02 Dekabr 2025 08:20
659
SİYASƏT
A- A+
Zəfərin Laçın səhifəsi

Zəfərin Laçın səhifəsi


"Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq". 

1 dekabr 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində qürur dolu sözləri ilə illərdir bu müjdəni gözləyən laçınlıları, xalqımızı ürəkdən təbrik etdi. Azərbaycanın ədalətli zəfərini Laçın zirvəsindən bir daha dünyaya duyuran qalib lider İlham Əliyevin, "Mən müharibənin ilk günündən bu günə qədər - sentyabrın 27-dən dekabrın 

1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm", bəyanı həm də ötən üç onillik boyu xalqımızın çətinliklərdən keçən mübarizəsinin öz tarixi zəfər zirvəsinə yetdiyini təcəssüm etdirirdi. 

Beş il əvvəl qazanılan Şuşa zəfərinin diktə etdiyi şərtlər Ağdam və Kəlbəcər kimi, Laçın rayonunun da bir güllə atılmadan, bir itki verilmədən əsl sahiblərinə qaytarılmasını təmin etdi.  Kəlbəcər və Laçının çətin coğrafi ərazisini, Ağdamın 30 il boyu düşmən tərəfindən mina tarlasına çevrilməsi reallığını göz önünə gətirmək belə Müzəffər Ali Baş Komandan İlham Əliyevin  öz siyasi taktiki gedişləri ilə necə misilsiz hərbi-diplomatik qələbəyə imza atdığını görməyə yetir. 

26 avqust 2022-ci ildə xalqımız Laçın şəhərinin azadlığını qeyd etdi və həmin tarix təqvimlərimizdə Laçın Şəhəri Günü kimi qırmızıya boyandı.   

Füsunkar təbiətə malik Laçın rayonunda quruculuq işlərinə başlanıldı, bu dağlar qoynunda bina olunan ulu yurda qayıdış köçləri həyata keçirildi. Laçınlılar doğma torpaqlarına dönərək sevinclə "Salam ana yurd, salam, Laçın", - dedilər. 


Məğrur Laçın


Zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə məşhur olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək uzunluğu 113 kilometr olan Həkəri çayını yaradır.

Azərbaycanın tarixi ərazilərindən biri olan Laçın bölgəsi antik dövrlərdə və erkən  Orta əsrlərdə Albaniya və Atropatena dövlətlərinin tərkib hissəsi olmaqla, ölkəmizin ən qədim insan məskənlərindəndir.

Ümumilikdə, Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidə mövcud olmuşdur.

Ərazi çar Rusiyası dövründən başlayaraq, 1930-cu ildə müstəqil inzibati rayon  kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuşdur.

1924-cü ildən isə şəhər statusu alan Laçın, 1930-cu ildən rayon mərkəzidir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. Laçın sözü "məğrurluq" mənasını bildirir.

Laçın rayonu 18 may 1992-ci ildə  erməni işğalına məruz qalmışdır. İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58 min nəfərdən çox laçınlı öz doğma torpağından  didərgin düşərək məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.

Birinci və İkinci Qarabağ müharibələrində bütün istiqamətlərdə döyüşən Laçının vətənpərvər övladlarından 285 nəfəri şəhid olmuş, 66 nəfəri girov götürülmüş, 120 nəfər əlil olmuş, yüzlərlə uşaq yetim qalmışdır. 


Bu tarixi unutmarıq! 


Laçın rayonu 1992-ci ildə Ermənistan tərəfindən işğal olunan dövrdə Azərbaycanda hərtərəfli böhran yaşanırdı. Laçının işğal altına düşməsi ilə Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında faktiki olaraq coğrafi əlaqə yaradılmışdı. Bu, işğalçı Ermənistanın Kəlbəcəri və digər rayonlarımızı da bir-bir zəbt etməsinə şərait yaratmışdı. Laçın da daxil olmaqla, təcavüzkar Ermənistanın rayonlarımızı ard-arda ələ keçirməsi həmin dövrdə hakimiyyətdə olan səriştəsiz rəhbərliyin, kreslo həvəsi ilə xalqının üzünə ağ olan antimilli qüvvələrin milli xəyanətinin nəticəsində baş vermişdi. O faciəvi günlərdə həmin xəyanətkar toplumu rayonlarımızın müdafiəsini təşkil etmək yox, özlərinin hakimiyyət sevdası düşündürürdü. Bütün bu səbəblərə görə, Şuşadan cəmi 10 gün sonra Laçın rayonunun da işğal edilməsi acı xəbərini almışdıq. Həmin tarixdən etibarən məcburi  köçkünə çevrilərək respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşan Laçın eli ötən 28 illik zaman kəsimində heç vaxt yurda qayıdış ümidlərini itirmədi, Laçına qovuşacaqları xoşbəxt günü böyük səbir və istəklə gözlədi. Bir gün mütləq bu arzularına çatacaqlarına əmin oldu. Laçınlıların ürəyində qayıdış inamını sönməyə qoymayan nəsnə isə heç şübhəsiz ali dövlət rəhbərinə olan tükənməz inam hissi idi.  24 dekabr 2011-ci ildə Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün salınan yeni yaşayış qəsəbəsinin açılışında iştirak etmişdi. 

Həmin zaman 50 illik yubileyiniTaxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd edən zaman ölkəmizin rəhbəri İlham Əliyev qətiyyətlə demişdi:  "Bu, müvəqqəti yaşayış məntəqəsidir. Torpaqlarımız işğalçılardan azad olunandan sonra bütün köçkünlər üçün Laçında, Kəlbəcərdə, Ağdamda, hələ işğal altında olan digər torpaqlarda bundan da gözəl evlər tikəcəyik. Mən buna şübhə etmirəm. Biz öz ərazi bütövlüyümüzü mütləq bərpa edəcəyik. Mən bu barədə fikirlərimi dəfələrlə bildirmişəm, bir daha demək istəyirəm ki, bu, sadəcə olaraq sözlər deyil, sadəcə olaraq bizim arzularımız deyil, bu, həqiqətdir". 


Böyük qayıdışın əsas ünvanlarından biri


Həmin tarixin üzərindən cəmi 9 il keçdikdən sonra - 1 dekabr 2020-ci ildə Qarabağın xilaskarı İlham Əliyev xalqımıza "Laçın bizimdir! Qarabağ bizimdir!" müjdəsini verdi. 

Vətən müharibəsində qazanılan parlaq qələbə nəticəsində Ermənistan kapitulyasiya aktına imza atdı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanan üçtərəfli Bəyanata müvafiq olaraq həmin il dekabrın 1-də Laçın rayonu azad edildi. 

Ölkəmizin üçtərəfli Bəyanatda nəzərdə tutulmuş yeni Laçın avtomobil yolunu vaxtından xeyli əvvəl istifadəyə verməsi ilə 26 avqust 2022-ci ildə Laçın şəhəri, Zabux və Sus kəndləri Ermənistan tərəfindən boşaldıldı. 

21 sentyabr 2022-ci ildə Azərbaycan bayrağını Laçında ucaldan Prezident İlham Əliyev dedi: "Fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!" 

23 aprel 2023-cü ildə isə ölkəmizin tarixində miqyas və əhəmiyyəti baxımından xalqımız üçün ölçüyəgəlməz olan növbəti əlamətdar hadisə yaşandı. Laçın sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycan bayrağı yüksəldildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü qətiyyətlə təmin edildi.

16 avqust 2021-ci ildə Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva ilə birgə Laçın rayonuna səfər etdi. Həmin gün Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması ilə bu füsunkar təbiətli rayonun quruculuğunun rəmzi mesajı verildi. Səfər zamanı ölkəmizin rəhbəri dedi ki, beləliklə, azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun, Qarabağın bərpası, insanların buraya, bu zonaya qaytarılması üçün yeni imkanlar açılacaq. 

Bu gün Laçın rayonunda genişmiqyaslı tikinti-qurculuq işləri görülür, yollar, tunellər çəkilir, infrastruktur qurulur, elektrik stansiyaları quraşdırılır. Hərtərəfli quruculuq həyata keçirilən Laçın rayonuna köç karvanları yola salınır. Artıq Laçın şəhərinə, həmçinin də Zabux, Sus və Bəylik kəndlərinə sakinlərinin qayıdışı həyata keçirilib. Belə ki, 591 ailə (2177 nəfər) Laçın şəhərində, 217 ailə (823 nəfər) Zabux kəndində, 59 ailə (215 nəfər) Sus kəndində, 89 ailə (363 nəfər) Bəylik kəndində məskunlaşıb.  İndi azad Laçın həm də beynəlxalq konfranslara evsahibliyi etməsi ilə diqqət çəkir. 

Bu il 28 May Müstəqillik Günündə Laçında qardaş ölkələr - Azərbaycan, Türkiyə və Pakistanın liderləri növbəti Zirvə görüşlərini keçirdilər. Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Laçından verdikləri həmrəylik və sülh mesajları dünyaya yayıldı. 

Bu il Müstəqillik Günündə həmçinin Laçın Beynəlxalq Hava Limanının açılışı da Azərbaycan və Türkiyə liderlərinin iştirakı ilə həyata keçirildi. 

Xatırladaq ki, MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə "MDB-nin mədəniyyət paytaxtı" elan olunub. 

İl ərzində Laçında 15-dən çoxşaxəli tədbir uğurla keçirilib ki, bunlar Qarabağ və Şərqi Zəngəzurun mədəni ruhunun özünə qaytarılmasını əks etdirir.

Laçının azadlığının, dirçəlişinin timsalında bütün bu yaşananlar Qarabağ zəfərinin xalqımıza, bütün keçmiş məcburi köçkünlərə bəxş etdiyi xoşbəxtliyin təzahürüdür. Necə ki, bu barədə 1 dekabr 2020-ci ildə - Laçın rayonunun bir güllə atılmadan, bir itki verilmədən azadlığına qovuşdurulduğu gün xalqa etdiyi müraciətində qalib lider İlham Əliyevin dediyi kimi: "...Bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi. Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik. Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan da böyük xoşbəxtlikdir".


 Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

İcma sədri: Ermənistan tərəfi cinayətlərə görə hüquqi məsuliyyət daşımaq istəmir  

10:01
05 Dekabr

Prezident: Ermənistandakı Azərbaycan mədəni irsinin bərpası və qorunması Azərbaycan xalqının legitim tələbidir  

10:00
05 Dekabr

İlham Əliyev: Ermənistan tarixən Qərbi Azərbaycanda yaşamış azərbaycanlıların zəngin maddi və qeyri-maddi mədəni irsini zaman-zaman məhv etmişdir  

09:59
05 Dekabr

Əziz Ələkbərov: Qayıdış hüququ ilə bağlı beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplərin həyata keçirilməsini tələb edirik  

09:59
05 Dekabr

“Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda III beynəlxalq konfransın iştirakçılarına  

09:58
05 Dekabr

Azərbaycan nüfuzlu reytinqdə Mərkəz Asiya üzrə “Ən böyük qlobal irəliləyiş” mükafatına layiq görülüb  

09:57
05 Dekabr

Lökbatanda baş vermiş yanğınla bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır  

09:54
05 Dekabr

ABŞ Sakit okeanda narkotik ticarəti ilə məşğul olan gəmiyə zərbə endirib  

09:52
05 Dekabr

Tramp: Düşünürəm ki, əvvəl-axır Rusiya-Ukrayna müharibəsinin həllinə nail olacağıq  

09:51
05 Dekabr

Azərbaycan süvariləri BƏƏ-də milli bayramı münasibətilə keçirilən tədbirdə çıxış ediblər  

09:49
05 Dekabr

Ceyhun Bayramov gürcüstanlı həmkarına Vaşinqton sammitindən sonra sülh prosesi ilə bağlı məlumat verib  

09:48
05 Dekabr

Azərbaycanla İrlandiya arasında regional və beynəlxalq gündəlikdə duran məsələlər nəzərdən keçirilib  

09:47
05 Dekabr

Ceyhun Bayramovla ATƏT-in Baş katibi arasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edilib  

09:45
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!