Bizim üçün qaçqınlıq doğma yurda dönməyin sonsuz qüruru ilə əvəzlənib
Dünya Qaçqınlar Günü Azərbaycan cəmiyyəti üçün həm də 30 illik bir sızıltı, çadır düşərgələrinin soyuğu, vaqon pəncərələrindən boylanan qəmli uşaq baxışları və hər açılan sabahı doğma torpağının həsrəti ilə qarşılayan nəsillərin yaddaş salnaməsidir. Çünki ötən əsrin sonlarında Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox soydaşımız da qaçqın və məcburi köçkün taleyi yaşamağa məhkum olunmuşdu.
Mən bu ağrı ilə yalnız jurnalist kimi arxiv sənədlərindən, rəsmi hesabatlardan tanış olmamışam. "Məcburi köçkünlük" adlı ağrı-acılı qisməti düz 27 il öz taleyimdə daşımışam. Bu ağır yük çiyinlərimə yüklənəndə cəmi 10 yaşım var idi...
Dünyanı yenicə kəşf edən bir uşaq üçün məcburi köçkünlük bir gecədə böyümək, daha doğrusu, uşaqlıqla vaxtından əvvəl vidalaşmaq məcburiyyəti deməkdir. O təlaşlı köç karvanları ilə mən də uşaqlığımı doğulduğum o evdə, oynadığım o küçələrdə qoyub çıxdım. Biz o vaxt yalnız torpaqlarımızı itirmədik, həm də neçə-neçə nəslin uşaqlığını və gəncliyini o yurdlarda qoyub gəldik. Əksər məcburi köçkün uşaqlar kimi, mənim də o illərdən qalan bircə dənə də olsun körpəlik, uşaqlıq fotom yoxdur. Sanki kimsə keçmişimi tamamilə silib aparıb, sanki o illər əlimdən alınıb, itirilib... Lakin insan yaddaşı foto kağızlardan daha dözümlü sığınacaqmış. Onilliklər boyu yuxularımda həmişə evimizdə qoyub gəldiyim məktəb çantamı özümlə götürürdüm. Reallıqda talanan o çanta yuxularımda mənimlə bərabər qaçqınlıq yollarını addımlayırdı.
Bu, təkcə mənim yuxum, mənim itkim deyildi. Bu, bütöv bir xalqın ortaq yaddaş zədəsi və sarsılmaz ümidi idi. Məcburi köçkünlük illərində dünyanın bəlkə də heç bir yerində görünməyən ürəkağrıdan bir hal yaşadı bu insanlar. Onlar öz evlərinin yerlə yeksan edildiyini, dağılıb yox olduğunu bilə-bilə, o köhnə qapıların paslı açarlarını onilliklər boyu bir müqəddəs əmanət kimi sandıqlarında qoruyub saxladılar. O paslı açarlar keçmiş məcburi köçkünlərimiz üçün sarsılmaz inamın rəmzinə çevrildi. Ötən illərdə onlar mənzillərlə təmin olunsalar da, maddi vəziyyətləri yaxşılaşsa da, ruhlarının yurd nisgili heç ovunmadı. Çünki məcburi köçkünlük elə bir hissdir ki, insan harada yaşayırsa yaşasın, ruhu həmişə o köhnə evin başında fırlanır.
Bəli, düz bir qərinə keçmiş məcburi köçkünlərimiz hər gecə yuxularında öz itirilmiş yurdlarına qayıtdılar, sübhün acı gerçəkliyi ilə baş-başa qalanda isə göz yaşları tökdülər.
Evindən, elindən didərgin düşənlər
Hər il 20 iyun Dünya Qaçqınlar Günü kimi qeyd edilir. 2000-ci ildə BMT-nin Baş məclisi bu tarixi müəyyən edən xüsusi qətnamə qəbul edib. Qətnamənin qəbulunda əsas məqsəd evindən, elindən didərgin düşən qaçqın və məcburi köçkünlərin acınacaqlı həyat şəraitini diqqətdə saxlamaq, onların sayının artmasının qarşısını almaq olub. Təəssüf ki, həmin qətnamənin üzərindən ötən 26 il ərzində dünyada nəinki qaçqınların sayını azaltmağa nail olunub, əksinə, baş verən işğallar, müharibələr bu sayı hər gün daha da artırıb.
Ermənistan tərəfindən torpaqlarımıza qarşı həyata keçirilən təcavüz siyasəti bir milyona yaxın soydaşımızı öz yurd-yuvalarını tərk etmək məcburiyyətində qoymuşdu. Öz vətənlərində didərginə çevrilən bu insanlar illərlə ağır məhrumiyyətlər içərisində çadır şəhərciklərində, vaqonlarda, yataqxanalarda yaşamağa məcbur qalmışlar. Yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli istəyi ilə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra didərgin düşən soydaşlarımızın problemlərinin həlli istiqamətində addımlar atılmağa başlanıldı. Heydər Əliyevin şəxsi diqqəti sayəsində keçmiş məcburi köçkünlərin qayğı və problemlərinin həlli ilə bağlı mühüm işlər görüldü. Ulu Öndər dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə tanış olur, problemlərinin aradan qaldırılması üçün mümkün olan bütün tapşırıqları verirdi.
Ümummilli Liderin "Əsrin müqaviləsi" ilə əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsait də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəldildi. İnsanlarımızın acınacaqlı şəraitdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlanıldı.
7 sentyabr 2001-ci ildə Heydər Əliyevin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.
Ulu Öndərin siyasi kursunu uğurla həyata keçirən Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqaməti qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, ən başlıcası isə torpaqlarımızın işğaldan azad edilməsi idi. Dövlət başçısının diqqəti nəticəsində cəmi 4 il ərzində - 2003-cü ildən 2007-ci ilə qədər ölkədəki bütün çadır şəhərcikləri ləğv olundu. 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı. Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların problemləri ardıcıl şəkildə öz həllini tapdı.
Ancaq Prezident İlham Əliyevin də vurğuladığı kimi, bütün bunlar müvəqqəti xarakter daşıyırdı. Hədəf Qarabağ və Şərqi Zəngəzurun azadlığı, məcburi köçkünlərin öz yurdlarına əbədi qayıdışı idi. 28 may 2020-ci ildə - Müstəqillik Günündə məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılış mərasimində bu milli strategiya barədə Prezident İlham Əliyev qətiyyətlə bəyan etmişdi: "Ancaq onu da bilməliyik və bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq".
Qayıdış salnaməsi
Azərbaycan dünyada bəlkə də yeganə dövlətdir ki, Dünya Qaçqınlar Gününü həm də böyük ölçüdə bir qələbə hesabatı kimi qarşılayır. Çünki 30 il ərzində taleyimizə kölgə salan "məcburi köçkün" ifadə kimi yalnız lüğətimizdə qalıb. Bu gün həmin status yerini bərpa olunmuş haqqa və vətənə qalib kimi dönən insanların sonsuz qüruruna buraxıb.
2020-ci ilin payızında cəmi 44 gün içərisində qazanılan Zəfər torpaqlarımızın azadlığı ilə yanaşı, xalqımızın şərəf salnaməsinə çevrildi. Qələbənin üzərindən heç iki gün keçməmiş qalib lider İlham Əliyevin "Əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz…" müjdəsi yüzminlərlə insanımızın doğma yurda qayıdış gerçəkliyini özündə təcəssüm etdirirdi.
Bu gün Qarabağ və Şərqi Zəngəzura - Şuşaya, Laçına, Xocalıya... qayıdan hər bir ailə həm də dünyadakı bütün qaçqın və köçkünlər üçün bir ümid mayakıdır. Onlar sübut edirlər ki, beynəlxalq hüququn işləmədiyi yerdə tarixi ədaləti xalqın həmrəyliyi və dövlətin gücü bərpa edir.
20 İyun - Dünya Qaçqınlar Günü bizim üçün həm də yarımçıq qalmış mənəvi haqq-hesabın xatırlanma günüdür. Qarabağ fəryadı dindiyi halda, qəlbimizin digər tərəfində - Qərbi Azərbaycanda dədə-baba yurdu qalan yüzminlərlə soydaşımızın qaçqınlıq yarası hələ də sızıldayır. İndiki Ermənistan ərazisindən, Göyçədən, Zəngəzurdan, İrəvandan zorla qovulan insanların yurd nisgili hələ də dinməyib. Ancaq əminik ki, xalqımız "köçkünlük" adlı böyük bir məşəqqəti tarixin arxivinə göndərdiyi kimi, gün gələcək qərbi azərbaycanlı soydaşlarımızın da dinc, təhlükəsiz və ləyaqətli şəkildə sülh yolu ilə öz tarixi yurdlarına dönüşünü qeyd edəcək.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"