03 İyun 2026 08:30
173
SİYASƏT
A- A+
Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"

Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"


Türk Dövlətləri Təşkilatının (TDT) qlobal geosiyasi gücə çevrilməsi məsələsini Azərbaycan Prezidenti İlham Əliyev gündəmə gətirmişdir. Prezident İlham Əliyevin "Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir" fikri türk dövlətlərinin koordinasiyalı fəaliyyətə olan ehtiyacını ortaya qoyur. Bu tezis Azərbaycan liderinin TDT ilə bağlı siyasətində əsas yeri tutur. Onu reallaşdırmaq istiqamətində də praktiki olaraq Prezident İlham Əliyev böyük töhfələr verməkdədir.

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi TDT-nin gücləndirilməsini müəyyən edən dövlət başçısı məsələnin bu şəkildə aktuallaşdırılmasının etnomədəni, regional və qlobal şərtlərini də dəqiq ifadə etmişdir. Azərbaycan lideri çıxışlarında dəfələrlə vurğulamışdır ki, ortaq tarixə, mədəniyyətə, eyni soy-kökə, dilə və dinə malik olan türk dövlətlərinin çağdaş tarixi mərhələdə vahid siyasi təşkilatda birləşməsi seçim deyildir, tarixi-siyasi zərurətdir.

Bunun üçün lazım olan potensial mövcuddur. Həmin potensialdan səmərəli yararlanmaq isə artıq liderlərin siyasi-diplomatik məharətinə bağlıdır. Təcrübə göstərir ki, türk dövlətlərinin liderləri bu tarixi vəzifənin öhdəsindən uğurla və bacarıqla gəlirlər. Bu prosesdə Azərbaycan Prezidentinin aparıcı rolu aydın görünür.


İnteqrasiyanın əsaslandırılması: regional və qlobal kontekst


Prezident İlham Əliyev tərəfindən məsələnin regional və qlobal miqyaslarda aktuallığının ifadəsi də olduqca maraqlıdır. Dövlət başçısı 2024-cü ildə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı müraciətdə ifadə etmişdir: "Müasir dövrdə qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından birinə çevrilmişdir. Xarici güc mərkəzlərinin təsiri və müdaxiləsi ilə dünyanın müxtəlif regionlarında çoxsaylı qarşıdurmaların - etnik və dini zəmində münaqişələrin, siyasi konfrontasiyaların baş verməsi, xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaratmaqdadır. Beynəlxalq hüquq normalarının kobudcasına pozulduğu və ikili standartlara əsaslanan selektiv yanaşmaların baş qaldırdığı belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir".

Bu fikirlərdən aydın olur ki, birincisi, müasir mərhələdə "qlobal kataklizmlər beynəlxalq münasibətlər sisteminin geosiyasi reallıqlarından" biridir, ikincisi, "xaos və anarxiya mühitinin yaranması ayrı-ayrı dövlətlərə və bütövlükdə beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər" yaratmaqdadır, üçüncüsü, "beynəlxalq hüquq normaları kobudcasına pozulmaqda və ikili standartlara əsaslanan selektiv yanaşmalar baş qaldırmaqdadır", dördüncüsü, "belə bir şəraitdə milli maraqların qorunmasına hədəflənmiş və mövcud çağırışlara cavab verən siyasətin həyata keçirilməsi müstəqil dövlətlərin qarşısında duran başlıca vəzifələrdəndir".

Deməli, türk dövlətlərinin siyasi, geosiyasi-iqtisadi, sosial, mədəni, humanitar, enerji, nəqliyyat, logistika, ticarət, investisiyalar və rəqəmsal bağlantılar baxımından inteqrasiyası onların inkişafı ilə yanaşı, sülh və təhlükəsizliyin ciddi surətdə birgə təmin edilməsi ilə də bağlıdır. Bu əsasda ekspertlərin irəli sürdüyü aşağıdakı tezis reallığı əks etdirir: "Türk dünyasının birləşməsində, Türkiyədən Qafqaza və Mərkəzi Asiyaya qədər siyasi, iqtisadi və mədəni əməkdaşlığın dərinləşməsində təşkilat aparıcı rol oynayır". Bu kontekstdə analitiklər xüsusi vurğulayırlar ki, TDT-nin "institusional inkişafı" sürətlə gedir və o, artıq "regional aktordur".

Bir çox ekspert isə türk coğrafiyasının inteqrasiyasına identiklik, millət və sivilizasiyaların qarşılıqlı əlaqəsi fonunda baxaraq "yeni tarixi mərhələnin başladığını" yazır və bu aspektdə "TDT-nin perspektivinin yüksək olduğunu" vurğulayırlar.

Nəhayət, araşdırmalarda TDT-nin inkişafına regional və qlobal geosiyasi dinamikanın fonunda nəzər salınır və düşündürücü qənaətlər ifadə edilir. "BakuNetwork" mərkəzinin analitikləri Şərqi Avropada davam edən müharibənin və ABŞ ilə Çin arasında rəqabətin daha da güclənməsi, qlobal energetika sisteminin yenidən formalaşması fonunda TDT-nin Qəbələdə keçirilmiş Zirvə Görüşünü geniş məkanı əhatə edən "yeni geosiyasi xəritə"nin əyaniləşməsi rəmzi kimi təqdim edirlər. Onun geosiyasi ifadəsini isə "müstəqil Avrasiya güc mərkəzinin yaranması" kimi göstərirlər. Burada başlıca məqamın TDT-nin nə imperiya, nə hərbi blok, nə ideoloji alyans, "suveren dövlətlər şəbəkəsi" olmasından ibarət olduğu tezisi irəli sürülür. Əsas məqsəd isə "strateji avtonomluğa" nail olmaqdan ibarətdir.

Ekspertlərin vurğulanan qənaətləri Prezident İlham Əliyevin TDT-nin gücləndirilməsi və qlobal geosiyasi mərkəzlərdən biri olması xəttini uğurla həyata keçirməsini və artıq ilkin nəticələrin əhəmiyyətini göstərir. Buradan əldə oluna biləcək mühüm qənaətlər kimi, Azərbaycan Prezidentinin iki mühüm tezisini xüsusi qeyd etmək gərəkdir: TDT "yeni strateji hədəflərə doğru inamla irəliləyir" və bu təşkilat, faktiki olaraq, "yeni ittifaq modelidir".


TDT: yeni ittifaq modeli


Prezident İlham Əliyev demişdir: "Son zamanlarda yeni strateji hədəflərə doğru inamla irəliləyərək dünya siyasətində yüksələn güc mərkəzinə çevrilən, beynəlxalq nüfuzu və geosiyasi təsir imkanları artmaqda olan Türk Dövlətləri Təşkilatında birləşən ölkələr də analoji çağırışlarla üzləşirlər. Yeni ittifaq modeli kimi dünyanın diqqət mərkəzində olan bu təşkilatda təmsil olunan ölkələrin sıx həmrəylik şəraitində dostluq və qardaşlıq prinsiplərinə, qarşılıqlı anlaşmaya, bərabərhüquqlu tərəfdaşlığa və çoxşaxəli əməkdaşlığa əsaslanan münasibətləri həm milli və regional səviyyədə, həm də qlobal miqyasda sabitliyə, təhlükəsizliyə və inkişafa xidmət edən çox önəmli amildir".

Azərbaycan Prezidentinin TDT-yə üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən ifadə etdiyi və əvvəllər irəli sürülmüş fikirlərin reallaşması baxımından əhəmiyyətli olan tezisləri geosiyasi cəhətdən böyük önəm kəsb edir və maraq doğurur. Dövlətimizin başçısı vurğulamışdır: "Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq. Bu gün Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır və bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. Həm bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır, eyni zamanda qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır və biz müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik. Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir. Bu, bizdən asılıdır. Biz nə qədər səylər göstərsək, birlik göstərsək, önəmli layihələrin icrasına nail olsaq və eyni zamanda tərəfdaşlarımız üçün də önəmli imkanlar yaratsaq, bizim beynəlxalq nüfuzumuz da, mövqelərimiz də, imkanlarımız da bir o qədər artacaq".

Yuxarıda gətirilən iki mühüm iqtibasın semantik müqayisəsindən belə nəticəyə gəlmək olar ki, TDT dinamik olaraq inkişaf edir və təşkilat kimi daha da güclənir. Hazırkı mərhələdə onun güclənməsini ifadə edən başlıca əlamətləri Azərbaycan lideri belə ifadə edir: "Təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq", "Türk Dövlətləri Təşkilatı dünya miqyasında böyük nüfuz qazanmışdır", "Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir", "Bölgədə gedən proseslərə bizim təsir imkanlarımız artır", eyni zamanda "Qlobal müstəvidə də təşkilatımızın rolu artmaqdadır", "Müştərək səylərlə mövqelərimizi möhkəmləndirməliyik".

Bütün bunlardan Azərbaycan Prezidentinin tam haqlı olaraq çıxardığı məntiqi nəticə diqqət çəkir: "Bu gün bizim təşkilatımız dünyanın aparıcı beynəlxalq təşkilatlarının sırasına daxil edilməlidir". Bu o deməkdir ki, artıq TDT-nin geosiyasi güc kimi daha yüksək mövqelərə çıxması zamanıdır. Onun üçün təşkilatın siyasi, iqtisadi, nəqliyyat, enerji və sair baxımından inkişafı ilə onun geosiyasi güc kimi formalaşması arasında harmoniya yeni səviyyəyə yüksəldilməlidir.

Azərbaycanın dövlət başçısı bu istiqamətin də aktuallığını və zəruriliyini xüsusi vurğulamışdır. Azərbaycan lideri ifadə etmişdir: "Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir. Bu, birinci amildir. Ondan sonra bizim coğrafiyamızdır, ölkələr arasındakı çox xoş və isti münasibətlərdir, vahid məqsədlərdir. Ona görə bax, bütün bu amilləri nəzərə alaraq biz təşkilatımızı daha da yüksək pilləyə qaldırmalıyıq".

Prezident İlham Əliyev təşkilatın yeni səviyyəyə yüksəlməsində dövlət başçılarının Zirvə görüşlərinin əhəmiyyətli rol oynadığını qeyd etmişdir. Bununla yanaşı, TDT-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi Zirvə görüşlərinin də xüsusi rolunu vurğulamışdır. Həmin kontekstdə Azərbaycan Prezidentinin ifadə etdiyi fikirlər çox aktualdır və təşkilat daxilində gedən prosesləri dəqiqliklə ifadə edir. Dövlət başçısı demişdir: "Təşkilatımızın inkişafı üçün əlbəttə ki, Zirvə görüşlərinin böyük əhəmiyyəti var. Bu görüşlər müntəzəm olaraq keçirilir və bildiyiniz kimi, Azərbaycanın təşəbbüsü ilə dövlət başçılarının qeyri-rəsmi görüşləri də keçirilməyə başlamışdır. Birinci belə qeyri-rəsmi Zirvə görüşü Qarabağda, Şuşada keçirilmişdir. Artıq bu, ənənə halına çevrilib və hesab edirəm ki, bu da çox gözəl göstəricidir".

Azərbaycan rəhbərinin vurğuladığı bu məqamlar Qazaxıstanın qədim Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə təsdiqini tapmışdır. Türküstan Zirvə görüşü Şuşa görüşündən sonra təşkilatın tarixinə düşəcək müzakirələr və razılaşmalar baxımından çox əhəmiyyətlidir.


Yeni mərhələ: rəqəmsallaşma və süni intellekt


Hazırda rəqəmsal transformasiya və süni intellekt faktorları dövlətlərarası münasibətlərdə mühüm rol oynayır. Bu faktor dövlətlər arasında qarşılıqlı münasibətlərin təməlini təşkil edir. Buna görə də Türküstan Zirvə görüşünün əsas mövzusunun "Süni intellekt və rəqəmsal inkişaf" adlandırılması tamamilə məntiqli və təşkilatın güclənməsi baxımından aktualdır. Bununla bağlı Azərbaycan Prezidenti bəyan etmişdir: "Zirvə görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır".

TDT-nin qlobal geosiyasətdə öz sözü olan gücə çevrilməsində dünyada inkişaf sahəsində yaranan yeni imkanlardan maksimum dərəcədə yararlanmaq xətti xüsusi yer tutmalıdır. Bu anlamda rəqəmsallaşma və süni intellekt məsələləri bütövlükdə müasir inkişafın əsas parametrləri kimi TDT-nin fəaliyyətində yer almalıdır. Türk dövlətlərinin bu prosesdə ön sıralarda olması strateji məna daşıyır.

Məsələ həm də hazırkı mərhələdə TDT-nin qlobal proseslərdə oynadığı rolla əlaqəlidir. Dövlət başçısı bununla bağlı bildirir ki, "Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir. Buna nümunə kimi Rəqəmsal İnkişaf Şurasının, Milli Süni İntellekt Mərkəzinin və Süni İntellekt Akademiyasının yaradılmasını göstərmək olar. Bu cür qurumlar "rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi" üçün çox vacibdir.

Bunlarla yanaşı, Azərbaycanda Süni İntellekt Strategiyasının qəbul edilməsi vacib hadisədir. Strategiyada "...süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır".

Nəhayət, TDT-nin qeyri-rəsmi Zirvə görüşünün yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində rəqəmsallaşma və süni intellekt məsələləri geniş yer almışdır. Bəyannamədə vurğulanır: "Transsərhəd sənədləşmənin sadələşdirilməsi, inzibati maneələrin azaldılması, yüklərin real vaxt rejimində izlənilməsinin təmin edilməsi və Orta dəhliz üzrə yükdaşımaların səmərəliliyinin və şəffaflığının artırılması məqsədilə "e-Permit" sisteminin tam işə salınmasını alqışlayır və Milli Vahid Pəncərənin, o cümlədən üzv dövlətlərin "e-Permit", "e-CMR" və elektron hökumət sistemlərinin inteqrasiyasını dəstəkləyirik".

TDT-də artıq rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi istiqamətində konkret addımların atıldığı gətirilən nümunələrdən aydın görünür. Bu prosesin sistemli və davamlı xarakter alacağı da şübhə doğurmur. Ümumilikdə təşkilatın qlobal miqyasda söz sahibi olan güclərdən birinə çevrilməsi üçün liderlərin düşünülmüş və əsaslı fəaliyyət göstərdiklərini demək olar. Bütün bunlardan bir neçə mühüm geosiyasi nəticə hasil olunur.


TDT-nin perspektivi: əsas nəticələr


Artıq şübhə yoxdur ki, TDT uğurlu ittifaq modellərindən biridir. Təşkilatın tarixi baxımdan qısa müddətdə kifayət qədər səmərəli, praktiki müsbət nəticəverici fəaliyyət göstərdiyi və nüfuz dairəsini davamlı olaraq genişləndirdiyi aydın olur. TDT-nin inkişaf potensialı kifayət qədər genişdir və onun praktiki reallaşması istiqamətində liderlər çox böyük fəallıq nümayiş etdirirlər. Bu kimi dinamikanın nəticəsidir ki, TDT bir sıra istiqamətlərdə inkişafını yeni səviyyəyə yüksəltmişdir. Təşkilatın qlobal geosiyasi gücə çevrilməsi baxımından aktual sayıla biləcək faktorları vurğulamağa ehtiyac vardır.

Hər şeydən öncə, təşkilata daxil olan ölkələrin mənəvi-əxlaqi və mədəni sferalarda daha da yaxınlaşması zərurəti özünü göstərməkdədir. Tarixi olaraq eyni soykökə malik olan, lakin artıq müstəqil dövlətə malik cəmiyyətlərin (yəni türk toplumlarının) mənəviyyat, əxlaq və mədəniyyət sferalarında davamlı inteqrasiyasını təmin etməyin optimal modeli tapılmalıdır. Bu istiqamətdə Azərbaycanın fəaliyyəti xüsusi vurğulanmalıdır.

Digər mühüm məqam siyasi institutlaşmanın vahid inteqrativ xarakterli proses halına gətirilməsidir. Bu, çox mühüm faktordur, çünki müasir dünyada ortaq siyasi institutlaşma kursunun dəqiq müəyyən edilməsi asan məsələ deyil. Təcrübə göstərir ki, TDT üzvləri bu istiqamətdə də uğurlu addımlar atırlar. Həmin prosesdə Azərbaycanın təşəbbüsləri diqqət çəkir. Bu təşəbbüslər əsasən infrastruktur diplomatiyası çərçivəsində həyata keçirilir. Azərbaycan TDT-də inteqrasiya prosesinə xüsusi dinamika verə bilən layihələr irəli sürür və onların həyata keçirilməsinə çalışır.

Nəhayət, Azərbaycan nəqliyyat-logistika və enerji sferalarında çox aktiv fəaliyyət göstərməkdədir. Rəqəmsallaşma və süni intellektlə yanaşı, Bakı qlobal əhəmiyyətli enerji layihələrinin müəllifidir. Onların sırasında bərpaolunan enerji layihələri son illərdə daha çox yer tutmağa başlamışdır. Bakı "yaşıl enerji" layihələrinin sayını artırmaqla yanaşı, onların əhatə dairəsini də genişləndirir. Bununla da infrastruktur diplomatiyası daha böyük miqyasda TDT-nin inkişafına xidmət edir.

Deyilənləri ümumiləşdirsək, TDT-nin geosiyasi güc kimi formalaşmasından konkret faktlar üzrə danışmaq olar. Gətirilən nümunələr və aparılan təhlillər göstərir ki, təşkilat həmin aspektdə özünün yeni fəaliyyət səviyyəsinə yüksəlmişdir. Həmin prosesdə Azərbaycanın xüsusi rol oynadığı da faktdır. Bakı xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi TDT-nin gücləndirilməsini seçməklə ciddi addım atmışdır. Hazırda onun həyata keçirilməsi istiqamətində Azərbaycan daha çox fəallıq göstərir. Azərbaycanın TDT-nin aparıcı gücü olduğunu artıq hər kəs etiraf edir.


Kamal ADIGÖZƏLOV,

beynəlxalq münasibətlər üzrə ekspert

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 101 dollara satılır

09:43
03 İyun

Rubio: Çin İrana ABŞ-nin hərbi əməliyyatlarını çətinləşdirəcək dəstək vermir

09:29
03 İyun

Araşdırma: Alkoqolun hətta az miqdarda qəbulu da xərçəng riskini artırır

09:27
03 İyun

ABŞ İranın dörd kriptovalyuta birjasına sanksiya tətbiq edib

09:25
03 İyun

Altsheymer xəstəliyi zamanı beynin müdafiə mexanizmini bərpa etməyin yolu tapılıb

09:24
03 İyun

İran ABŞ hədəflərinə zərbələr endirdiyini açıqlayıb

09:22
03 İyun

Avropa çempionatı: Azərbaycan minifutbol millisi yarımfinala yüksəlib

09:01
03 İyun

Nadir Ebola ştamı yayılır

08:55
03 İyun

Ermənistan növbəti siyasi sınaq qarşısındadır

08:50
03 İyun

Qarabağ və Şərqi Zəngəzur "yaşıl enerji" mərkəzinə çevrilir

08:47
03 İyun

WUF13 Azərbaycanın uğurlu iqtisadi inkişafını beynəlxalq aləmə təqdim etdi

08:45
03 İyun

Görüş yeri dəyişmədi

08:40
03 İyun

Ölkəmizin təcrübəsi digər dövlətlər üçün də faydalıdır

08:35
03 İyun

Prezident İlham Əliyevin təşəbbüsü: "Türk Dövlətləri Təşkilatı qlobal geosiyasi gücə çevrilməlidir"

08:30
03 İyun

Dünyanın enerji strategiyası bu dəfə də Bakıda formalaşır

08:25
03 İyun

907-ci düzəlişin ləğvi zərurətdir

08:20
03 İyun

Qlobal liderlik, səmimi dostluq, yeni diplomatik səhifə

08:15
03 İyun

TDT-nin təməl tarixi

08:10
03 İyun

Milli həmrəylikdən böyük Zəfərə

08:05
03 İyun

Bizi hədələyən özlərindən xəbərsizlər

08:00
03 İyun

Kibertəhlükəsizlik sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi haqqında

01:14
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!