Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli dekabrın 5-də Mantraya Strateji Tədqiqatlar İnstitutunun (MISS) təsisçisi və prezidenti, professor Şanti Mariet D’Souza ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əziz Ələkbərli konfransın məqsədləri, regionda mövcud olan geosiyasi vəziyyət, Qərbi azərbaycanlıların tarixi köçürülmə prosesi və hazırkı çağırışlar barədə ətraflı məlumat verib. O, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qayıdış hüququnun beynəlxalq müstəvidə daha geniş tanıdılması baxımından əhəmiyyətini qeyd edib.
Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması mədəni irsin qorunması, tarixə əsaslanan ədalətin təmin edilməsi və sülhə töhfə verən humanitar yanaşmaların təşviqi istiqamətində fəaliyyətini davam etdirir.
Professor Şanti Mariet D’Souza tədbirdə iştirakından məmnunluğunu ifadə edərək Azərbaycanın bu sahədə səylərinin beynəlxalq hüquq çərçivəsində daha da gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, mədəni irsin qorunması üçün UNESCO mexanizmləri, insan hüquqlarının müdafiəsi üçün BMT sənədləri və qaçqınlarla bağlı beynəlxalq hüquqi yanaşmalar bu prosesdə daha səmərəli istifadə oluna bilər.
Professor, həmçinin Hindistan–Pakistan ziyarət dəhlizləri və Banqladeş–Hindistan sərhəd bazarları kimi humanitar və mədəni keçid modellərinin müxtəlif regionlarda sülhü dəstəkləyən uğurlu təcrübələr olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu cür mexanizmlər mədəni irsin bərpası, qarşılıqlı etimadın formalaşdırılması və xalqlar arasında nəqliyyat olmayan, humanitar xarakterli keçidlərin təşviqi baxımından mühüm nümunələrdir.