Azərbaycanla sərhəddə yerləşən Türkiyənin İğdır vilayətində “Xarıbülbül” dekorativ-tətbiqi sənət və əl işləri sərgi-yarmarkası keçirilir.
AZƏRTAC xəbər verir ki, İğdır valiliyinin dəstəyi ilə keçirilən ikigünlük sərginin əsas mövzusu Qarabağın rəmzi olan xarıbülbül çiçəyidir.
Şərq vilayətinin sakinləri və qonaqlarına İğdır Xalq Təhsil Mərkəzinin ustalarının hazırladığı geniş çeşiddə əl işləri təqdim olunur. Bunların arasında kuklalardan tutmuş, yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyan xarıbülbül təsvirli broşlar, breloklar, maqnitlər, çantalar, şərflər və zərgərlik məmulatlarınadək müxtəlif məhsullar yer alır.
Təşəbbüsün məqsədi İğdırda ənənəvi sənətkarlıq növlərini qoruyub saxlamaqla yanaşı, xarıbülbülü Türkiyə və Azərbaycanın ortaq mədəni dəyərinə çevirməkdir.
İkigünlük sərgi-yarmarkanın açılışında İğdır valisi Mustafa Fırat Taşolan və onun vilayətin Xalq Təhsil Mərkəzinin fəaliyyətinə rəhbərlik edən həyat yoldaşı Didem Taşolan iştirak ediblər.
Anadoluda məşhur olan, üzərində xarıbülbül çiçəyinin tikmələri olan milli geyimlərlə bəzədilmiş “İğdır kuklaları” ziyarətçilərin xüsusi marağına səbəb olub.
Sərgini ziyarət edənlər arasında Naxçıvan Muxtar Respublikasının çoxsaylı sakinləri də olub.
İğdır Mədəniyyət və Turizm İdarəsinin direktor müavini Zehra Arat xarıbülbülü “azadlıq və Vətən sevgisi rəmzi” adlandırıb. “44 günlük Vətən müharibəsindəki Qələbədən sonra xarıbülbül çiçəyi Türkiyə sakinləri üçün də mühüm rəmzə çevrildi. Bu çiçəyin görünüşü bizə şəhidlərin qəhrəmanlığını xatırladır, Qələbə sevincini yenidən yaşadır. Xarıbülbül mənim üçün vətənpərvərliyin, gücün və müstəqilliyin rəmzidir və İğdır sakinlərinin mədəniyyətinin bir hissəsinə çevrilib”, - deyə o söyləyib.
Sərginin təşkilatçıları “Bir millət, iki dövlət” ifadəsinin işığında Türkiyədə Azərbaycan mədəniyyətinin daha da geniş təbliğinin əhəmiyyətini vurğulayıblar.