Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın öz orduları haqqında formalaşdırdıqları məğlubedilməzlik mifi hələ 2016-cı ilin aprel döyüşləri ilə dağılmışdı. Daha sonra Ermənistan cəbhə xəttində qopmuş, dağılmış hissələri birləşdirməyə çalışmaqla “sındırılmış tabunu bərpa etməyə” çalışdı. Lakin Ermənistan ordusunun işğalçılıq doktrinasını yerinə yetirə bilməməsi 2020-ci il iyul ayındakı Tovuz döyüşlərində bir daha özünü göstərdi.
Ardınca isə vaxtilə Qarabağda və Ermənistanda xunta rejimi qurmuş Köçəryan-Sarkisyan ikilisinin əsasını qoyduğu ordu məğlubiyyəti bütün mənası ilə yaşadı. Azərbaycan Silahlı Qüvvələrinin sürətli əks-hücum əməliyyatları ilə torpaqların işğaldan azad olunması prosesi, keçilməz hesab olunan eşelonların tez bir zamanda yarılması Köçəryan-Sarkisyan ikilisi üçün ağır məğlubiyyət oldu.
Prezident İlham Əliyev hələ 2020-ci ilin noyabrında Füzuli şəhərində çıxışı zamanı bildirmişdi: “Biz Ermənistan Ordusunu çökdürdük. Eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik”.
Prezident İlham Əliyev sonrakı çıxışlarında da eyni mövqeni vurğulayıb.
Məhz Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş hərbi əməliyyatlar, o cümlədən 2023-cü ildəki antiterror tədbirləri regiondakı reallıqları dəyişdirdi. Antiterror əməliyyatları Köçəryan-Sarkisyan cütlüyünün “tabutuna” sonuncu mismarı vurmaqla onların və erməni ideologiyasının digər banilərinin regionda yaratdıqlarıı separatçılığı tamamilə məhv etdi.
Köçəryan və Sarkisyanın mühakiməsi
Regionda intonasiyaların dəyişməsi, işğal dövrünün praqmatik əməkdaşlıqla əvəzlənməsi bir yandan da Ermənistan ictimai-siyasi və intellektual mühitində transformasiya yaradır.
Ermənistanda avqustun 25-də başlanan istintaq hərəkətlərinin nəticəsi olaraq:
- Keçmiş prezident Robert Köçəryanın həbsinə qərar verilməsi,
- Serj Sarkisyanın ölkədən çıxışına qadağa qoyulması qeyd olunan məntiqin bir hissəsi kimi görünür.
Qeyd edək ki, keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın rəhbərlikləri dövrlərinə dair ciddi maliyyə mənimsəmələri və hakimiyyətin güc yolu ilə qorunması ittihamları hüquqi səviyyədə qiymətləndirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müdrikliyi, qətiyyəti və əzmi ilə regionda formalaşmış yeni reallıqların və bir neçə il əvvəl verdiyi bəyanatların fonunda xüsusilə diqqət çəkir. Başqa sözlə, Köçəryanla Sarkisyana qarşı başlanmış cinayət təqibləri Prezident İlham Əliyevin irəli sürdüyü proqnozlara uyğundur.
Baş verənlər hələ Köçəryanla Sarkisyanın Azərbaycana qarşı cinayətlərdə iştiraklarının birbaşa hüquqi cəzası deyil, lakin ayrı-ayrı epizodlar bir gün onların da mühakiməsinə dair güclü təəssürat yaradır. Azərbaycan məhkəmələrində erməni separatçıların mühakimə olunma faktı ilə həmin məqam birləşdiriləndə həmin ehtimal güclənir.
Bundan əvvəl Prezident İlham Əliyev dəfələrlə Robert Köçəryan və Serj Sarkisyanı cinayətkar, xunta rejiminin təmsilçiləri, Azərbaycana qarşı cinayətlərin müəllif və iştirakçıları kimi xarakterizə edib.
Prezident İlham Əliyev hələ 44 günlük Vətən müharibəsinin gedişində, oktyabrın 17-də xalqa müraciətində demişdi: “Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək. Biz isə haqq yolundayıq, ədalət yolundayıq. Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!”.
Dövlətimizin başçısı bir neçə gün sonra - oktyabrın 26-da xalqa müraciətində analoji fikri daha da qüvvətləndirərək Köçəryan-Sarkisyan cütlüyünün Qarabağda yaşayan insanların qanını içdiklərini bildirib.
Bu gün Köçəryanla Sarkisyanın müttəhim kürsüsünə çıxarılması erməni xalqının keçmiş xuntaçılara verdiyi cəza kimi qiymətləndirilə bilər. Bu, dövlətimizin başçısının regional, qlobal hadisələri güclü strateji zəkası hesabına əvvəlcədən necə dəqiqliklə qiymətləndirməsinin bariz nümunəsidir.
Köçəryan-Sarkisyan “birliyi”nin cinayətlərdən motivasiya alaraq hakimiyyətə gəlməsi və iqtidarlarını güc tətbiq etməklə qorumaqları barədə Prezident İlham Əliyevin digər çıxışları da olub. Bu, dövlətimizin başçısının Ermənistan xalqına verdiyi mesajın mahiyyətini anlamağa kömək edir. Prezident İlham Əliyevin həmin məzmundakı bəyanatları olduqca mühüm mesaj kimi Ermənistan xalqının, erməni cəmiyyətinin qarşısında çağırış kimi dayanırdı.
Dövlətimizin başçısı bununla aşağıdakı fikirləri kateqoriyalaşdıraraq diqqətə çatdırırdı:
- Robert Köçəryan və Serj Sarkisyan Ermənistanda cinayətlərin yaratdığı eyforiya ilə hakimiyyətə gəliblər. Bu, Qarabağ münaqişəsi zamanından azərbaycanlılara qarşı törədilən cinayətlərdən tutmuş, Ermənistan daxilindəki repressiyalara qədər olan rakursu əhatə edir;
- Güc və korrupsiya üzərində qurulan Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti Ermənistan xalqının maraqlarını və iradəsini təmsil etməyib. Bu, Prezident İlham Əliyevin Köçəryan-Sarkisyan tandeminin erməni xalqını girovda saxlaması haqqında bəyanatları ilə tam uyğundur;
- Qarabağ klanı kimi tanınan siyasətçilərin Ermənistan xalqı üzərində legitimliyi olmayıb. Bu, onların keçmişdəki əməllərinə dair daha geniş materialların ictimailəşməsinə gətirib çıxara bilər.
Müdriklik və uzaqgörənliyin regional təsirləri
Prezident İlham Əliyevin strateji uzaqgörənliyinin regional təsirləri Azərbaycanın liderliyi ilə formalaşan sülh gündəliyinin məntiqi ilə tam səsləşir. Digər tərəfdən Ermənistanın daxildə cilalanmaya məruz qalması hüquqi məsuliyyətin ölçü vahidlərini də böyüdə bilər.
Qarabağ klanının liderlərinin legitimliklərinə dair düşüncələrin iflası illərlə erməni cəmiyyətinə aşılanan ideologiyanın dağılmasını əsaslandıracaq gedişatdır. Prezident İlham Əliyevin illər öncə səsləndirdiyi fikirlər və apardığı qətiyyətli siyasətə maneə yaratmağa çalışan keçmiş xuntaçılar bu gün tarixi ədalətin zərbəsi altındadırlar.
Regionda inkişafın təmin olunması, kommunikasiyaların açılması və təhlükəsizlik mühitinin yaranması yeni yanaşmalar tələb edir. Gələcək qarşıdurma və işğal üzərində deyil, beynəlxalq hüququn normaları və qarşılıqlı hörmət üzərində qurulmalıdır. Köçəryan-Sarkisyan rejiminin siyasi səhnədən tədricən silinməsi isə regionun sağlam gələcəyə doğru irəliləməsinin mühüm mərhələsi kimi dəyərləndirilə bilər.