Könül Nurullayeva: “Sosial sabitlik ölkəmizin inkişaf modelinin mühüm tərkib hissəsidir”
Dövlətlərin inkişaf səviyyəsini müəyyən edən əsas amillər sırasında siyasi və iqtisadi sabitlik xüsusi yer tutur. Dünyada baş verən müharibələr, iqtisadi böhranlar, sosial qarşıdurmalar sübut edir ki, sabitlik olmadan davamlı inkişaf mümkün deyil.
Azərbaycan da müstəqillik tarixinin müxtəlif mərhələlərində bu həqiqəti öz təcrübəsində yaşamış, nəticədə sabitliyi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirmişdir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır” və məhz bu amil ölkənin uğurlarının təməlini təşkil edir. Milli Məclisin deputatı Könül NURULLAYEVA qəzetimizə açıqlamasında xatırladıb ki, Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarında çıxışı zamanı müstəqilliyin ilk illərində müharibə, işğal və humanitar fəlakətlərlə üzləşən Azərbaycanın sonradan sabit inkişaf yoluna qədəm qoyduğunu və bunun hər bir ölkənin uğurunun əsasını təşkil etdiyini bəyan edib. “Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolu göstərir ki, sabitlik yalnız təhlükəsizliyin təmin edilməsi deyil, həm də iqtisadi tərəqqinin, sosial rifahın və beynəlxalq nüfuzun əsas şərtidir. Ölkədə qorunan ictimai-siyasi sabitlik uzunmüddətli inkişaf strategiyalarının həyata keçirilməsinə, irimiqyaslı infrastruktur layihələrinin reallaşdırılmasına və xarici investisiyaların cəlb olunmasına əlverişli zəmin yaradıb. Siyasi sabitlik isə dövlət idarəçiliyinin səmərəliliyini artıran mühüm amildir”, - deyən deputat qeyd edib ki, Azərbaycanda dövlət institutlarının möhkəmləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi ölkənin inkişafına müsbət təsir göstərib: “Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, əmin-amanlıq və sabitlik hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr və böhranlar fonunda Azərbaycanın sabitlik adası kimi tanınması təsadüfi deyil”.
K.Nurullayeva onu da qeyd edib ki, iqtisadi inkişafın əsas dayaqlarından biri də məhz sabit mühitdir: “Son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənaye parklarının yaradılması və nəqliyyat-logistika layihələrinin həyata keçirilməsi ölkənin iqtisadi dayanıqlığını gücləndirib. Bu uğurların arxasında isə ilk növbədə sabit iqtisadi mühit dayanır. Xarici investorlar üçün etibarlı tərəfdaş kimi tanınan Azərbaycan bu gün sabitlik sayəsində regionun ən cəlbedici investisiya məkanlarından biridir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah prinsiplərinin vəhdəti ölkənin uğurlu inkişafını təmin edən başlıca amillərdir. Sosial sabitlik də Azərbaycanın inkişaf modelinin mühüm tərkib hissəsidir. Sabit sosial mühit isə öz növbəsində iqtisadi inkişafın dinamikliyini təmin edir”.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”