Şavkat MİRZİYOYEV: "Özbəkistan və Azərbaycan arasında əməkdaşlıq artıq ikitərəfli gündəlik çərçivəsindən xeyli kənara çıxıb"
Azərbaycanla Özbəkistan arasında diplomatik əlaqələr 31 illik tarixə malik olsa da, qardaş xalqlarımızın əsrlərdən-əsrlərə və nəsillərdən-nəsillərə keçən birlik, həmrəylik, qarşılıqlı hörmət və dəstək ənənələri var. Azərbaycan-Özbəkistan hərtərəfli əlaqələrinin getdikcə inkişafında bu, bir növ zəmin rolu oynayır. Başqa bir vacib amil də bu iki ölkənin başçılarının dost, qarşılıqlı hörmət, inam və etimad münasibətləridir.
Bu mənada Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri də mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının dost və qardaş ölkəyə budəfəki səfəri də əlamətdar hadisə və görüşlərlə yadda qaldı.
Bu gün Azərbaycan da, Özbəkistan da təkcə regionda deyil, həm də beynəlxalq aləmdə böyük nüfuz və etimad qazanmış ölkələrdir. Təsadüfi deyil ki, Azərbaycan-Özbəkistan dövlətlərarası münasibətləri ötən dövr ərzində dinamik inkişaf edərək ali səviyyəyə - müttəfiqlik pilləsinə yüksəlib. İki il əvvəl imzalanan müqavilə iki müstəqil, güclü, suveren dövlət arasında təbii müttəfiqliyi rəsmiləşdirən və əbədiləşdirən mühüm tarixi sənəddir. Bu dəfə də müxtəlif sahələri əhatə edən bir sıra sənədlər imzalandı. Xüsusilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin imzaladıqları "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə" mühüm əhəmiyyət kəsb edir.
Bunlar bir daha təsdiqləyir ki, Azərbaycan-Özbəkistan əlaqələri çoxşaxəli əməkdaşlıq gündəliyinə malikdir. Ölkələrimizin siyasi, iqtisadi, ticari, sənaye, enerji, nəqliyyat-logistika, təhlükəsizlik, investisiya, kənd təsərrüfatı, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı gündən-günə genişlənir və yeni məzmunla zənginləşir. İkitərəfli əməkdaşlıq zəminində qısa müddət ərzində əldə edilən misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına, regionumuzda əməkdaşlığa, ümumi firavanlığa və sabitliyə töhfə verir.
Azərbaycanla Özbəkistan arasında iqtisadi-ticari əməkdaşlığın son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirməsi özünü ticarət dövriyyəsinin keçən il əvvəlki illə müqayisədə üç dəfədən çox artmasında və 795 milyon dollara çatmasında göstərib. Bu ilin yanvar-may aylarında isə ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollar olub.
Üç il əvvəl 500 milyon dollar məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti iki ölkə arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə dəstək verir.
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində enerji əməkdaşlığının özünəməxsus yeri var. İki ölkənin neftçilərini möhkəm dostluq telləri bağlayır. "Özbəkneft"in hər il paytaxtımızda keçirilən ənənəvi Bakı Enerji Həftəsində iştirakı da bunu təsdiqləyir. Prezident İlham Əliyev Daşkənddə mətbuata verdiyi bəyanatda bu mövzuya da toxunaraq demişdir: "Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələrə başlayarkən belə, bu layihələrin sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu nümayiş etdirmək üçün kifayətdir. Bəli, mən hələ bankçılıq sahəsindəki əməkdaşlığımızı, aparıcı Azərbaycan bankının Özbəkistan bazarına və SOCAR-ın Özbəkistanın pərakəndə satış bazarına daxil olmasını xatırlatmağı unutmuşam. Neft və qaz kəşfiyyatı ilə bağlı layihələrdə isə biz artıq prinsipcə son mərhələdəyik və gələn il istismar quyularının qazılmasına başlamağa çox ümid edirik. Ümidvaram ki, bundan sonra kəşfiyyat-qazma və kəşfiyyat işləri yaxşı nəticələr verəcək".
Qeyd edək ki, hazırda beynəlxalq gündəmdə maraq doğuran məsələlərdən biri də Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın yaradacağı "yaşıl dəhliz"dir. Belə ki, 2024-cü il noyabrın 13-də COP29 çərçivəsində bu üç ölkənin dövlət başçısı "Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalayıb. 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanmasını da xatırladaq. Bu sazişə əsasən, Qara dənizin dibi ilə "yaşıl enerji" kabeli çəkiləcək. Bir sözlə, Mərkəzi Asiya, Qafqaz, Avropa, Xəzər və Qara dəniz vahid enerji dəhlizi ilə birləşdiriləcək.
Xəzərin dibi ilə Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın birlikdə yaradacağı "yaşıl dəhliz" üçün bu ölkələrin hər birinin böyük potensialı var. Azərbaycanın "yaşıl gündəliy"i artıq bütün dünyaya bəllidir. 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında ən azı 6 qiqavatlıq "yaşıl enerji" - günəş, külək və su-elektrik enerjisi istehsal olunacaq.
Özbəkistanda da bu istiqamətdə genişmiqyaslı işlər aparılır, "yaşıl enerji"nin inkişafı üçün böyük proqram qəbul edilib. 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 40 faizə çatdırılması, həmçinin 4,2 qiqavatlıq enerjisaxlama sistemlərinin yaradılması planlaşdırılıb.
Prezident İlham Əliyev dövlət səfəri ərəfəsində Özbəkistan Milli İnformasiya Agentliyinə verdiyi müsahibəsində bu istiqamətdə əməkdaşlıqdakı yenilikləri də diqqətə çatdırıb: "Yaşıl enerji" sahəsində əməkdaşlığımız da davam edir. 2025-ci ildə Azərbaycan, Qazaxıstan və Özbəkistanın müvafiq energetika idarələri tərəfindən Bakıda "Yaşıl Dəhliz Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub. Bu birgə müəssisə Azərbaycan-Mərkəzi Asiya "yaşıl enerji" dəhlizi layihəsinin həyata keçirilməsini, bərpaolunan enerji ixracını və onun Xəzər dənizinin dibi ilə nəqli imkanlarını əlaqələndirmək məqsədilə yaradılıb".
Flora SADIQLI,
"Azərbaycan"