Anam mənim, səninlə danışmağa, söhbətləşməyə o qədər ehtiyacım var ki! Olanlara sənin həmişə dediyin bir kəlmə sözün məlhəm olardı. "Darıxma, hər şey yaxşı olacaq. İrəlidə səni hələ gözəl günlər gözləyir". Ana, xəbərin varmı o günlər tükənmək üzrədir? Amma sənin təskinliyinə hələ də ehtiyacım var.
İndi mən səni torpağa tapşırdığımız vaxtdakı yaşından fərqliyəm. Ağır da olsa, indi mən səndən yaşlıyam. Ana, bilmirəm niyə tələsdin?
Məni qınamasan həmişə ürəyimdə fikirləşdiyimi dilimə gətirəcəm. Sən torpaqlarımızın işğalını görmədin. Qaçqınlığın acı həqiqətini dadmadın. O sevdiyin evin bir gün nişanə üçün belə bir daşının qalmadığının nisgilini yaşamadın. Bəlkə də dözməzdin bu fəlakətə, bu ayrılığa.
Anam mənim, uyuduğun, tamamilə dağıdılmış qəbiristanlığa gedib çıxa bilmirəm. Səni orada da tapmayacağımdan çox qorxuram. Əgər məzarını tapmasam məndən inciməzsən ki? Axı o boyda qəbiristanlıqda cəmi bir-iki köhnə məzar daşı qalıb deyirlər. Hələ mina qorxusu var. Odur ki, dözmək gərəkdir.
Anam mənim, ruhun şad olsun. Torpaqlarımız işğaldan azad olunub. Daha Dağlıq Qarabağ adında yer yoxdur. Sənin çox sevdiyin, yağının darmadağın etdiyi və buna görə də "Qafqazın Xirosiması" deyilən Ağdam indi başdan-başa yenidən qurulur. Dünyanın ən abad, gözəl şəhəri olacaq. Təkcə geri dönməyən sənli günlərim, itmiş xatirələrimdir.
Anam mənim, bağışla ki, 37 ildə ilk dəfə bu il sənin bu dünyaya vida etdiyin günü unutdum. Sənin gənc qoyub getdiyin mən balan artıq yaşa dolub. Və nə yazıq ki, yaşın gətirdiyi o çətinlikləri yaşamaq məcburiyyətindədir.
Mənim yorğun anam, atasız böyütdüyün dörd övladına təhsil verdin, ev-eşik elədin. Amma əlimiz çörəyə çatanda sən yox idin. Bax nisgillərin ən böyüyü budur. Müdrik anam, yadındadırmı ailəmizin ən kiçiyi olan qardaşımla bağlı bir fikri bizə təlqin etmişdin. Böyük bacım və qardaşım olduğu halda dedin ki, o sizin dədənizdir. Onda uşaq ağlım ilə bu sözləri qavramağa çətinlik çəkmişdim. Bəlkə də bir az qısqanmışdım. Yeri gəlmişkən, sonbeşiyin o vaxt bu imtiyazdan yetəri qədər sui-istifadə edirdi. Bu gün isə sənin nə qədər uzaqgörən olduğun təsdiqini tapdı. (Allah böyük bacı-qardaşıma qəni-qəni rəhmət eləsin). Kiçik qardaşım həqiqətən də hamımıza dədə əvəzi oldu.
Anam mənim, uşaq vaxtı dünyanı belə ədalətsiz bilmirdim. Mənə elə gəlirdi ki, sən də əbədisən, ölə bilməzsən. Bəzən bizə tutduğun iradlar xoşumuza gəlməsə də, etiraz etməzdik. Amma xasiyyətin sərt olduğu üçün dilimizə gətirməzdik. Çox tələbkar idin. Çünki həm ata əvəzi, həm ana kimi iki ağır yük daşıyırdın. Əziyyətin böyük idi. Yorulsan da, dilinə gətirməzdin. Yəqin ki, bunu bizə nisgil olmasın deyə belə edirdin. Bunu mən ana olandan sonra anladım.
Anam mənim, indi sən gördüyün dünya da dəyişib. Dəyişməyən ana sevgisi, ana məhəbbətidir. Yəqin ki, bu heç zaman dəyişməyəcək də. İndi sən məndən yaşca kiçiksən. Lakin sənə elə ehtiyacım var ki. Heç olmasa yuxularıma gəl, dərdləşək. Düşünürəm ki, sənin yuxuda da olsa söyləyə biləcəklərin həyatıma yüngüllük gətirər.
Rəfiqə SADIQOVA,
yazıçı-jurnalist