Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə avqustun 21-27-də Qazaxıstan və Özbəkistanda tanıtım xarakterli silsilə tədbirlər təşkil olunub.
“Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 8 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə reallaşan proqram Çimkənd, Almatı, Astana və Daşkənd şəhərlərini əhatə edib.
Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, Qazaxıstan və Özbəkistanda keçirilən tədbirlərdə ümumilikdə 400-dən çox turizm agentliyi, turoperator, aviaşirkət, hotel, media qurumu və turizm sənayesinin digər nümayəndələri iştirak edib. Tədbirlər çərçivəsində Azərbaycanın ilboyu zəngin turizm imkanları, turizm sahəsindəki son yeniliklər və müxtəlif turizm məhsulları barədə təqdimatlar nümayiş olunub.
Məlumatda bildirilib ki, iştirakçılara Xəzər dənizi sahilində istirahət, dağ-xizək mərkəzləri, sağlamlıq turizmi, qastronomiya, macəra və aktiv istirahət, mədəni turizm imkanları, eləcə də ölkənin müasir turizm infrastrukturu haqqında məlumat verilib.
Silsilə tədbirlər çərçivəsində keçirilən işgüzar görüşlər Qazaxıstan və Özbəkistanın turizm sənayesi nümayəndələri ilə azərbaycanlı tərəfdaşlar arasında əməkdaşlıq perspektivlərinin və birgə layihələrin həyata keçirilməsi imkanlarının müzakirəsi üçün platforma rolunu oynayıb.
Tədbirlər zamanı, həmçinin iştirakçılara Azərbaycanın zəngin mədəniyyəti, milli mətbəxi və ənənəvi rəqsləri təqdim olunub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz artaraq 62 min 79 nəfərə çatıb. Eyni dövrdə Özbəkistandan Azərbaycana səfər edənlərin sayı isə 40,2 faiz artaraq 42 min 288 nəfər təşkil edib.
Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”