Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

O türk bir də gəlsəydi...

18 Dekabr 2016
 

Heç yadımdan çıxmaz. Ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illər idi. Qəbələyə Türkiyədən bir müsafir gəlmişdi. Şəhərin mənzərəli yerlərini görəndən sonra təbii gözəlliyinə valeh olduğunu bildirib gözlənilmədən dedi:

- Bunlar Allahın yaratdıqlarıdır. Bəs siz özünüz...

Sözünün ardını gətirməsə də, sualını cavabsız qoymadım:

- Biz təzəcə müstəqil olmuşuq. Sovet dönəmində əlimiz-qolumuz bağlanmışdı. Hətta özünə ev tikdirmək istəyən gərək icazə alaydı, inşaat materialları tapmaq üçün qapılar döyəydi. İndi belə məhdudiyyətlər yoxdur. Qurub-yaratmağa təzə başlamışıq...

O türk bir də gəlsəydi, gəzdiyi bu yerləri yenə ona göstərərdim. Əvvəlcə bir vaxtlar “Turbaza” adlanan ərazidə ucaldılan möhtəşəm Heydər Əliyev Konqres Sarayını, bir-birindən yaraşıqlı, bənzərsiz digər tikintiləri göstərib deyərdim: bax, sən görən ikimərtəbəli yöndəmsiz binalardan əsər-əlamət qalmayıb. O vaxt burada yaşayan kəlbəcərli məcburi köçkünlər üçün bir neçə il əvvəl  hər cür şəraiti olan şəhərcik salınaraq hamısı oraya  köçürülüb.

Sonra onu təbiətin qoynunda salınmış əyləncə mərkəzində, park-bulvar kompleksində gəzdirər, “Qafqaz Tufandağ Mountain Resort” hotelinin yerləşdiyi ərazidəki komplekslə tanış edərdim. Deyərdim ki, buradakı hoteldə hər çür zövqə uyğun otaqlar, ailəvi və bir kral nömrəsi də var. Burada 100-400 nəfərlik kafelər, şərab evi, “Duruca” yeməkxanası, “Qəbələ” kafesi fəaliyyət göstərir. Uşaqlar da unudulmayıb. Onlar üçün  ayrıca yeməkxana, oyun zalı inşa edilib. Qış fəslində istirahət etməyə gələnlər də buradan həmişə xoş təəssüratla  ayrılırlar. Onlar buradakı xizək mağazasından xizək alıb, yaxud kirayə götürüb sürürlər. Hazırda Qəbələdə  20-yə yaxın belə hotel fəaliyyət göstərir. Onlardan 5-i beşulduzludur. O hotellər eyni vaxtda 2500-dən çox qonaq qəbul edə bilir.

Qonağa Olimpiya idman kompleksini, futbol  stadionlarını, voleybol meydançalarını, buz meydançasını, Beynəlxalq atıcılıq mərkəzini, futbol akademiyasını, “ASAN xidmət” mərkəzini göstərərdim. İdman nailiyyətlərindən söz düşsəydi, “Qəbələ” futbol komandasının uğurlarından söz açardım. Deyərdim ki, bu komanda Avropanın bir çox idman arenasında, o cümlədən Almaniya, Fransa, İtaliya, Yunanıstan stadionlarında maraqlı oyunları ilə öz pərəstişkarlarına sevincli anlar bəxş edib.

Soruşsaydı ki, quruculuq işləri yenə davam edir?  Onu dağların bənzərsiz gözəlliyinə açılan başqa bir yerə aparıb  hazırda  icra olunan turizm və idman infrastrukturları layihələrindən - “Qafqaz Akva Lənd”, “Qafqaz Daymond Akvapark”, “Qəbələ Qolf Villaları” barədə söz açardım. Deyərdim ki, “Qəbələ Qolf Villaları” ərazisində 66 villa, əyləncə mərkəzi, uşaq bağçası olacaq. Hamısı da xüsusi zövqlə tikilir. Bütün bu quruculuq, tərəqqi sayəsində Qəbələ Bakıdan sonra ikinci turizm mərkəzinə çevrilib.

Gedəndə də onu Qəbələ Beynəlxalq Aeroportundan yola salardım...

 

Rauf MAHMUDOV,

Qəbələ şəhər sakini