Qalib lider İlham Əliyevin bir tələbi ilə Qazaxın Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri iki il əvvəl azad edildi
Mayın 24-də Azərbaycanın müasir dövlətçilik salnaməsinə strateji iradənin təntənəsi kimi həkk olunmuş mühüm bir hadisədən - Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin azadlığa qovuşmasından iki il ötür. 2024-cü ilin sözügedən tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial mövqeyi və diplomatik təzyiqi nəticəsində bu ərazilər bir güllə atılmadan, şəhid verilmədən düşmən tapdağından xilas edildi. Bu dörd kəndimizdə də suverenliyimiz təmin edildi, bayrağımız dalğalandırıldı.
Necə ki, 44 günlük Vətən müharibəsinin sonunda imzalanan kapitulyasiya aktı ilə Ağdam, Kəlbəcər və Laçın qan tökülmədən geri qaytarılmışdı, Qazaxın kəndləri məsələsində də eyni ssenari təkrarlandı. Tarix salnaməmizə qızıl hərflərlə yazılan bu mühüm hadisə sadəcə ərazi bütövlüyü məsələsi deyil, dövlətimizin sarsılmaz iradəsinin dünya miqyasında təsdiqi və diplomatik masada "dəmir yumruq" effekti oldu.
Prezident İlham Əliyevin 10 may 2024-cü ildə Şuşada verdiyi bəyanat bu qələbənin fəlsəfəsini tam açır: "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır. Bundan sonra belə də olacaq. Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar".
Addım-addım bütövlüyə doğru
Azərbaycanın ərazi bütövlüyünün bərpası təsadüfi uğur yox, hər mərhələsi zərgər dəqiqliyi ilə hesablanmış strateji gedişlərin vəhdətidir.
Məqsədyönlü fəaliyyəti ilə Azərbaycanı dünyanın nüfuzlu ölkəsinə çevirən Prezident İlham Əliyevin ötən müddətdə gündəlik siyasətində duran birnömrəli prioritet Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi idi. Beynəlxalq səviyyədə daim bu məsələni gündəmə gətirən ölkəmizin rəhbəri münaqişənin danışıqlar yolu ilə həllinə çalışırdı. Amma təcavüzkar Ermənistana himayədarlıq edən ölkə və qurumlar (bunların başında da münaqişənin danışıqlar yolu ilə nizamlanması üçün missiyalandırılmış ATƏT-in Minsk qrupu gəlirdi) vəziyyətin dondurulmasına və Azərbaycanın işğal faktı ilə barışmasına nail olmağa çalışırdılar. Keçmiş Qarabağ münaqişəsinin həlli mümkünsüz problem olduğu görüntüsünü yaradan riyakar Qərb təsisatları müharibə variantını istisna edirdilər.
Azərbaycan isə qətiyyən bu vəziyyətlə barışmaq niyyətində deyildi. İstər sülh, istərsə də hərb yolu ilə torpaqlarını azad etməkdə və bir milyona yaxın keçmiş məcburi köçkünümüzü öz yurdlarına qaytarmaqda israrlı və qətiyyətli mövqe sərgiləyirdi. Buna görə də ölkəmiz mümkün bütün variantlara hazırlıq aparmış, hərbi potensialını gündən-günə artırmışdı.
Xalqımızı böyük Zəfərə aparan bu strateji yol 2016-cı ilin Aprel döyüşləri ilə başladı. Həmin günlərdə ordumuzun qətiyyəti dünyaya həm səbrimizin son həddə çatdığının mesajını verdi, həm də böyük qayıdışın ilk müjdəsini gətirdi.
Bu hərbi və siyasi iradə 2020-ci ilin 44 günlük Vətən müharibəsində "dəmir yumruq" altında birləşərək xalqımızın yeni qəhrəmanlıq tarixini yazdı. Torpaqlarımız işğaldan azad edildi. Hərbi zəfəri diplomatik nailiyyətlərlə möhkəmləndirən bu proses ardıcıl və qətiyyətli addımlarla davam etdirildi. 2022-ci ilin avqustunda Laçın şəhəri, Zabux və Sus kəndlərinin azad edilməsi diplomatik təzyiqin hərbi güclə harmoniyasının növbəti təzahürü oldu.
2023-cü ilin aprelində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması ilə dövlət sərhədlərimiz üzərində mütləq nəzarət bərpa edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən cəmi 23 saatlıq antiterror tədbirləri bölgədəki separatizmin tabutuna son mismarı vurdu.
Tarixi ədalətin bərpası
Qələbə zəncirinin mühüm halqalarından biri məhz Qazaxın qeyri-anklav kəndlərinin delimitasiya prosesi çərçivəsində, 12,7 kilometrlik sərhəd xəttinin müəyyən edilməsi ilə geri alınması oldu.
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin hələ 2020-ci ildə qaldırdığı və daim gündəlikdə saxladığı prinsipial məsələ idi.
Həmçinin 2024-cü ildə dövlətimizin başçısı yerli televiziya kanallarına müsahibəsində demişdi: "O ki qaldı işğal altında olan kəndlərə, hesab edirəm ki, bizim təklifimiz də çox məntiqlidir. Bildiyiniz kimi, orada anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav kəndlər deyil, həmin dörd kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır".
Bildirək ki, əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır və delimitasiyanın məhz bu istiqamətdən başlaması Azərbaycanın təkidi ilə oldu. Tərəflər razılaşıblar ki, delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Həyata keçirilən delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyənləşdirildi və bununla Azərbaycanın Qazax rayonunun 4 kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin Azərbaycana qaytarılması təmin edildi.
Beləliklə, 24 may 2024-cü ildə Azərbaycanın Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürüldü.
Prezident İlham Əliyevin anklav kəndlərlə bağlı növbəti hədəfi də bəllidir: bütün anklavlar qaytarılmalı, ora gedən yollarda şərait yaradılmalı və insanlar öz dədə-baba yurdlarına qovuşmalıdırlar.
Qazaxın kəndlərinin azad edilməsi həm də tarixi ədalətin bərpasıdır. 1990-cı ilin martında Bağanıs Ayrımda törədilən qanlı qətliam, yandırılan evlər və məsum insanların qətli xalqımızın qan yaddaşıdır. Lakin bu gün həmin torpaqlarda artıq barıt qoxusu deyil, doğma el-obanın həniri duyulur.
Bəli, ötən müddətdə həyata keçirilən qətiyyətli siyasət sübut etdi ki, Azərbaycan üçün heç bir keçilməz sədd yoxdur, yalnız milli maraqlar və polad iradə var. Bu gün Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılıda dalğalanan üçrəngli bayrağımız Azərbaycanın sarsılmaz gücünün və qalib lider İlham Əliyevin "sözümüz imzamızdır" prinsipinin ən bariz sübutudur.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"