Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycandakı şəffaf idarəçilik Bolqarıstanda böyük maraq doğurur

16 Dekabr 2016
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 16-da Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yüksək səviyyədə - dostluq və tərəfdaşlıq səviyyəsində olduğunu vurğuladı. Bolqarıstanın vitse-prezidenti Marqarita Popovanın Azərbaycana səfərlərinin əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev onunla keçirdiyi son görüşü məmnunluqla xatırladı. Dövlətimizin başçısı Bolqarıstanın vitse-prezidentinin Azərbaycana səfərinin uğurlu olacağına və ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və mədəni sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu vurğulayan Bolqarıstanın vitse-prezidenti Marqarita Popova Azərbaycanda tətbiq edilən şəffaf idarəçiliyin, o cümlədən “ASAN xidmət”in Bolqarıstanda böyük maraq doğurduğunu dedi və bu sahədə əməkdaşlığa önəm verdiklərini qeyd etdi.

Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əməkdaşlığın enerji, hüquq, mədəniyyət və digər sahələrdə genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.