yemləmədən tutmuş müalicə metodlarınadək işlərin hamısında iştirak edir. Sonda saxlanan quşlar satışa çıxarılır. Satışdan əldə edilən gəlirdən quşlara baxan tələbələrə ştat dəyərində əməkhaqqı verilir.

Azərbaycanda balıqçılıq geniş yayılmasa da, bu sahənin inkişaf etdirilməsi dövlətin diqqət mərkəzindədir. Bunu nəzərə alan universitet rəhbərliyi bu sahədə də kadr hazırlığına xüsusi diqqət yetirir. Son illər bu məqsədlə bir sıra məqsədyönlü işlər həyata keçirilmişdir. Belə ki, 2014-cü ildə qapalı balıqyetişdirmə laboratoriyası təşkil olunaraq lazımi avadanlıqlarla təchiz edilmişdir. Burada bütün işlər sistemli şəkildə həyata keçirilir. Törədicilərin tez inkişafı, yetişməsi və ana sürülərinin tez formalaşması üçün optimal şəraitin yaradılması, istehsalatın idarə olunması və ona tam nəzarət, torpağa, suya və enerji təchizatına qənaət olunması, istehsal prosesinin və alınan məhsulun ekoloji baxımdan təmiz olması kimi amillər diqqət mərkəzində saxlanılır. Laboratoriyada müxtəlif növ balıqların yetişdirilməsi üçün 27 akvarium, dördbucaq formada 8 hovuz yaradılmışdır. Laboratoriya yaxınlığında əmtəəlik çəkiyə çatana kimi balıqları saxlamaq üçün 16 beton hovuz inşa edilmişdir. Hər bir akvarium və hovuza su ana xətdən paylanır. Burada tədris auditoriyası da fəaliyyət göstərir, tələbələr üçün burada hər cür şərait yaradılmışdır. Hazırda laboratoriyada çəkilər fəsiləsindən olan rəngli balıq, ağ balıq, aynalı çəki, karp və adi qalınalın balıqları yetişdirilir. Bu balıqları yetişdirməkdən ötrü müxtəlif yaş mərhələləri üçün nəzərdə tutulan, orqanizmin bütün tələbatını ödəyə bilən yemlərdən istifadə olunur. Cinsi yetkinliyə çatmış törədicilərin seçilməsi və hovuzlara buraxılması, onlardan kürü alınması və mayalandırılması, kürünün inkubasiyası, sürfələrin böyüdülməsi, bir yaşadək körpələrə qayğı, satlıq çəkiyə çatan balıqların tutulması və realizə olunması laboratoriyanın əsas iş prinsiplərindəndir.

Tələbələrin nəzəri biliklərinin möhkəmləndirilməsi və sonrakı əmək fəaliyyətlərində istifadələrinin təmin edilməsində istehsalat təcrübələrinin böyük rolu olduğunu nəzərə alan universitet rəhbərliyi qabaqcıl təsərrüfatlarla da əlaqələri genişləndirir. Bu məqsədlə keçən il bağlanmış müqaviləyə əsasən Goranboy rayonu ərazisində 10 hektar yeni meyvə bağının salınmasına başlanılmışdır.  Universitetin aqronomluq fakültəsində təhsil alan tələbələrin tədris-təcrübə bazasına çevrilmiş həmin bağda bütün işlər tələbələrin əli ilə həyata keçirilir.

Bundan başqa, universitetin tədris-təcrübə sahəsində hər biri 160 kvadratmetr olmaqla 5 istixana da yaradılmışdır ki, burada əsasən pomidor, xiyar və digər tərəvəz məhsulları yetişdirilir. Tələbələr bu istixanalarda təcrübə keçməklə yanaşı, innovativ texnologiyaların tətbiqi sayəsində əldə olunan nailiyyətlərlə də tanış olurlar. Bəzi hallarda burada ətraf rayonlarda istixana təsərrüfatı ilə məşğul olan iş adamlarının iştirakı ilə seminarlar da keçirilir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”