"Şəhərsalma və Memarlıq İli" çərçivəsində paytaxtımızın hər bir tarixi binası özünəməxsus ehtişamı ilə yenidən gündəmə gəlir. Həmin möhtəşəm abidələr sırasında şəhərsalma tariximizin ən parlaq səhifələrindən birini təşkil edən, Bakının qədim mərkəzində ucalan Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası xüsusi yer tutur. Bu gün respublikamızın baş musiqi məbədi həm şəhərsalma irsi, həm də rəsmi fəaliyyətinin 90 illik yubileyi fonunda özünün qızıl dövrünü yaşayır.
Monte-Karlodan Bakıya uzanan memarlıq körpüsü
İçərişəhər divarlarının ətəyində, Niyazi və İstiqlaliyyət küçələrinin kəsişməsində yerləşən bu gözəl binanın inşası şəhərimizin memarlıq simasını kökündən dəyişmişdir. 1910-1912-ci illərdə polyak mənşəli tanınmış mülki mühəndis Qavriil Ter-Mikelovun layihəsi əsasında tikilən bina italyan renessansı və rokoko üslublarının mükəmməl sintezidir. Müəllifin məşhur Monte-Karlo əyləncə klubunun (kazino) memarlıq motivlərindən ilhamlanaraq ərsəyə gətirdiyi bu layihə Bakının relyefinə və iqliminə uyğunlaşdırılmışdır. Bina ilk olaraq Bakı milyonçularının və şəhər elitasının asudə vaxtını səmərəli keçirməsi üçün "İctimai toplantıların yay binası" (yay klubu) kimi istifadəyə verilmişdir. Binanın unikal yay və qış zalları, xüsusilə də dəniz mehini və akustikanı tənzimləyən mühəndis həlli onu dünyasəviyyəli memarlıq nümunəsinə çevirmişdir.
Deyilənə görə, binanın inşası zamanı Bakı neft sənayesinin atası və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev memarın qarşısında çox kəskin və maraqlı bir şərt qoyur: səs və akustika şərti. Tağıyev layihə ilə tanış olarkən binanın həm qapalı, həm də açıq (yay) zallarının olacağını görür. O, memara deyir: "Bina elə tikilməlidir ki, mən İçərişəhərdəki evimin pəncərəsini açanda və ya eyvanda oturanda filarmoniyanın yay zalında çalınan musiqini, oxunan mahnını aydın eşidə bilim". Memar Ter-Mikelov bu şərti yerinə yetirmək üçün tikilinin yay zalını dəniz tərəfə baxan xüsusi amfiteatr formasında layihələndirir. Binanın arxasındakı İçərişəhər divarları isə təbii bir rezonator (səsgücləndirici) rolu oynayır. Nəticədə səs dalğaları şəhərin yuxarı hissələrinə, o cümlədən Tağıyevin mülkünə qədər maneəsiz və təmiz şəkildə çatır.
Binanın memarlıq və heykəltaraşlıq sintezi
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının binası bədii memarlıq üslubu, daxili planı və mühəndislik həlləri baxımından şəhərsalma tariximizin ən mükəmməl tikililərindən biridir. Bina italyan renessansı (Palladianizm) və fransız rokoko üslublarının parlaq sintezidir. Memar tikilinin xarici eksteryerində Fransa rivyerasındakı məşhur Monte-Karlo kazinosunun memarlıq elementlərindən və teras formalarından ilhamlanmışdır. Tikili dağlıq relyefdə, terraslı şəkildə yerləşir və bu, binanın fasadına xüsusi bir əzəmət və vizual dərinlik qazandırır. Binanın daxili hissəsində zəngin suvaq gips bəzəkləri, qızılı işləmələr və korinf orderli sütunlar üstünlük təşkil edir. Əsas konsert zalı təxminən 1100 nəfərlik tamaşaçı tutumuna malikdir. Zalın tavan, divar və lojalarının daxili quruluşu elə hesablanmışdır ki, səhnədəki ən zəif səs belə zalın ən uzaq nöqtəsinə təbii şəkildə çatır.
Binanın dəniz tərəfə baxan fasadında xüsusi olaraq açıq havada konsertlər keçirmək üçün yay zalı inşa edilmişdir. Bu hissə qədim yunan və Roma amfiteatrları üslubundadır. Oturacaqlar yarımçevrə şəklində pilləli düzülmüşdür. Yay zalının arxasında yerləşən qədim İçərişəhər qala divarları səs dalğalarını geri qaytararaq açıq havada unikal bir akustik effekt yaradır.
Binanın memarlıq və heykəltaraşlıq sintezi onun hər bir detalında özünü büruzə verir. Fasadın heykəltaraşlıq plastikasına gəldikdə binanın xarici görünüşü zərif barelyeflər, bədii oyma naxışlar və klassik heykəltaraşlıq formaları ilə zəngindir. Pəncərə tağlarının üzərindəki qadın büstləri (maskaronlar) və relyefli gips ornamentlər binaya klassik Avropa saraylarının əzəmətini bəxş edir.
Fasadın əsas kompozisiyasını bəzəyən antik memarlıq elementləri, eyvan və lojaları saxlayan dekorativ sütunlar relyefli heykəltaraşlıq işçiliyi ilə işlənmişdir. Binanın mərkəzi hissəsini qapayan sferik gümbəz, kənarlarda ucalan və zərif relyefli vazalarla tamamlanan iki möhtəşəm qüllə (rotonda) Bakının ümumi şəhərsalma panoramasında ritmik bir heykəltaraşlıq silueti yaradır. Əgər binanın xarici divarları italyan intibahının monumental heykəltaraşlıq qaydalarına ciddi tabedirsə, daxili konsert zalı tamamilə fərqli bir ab-havadadır. Rokoko üslubunun qızılı işləmələri, dəniz balıqqulağı (rokayl) motivli relyefləri və divarlardakı lirik bədii suvaq (ştuk) sənəti daxili məkana vizual musiqi ritmi bəxş edir. "Şəhərsalma və Memarlıq İli"ndə bu binanın hər bir relyefi və cizgisi Bakının əsrlər boyu müxtəlif mədəniyyətlərin incilərini özündə necə ustalıqla sintez etdiyinin əyani sübutudur.
1936-cı ildən başlayan salnamə
1920-ci ilə qədər bura Bakı neft sənayeçilərinin toplaşdığı lüks bir məkan olmuşdur. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra pərakəndə fəaliyyət göstərən müxtəlif ansambllar, orkestrlər və xalq musiqiçiləri bu binada cəmləşmişdilər. Ona görə də SSRİ-nin digər respublikalarında olduğu kimi, Azərbaycanda da vahid musiqi mərkəzinin yaradılması zərurəti yaranmışdı və 1936-cı ilin mayında Dövlət Filarmoniyası rəsmi olaraq fəaliyyətə başlamışdı. 11 avqust 1937-ci ildə Xalq Komissarları Sovetinin qərarı ilə filarmoniyaya görkəmli bəstəkar, Azərbaycan klassik musiqisinin banilərindən biri olan Müslüm Maqomayevin adı verilmişdir.
Filarmoniyanın formalaşmasında Üzeyir bəy Hacıbəyli, Soltan Hacıbəyov, Niyazi və Bülbül kimi nəhəng sənətkarların əvəzsiz xidmətləri olmuş, ilk milli orkestr və xor kollektivləri məhz burada yaradılmışdır.
1941-1945-ci illər müharibəsi dövründə Bakı filarmoniyası cəbhə arxasında döyüşçülərin və xalqın mənəvi ruhunu ucaldan ən mühüm ideoloji təbliğatçılardan birinə çevrilmişdir. Müharibənin ilk günlərindən etibarən filarmoniyanın rəhbərliyi (başda Üzeyir bəy Hacıbəyli olmaqla) xüsusi "Cəbhə konsert briqadaları" yaratmışdı. Artistlər, xanəndələr və musiqiçilər birbaşa ön cəbhəyə, hospitallara gedərək əsgərlər üçün ruhlandırıcı konsertlər verirdilər. Müalicə mərkəzlərində hər gün musiqi proqramları təşkil olunurdu. Bu, yaralıların reabilitasiyasında böyük rol oynayırdı. Həmin illərdə xalqı qələbəyə səsləyən bir çox vətənpərvərlik mahnısı, marş və simfonik əsər (məsələn, Qara Qarayev və Cövdət Hacıyevin "Vətən" operası) məhz bu binanın səhnəsində ilk dəfə ifa olunaraq xalqın mənəvi gücünü artırırdı.
Filarmoniya 1936-cı ildə rəsmi dövlət statusu alaraq təsis edilərkən onun ilk milli kollektivlərinin (orkestr, xor və rəqs ansamblları) formalaşmasında bədii rəhbər qismində dahi bəstəkar Üzeyir bəy Hacıbəyli misilsiz rol oynamışdır. Bu musiqi məbədinə bəstəkar Soltan Hacıbəyov və rejissor Şəmsi Bədəlbəyli kimi nəhəng simalar direktorluq etmişlər.
Xalq artisti, görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Soltan Hacıbəyov filarmoniyaya uzun müddət - 1947-ci ildən 1962-ci ilədək rəhbərlik etmişdir. Onun rəhbərliyi dövründə filarmoniyanın tabeliyindəki musiqi kollektivləri tam peşəkar səviyyəyə yüksəlmişdir. O, klassik simfonik musiqi ilə yanaşı, xalq musiqiçilərinin və xanəndələrin də filarmoniya səhnəsində geniş təmsil olunmasını təmin etmiş, gənc bəstəkarların əsərlərinin ifasına xüsusi dəstək vermişdir.
Xalq artisti, görkəmli teatr rejissoru Şəmsi Bədəlbəyli filarmoniyaya rəhbərlik etdiyi qısa dövrdə konsertlərin bədii quruluşuna, səhnə tərtibatına və daxili nizam-intizama böyük yeniliklər gətirmişdir. Rejissor baxışı sayəsində filarmoniyanın xüsusilə "Yay zalı"ndakı kütləvi konsertlər bədii cəhətdən zənginləşmiş, musiqinin teatrallaşdırılmış elementlərlə sintezinə nail olunmuşdur.
SSRİ-nin son dövrlərində və müstəqilliyin ilk illərində filarmoniyanın idarəçiliyində müxtəlif tanınmış mədəniyyət xadimləri fəaliyyət göstərmişlər. Bu şəxslər binanın qəzalı vəziyyətdə olduğu 1990-cı illərin çətin iqtisadi və siyasi keçid dövründə musiqi kollektivlərinin dağılmasının qarşısını almış və yaradıcı heyəti qoruyub saxlamışlar. 1996-2004-cü illərdə binada dövlət səviyyəsində irimiqyaslı və əsaslı bərpa-təmir işləri aparılmışdır. 27 yanvar 2004-cü ildə bina müasir akustik avadanlıqlar və tarixi görkəmi qorunmaqla yenidən qapılarını sənətsevərlərin üzünə açmışdır. Xalq artisti Murad Adıgözəlzadə əsaslı təmirdən sonra fəaliyyətini bərpa edən filarmoniyanın idarəçiliyini öz üzərinə götürmüşdür. Onun dövründə filarmoniya beynəlxalq statuslu festivalların - Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalının, Bakı konsertlərinın baş mərkəzinə çevrilmişdir. O, həmçinin xarici ölkələrdən gələn dünyaşöhrətli simfonik və kamera orkestrlərinin proqramlarını təşkil edərək müasir idarəçilik sistemi qurmuşdur.
Bu möhtəşəm konsert təşkilatında 7 kollektiv fəaliyyət göstərir. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və bu kollektivin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Bakı Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Rəqs Ansamblı və Azərbaycan Dövlət Simli Kvarteti. M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası respublikanın aparıcı konsert təşkilatıdır. Filarmoniya klassik musiqinin təbliği və təşviqində müstəsna rol oynayır.
Bir faktı qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestri 1920-ci ildə Üzeyir bəy Hacıbəylinin təşəbbüsü ilə yaradılıb. Tez bir zamanda orkestr Qlinkanın, Çaykovskinin, Musorqskinin, Rimski-Korsakovun, Motsartın, Bethovenin, Şubertin, Berliozun, Mendelsonun, Vaqnerin, Listin və başqa bəstəkarların əsərlərini yüksək səviyyədə, peşəkarlıqla ifa etməyə başlayıb. Müxtəlif illərdə Dövlət Simfonik Orkestri ilə dirijorlardan M.Çernyaxovski, U.Qoldşteyn, A.Stolerman və başqaları işləmişlər.
Bu musiqi məbədi Azərbaycan mədəniyyətinin inkişafındakı yüksək xidmətlərinə görə sonradan "akademik" statusa layiq görülmüşdür. "Şəhərsalma və Memarlıq İli"ndə möhtəşəm bina həm də paytaxtın vizual simasının formalaşmasında ən uğurlu tarixi şəhərsalma nümunəsi kimi böyük rəğbət doğurur.
Zaman sürətlə axıb gedir, şəhərlər böyüyür, memarlıq trendləri dəyişir. Lakin Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 90 illik tarixi boyu dəyişməz qalan bir dəyərin rəmzi olaraq yaşayır: bu, milli ruhun və sənətə olan sonsuz sevginin simvoludur.
İradə ƏLİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"