13 Avqust 2026 08:00
17432
SİYASƏT
A- A+
Hərbi zəfərdən geoiqtisadi üstünlüyə

Hərbi zəfərdən geoiqtisadi üstünlüyə


Muxtar respublika müasir nəqliyyat-logistika infrastrukturunun qurulması ilə regional iqtisadiyyatın mərkəzi ünvanına çevrilir


Cənubi Qafqazın hərb və diplomatiya xəritəsini yenidən cızan 44 günlük Vətən müharibəsi işğala son qoymaqla yanaşı, həm də illərdir təcrid şəraitində qalan Naxçıvan Muxtar Respublikasının geosiyasi taleyində əsaslı dönüş yaratdı. Tarixi sınaqlardan, uzunmüddətli blokadanın çətinliklərindən məğrur çıxan bu qədim türk yurdu, məhz Prezident İlham Əliyevin yaratdığı yeni reallıqlar sayəsində indi Avrasiyanın ən mühüm geoiqtisadi qovşaqlarından birinə çevrilir. Döyüş meydanında qazanılan zəfər, diplomatiya masasında Zəngəzur dəhlizi (TRIPP) layihəsi kimi transmilli təşəbbüslərlə möhkəmləndirilərək Naxçıvanın tarixi missiyasını bərpa edir.


İqtisadi maraqların kəsişdiyi mərkəz


Naxçıvanın strateji əhəmiyyəti onun coğrafi yerləşməsindən və tarixi rolundan qaynaqlanır. Türkiyə, İran və Ermənistan kimi üç fərqli dövlətlə həmsərhəd olan bu məkan, əsrlər boyu Avropa ilə Asiyanı birləşdirən qədim İpək yolunun strateji qapısı olub. Ancaq zamanın hərbi-siyasi burulğanlarında ana torpaqdan ayrı düşməsinə və dəhlizlərin qapanmasına baxmayaraq, Naxçıvan öz coğrafi çəkisini heç vaxt itirməyib. Bu gün isə həmin coğrafi üstünlük müasir nəqliyyat-logistika infrastrukturunun qurulması ilə yenidən qlobal iqtisadiyyatın mərkəzi ünvanına çevrilir. 200 milyonluq böyük bir regional bazara birbaşa çıxış imkanı əldə edən muxtar respublika, regional güclərin və qlobal aktorların iqtisadi maraqlarının kəsişdiyi mərkəz statusunu qazanır. 

Avqustun 11-də Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində də vurğuladı ki, döyüş meydanında əldə edilən nəticələr diplomatik masada öz təsbitini tapdı: "Bildiyiniz kimi, Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz idi. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz idi. Biz bu məqsədə doğru inamla və məharətlə irəlilədik və artıq ona yaxınlaşmışıq".

Gerçəklikdir ki, Zəngəzur dəhlizinin açılması təkcə nəqliyyat məsələsi deyil, həm də tarixi ədalətin və təhlükəsizliyin bərpası anlamına gəlir. Dəmir yolları, logistika mərkəzləri və transmilli iqtisadi layihələr vasitəsilə təmin edilən bu yeni reallıq Naxçıvanı dünyaya geoiqtisadi baxımdan əvəzolunmaz məkan kimi qəbul etdirir. Eyni zamanda bu hal bütün regionun gələcək sabitliyi və rifahının etibarlı zəmanətinə çevrilir.

Bu isə Azərbaycan Prezidentinin həm müharibədə qələbə qazanan sərkərdə, həm də regiona uzunmüddətli sülh və iqtisadi inteqrasiya gətirən müdrik lider kimi adını tarixə yazdırmasının əyani təsdiqidir. 

Postmüharibə dövründə Ermənistanın öhdəliklərdən yayınmaq və prosesi ləngitmək cəhdlərinə baxmayaraq, Bakının sərgilədiyi qətiyyətli mövqeyi uğurlu nəticə verdi. 

Faktdır ki, İkinci Qarabağ müharibəsindən sonrakı beş il ərzində Zəngəzur dəhlizinin açılması üçün heç bir əməli addım atılmadı və məsələ ötən ilin avqust ayına qədər dondurulmuş vəziyyətdə qaldı. Lakin Azərbaycanın qətiyyətli siyasəti və ABŞ-nin vasitəçiliyi ilə 8 avqust 2025-ci ildə keçirilən tarixi Vaşinqton Zirvəsi bu ləngiməyə son qoydu. Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə bağlayacaq bu layihə Orta dəhlizin ən mühüm halqasına çevrilərək Avrasiya nəqliyyat şəbəkəsini yenidən formalaşdırır.

Vaşinqton Zirvəsində əldə olunmuş razılaşmalar və TRIPP layihəsinin təsdiqlənməsi döyüş meydanında qazanılan zəfərin diplomatik masada təsbit olunmasının parlaq sübutudur.

Prezident İlham Əliyevin cari ilin 8 avqustunda ABŞ Prezidenti Donald Trampla telefon söhbəti zamanı və ona ünvanladığı məktubda vurğuladıqları layihənin strateji çəkisini tam aydınlığı ilə gözlər önünə sərir: "TRIPP layihəsi Cənubi Qafqazda çoxtərəfli iqtisadi əməkdaşlığın, nəqliyyat bağlantılarının inkişafı və təhlükəsizliyin təminatı baxımından böyük əhəmiyyət kəsb edir".


Qlobal logistikanın yeni ünvanı


İndiyədək Mərkəzi Asiya və Xəzər hövzəsindən Avropaya doğru yönələn əsas yük axınları yalnız Gürcüstan üzərindən keçirdisə, Naxçıvan marşrutunun işə düşməsi ilə yüklərin daşınmasının böyük hissəsi bu yeni və daha qısa yola yönələcək. Naxçıvan eyni zamanda iki böyük transmilli dəhlizin - Orta dəhlizin və Şimal-Cənub dəhlizinin kəsişməsində yerləşir. Orta dəhliz  Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən qısa və effektiv dəmir yolu xəttidir. Şimal-Cənub dəhlizi isə Culfadan İrana, oradan qurulan xətlərlə Fars körfəzinə və Pakistana qədər uzanan strateji ticarət qoludur. 

Dövlətimizin başçısı müsahibəsində Naxçıvanın unikal nəqliyyat imkanlarını belə xarakterizə etdi: "Zəngəzur dəhlizinin açılışından sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq. Zəngəzur dəhlizindən Naxçıvana girişi olan dəmir yolu və Culfa dəmir yolu stansiyasından İrana dəmir yolu var. Bu layihə daha tez həyata keçirilə bilər. "Şimal-Cənub" nəqliyyat dəhlizi Fars körfəzinə yönəlib. Oradan, məsələn, bu bölgəyə yaxın olan Pakistana qədər uzana bilər. Bu, Naxçıvanın mərkəzində olduğu çox vacib bir nəqliyyat layihəsi olardı".

Naxçıvan dəmir yolunun yükdaşıma gücünü 1,5 milyon tondan 15 milyon tona çatdırmaq üçün 194 kilometrlik yeni xətt layihələndirilib. Azərbaycan bu nəhəng layihəni öz daxili maliyyə imkanları ilə yekunlaşdırmağa tam qadirdir, lakin beynəlxalq tərəfdaşlığa da imkan yaradır. 

"Naxçıvan Dəmir Yolunun bərpasına gəldikdə, prinsipcə beynəlxalq konsorsium yaradıla bilər. Əlbəttə ki, Azərbaycan dövlətinin nəzarət payı olduğu təqdirdə, beynəlxalq konsorsium investorlardan ibarət ola bilər və biz buna açığıq... ...Əgər kimsə bu layihədə iştirak etmək istəyirsə, vaxt itirməməli və mümkün qədər tez bizimlə danışıqlar aparmalıdır. Çünki bürokratik əngəllər və süründürməçilik bizim, Azərbaycan idarəetmə metodumuz deyil. Biz problemləri müəyyən edir, qərarlar qəbul edir və dərhal həyata keçirməyə başlayırıq", - deyə Prezident İlham Əliyev müsahibəsində qeyd edib. 

İkinci Qarabağ müharibəsi başa çatan kimi dövlətimiz Naxçıvana aparan yolların tikintisinə başlayıb və Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, tamamlanıb.

Göründüyü kimi, Asiyadan Avropaya gedən ticarət yollarının kəsişməsində yerləşən Naxçıvan, öz tarixi missiyasını müasir dövrün tələblərinə uyğun olaraq bərpa edir.

Avropa İttifaqının və digər qlobal oyunçuların Naxçıvan seqmentinə göstərdiyi diqqət, bölgənin yaxın gələcəkdə yalnız nəqliyyat deyil, həm də ciddi investisiya və sənaye mərkəzinə çevriləcəyini göstərir. Keçmişin blokada şəraitindəki Naxçıvanı bu gün Prerzident İlham Əliyevin uzaqgörən hərbi və diplomatik strategiyası sayəsində Avrasiya qitəsinin əvəzolunmaz nəqliyyat qovşağına çevrilir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Toy səbətinə günəş doğur - Nigeriyada qeyri-adi ənənə  

18:16
23 Oktyabr

Polyester parçaları karbon qazı vasitəsilə təkrar emal etməyin üsulu tapılıb  

17:59
23 Oktyabr

Diabet xəstələri üçün qandakı artıq qlükozanı parçalaya bilən implant hazırlanıb  

17:43
23 Oktyabr

"Çampi" tayfunu nəticəsində yüzlərlə uçuş ləğv olunub  

17:39
23 Oktyabr

Çilidə uzunluğu 5 metrə yaxın olan siyənək kralı aşkarlanıb  

17:23
23 Oktyabr

Rumıniya mətbuatı: Trans-Xəzər dəhlizində yükdaşımalar 30 faiz artıb, Azərbaycan və Qazaxıstan donanmalarını genişləndirirlər

17:03
23 Oktyabr

"SOCGOV 2026" çərçivəsində tematik qrupların müzakirə nəticələri əsasında Yekun Bəyanat qəbul olunub

17:00
23 Oktyabr

Premyer Liqa: “Qəbələ” “Araz-Naxçıvan”a qalib gəlib  

16:58
23 Oktyabr

İrəvanın vaxt oyunu və qeyri-müəyyənliyi

16:52
23 Oktyabr

Fransada silahlı hücum baş verib, ölən və yaralananlar var  

16:31
23 Oktyabr

Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti növbəti iki gün də davam edəcək – XƏBƏRDARLIQ  

16:09
23 Oktyabr

Fövqəladə hallar naziri Qaxda vətəndaş müraciətlərini dinləyib  

16:01
23 Oktyabr

“Azəriqaz”ın baş direktoru Ağcabədi rayonunda vətəndaşlarla görüşüb  

15:57
23 Oktyabr

Rusiyadan ABŞ-yə ilk dizel yanacağı tankeri yola salınıb

15:48
23 Oktyabr

YAP-ın İnformasiya Texnologiyaları İnstitutu üzrə ərazi partiya təşkilatının iclası olub  

15:37
23 Oktyabr

Kreml: Rusiya-ABŞ-Ukrayna üçtərəfli danışıqları Əbu-Dabidə keçiriləcək  

15:25
23 Oktyabr

Ukrayna qoşunları Rusiya ordusunun bir neçə obyektinə zərbələr endirib  

15:17
23 Oktyabr

MSK-nın nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək  

15:15
23 Oktyabr

“SOCGOV 2026” - Sosial xidmətlərin gələcəyi bu gün Xankəndidə müzakirə olunur

15:10
23 Oktyabr

Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib  

15:07
23 Oktyabr

“SOCGOV 2026” beynəlxalq forumu çərçivəsində ikitərəfli görüşlər olub

15:04
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!