“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlər üzrə rayon sahibkarlarının təşəbbüsləri və sahələrdə görülən işlərlə tanışlıq olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi və Prezident Administrasiyasının məsul əməkdaşı heyvandarlıq təsərrüfatına, süd emalı müəssisəsinə, intensiv xurma bağlarına, pambıq tarlasına, müasir tipli istixana kompleksinə və ərzaqlıq buğda istehsalının artırılması istiqamətində həyata keçirilən layihələrə baxış keçiriblər.
Baxış zamanı fermer və sahibkarlarla söhbətlər aparılıb, onların fəaliyyəti, gələcək planları və qarşılaşdıqları məsələlər öyrənilib, təklif və müraciətləri dinlənilib. Dövlət tərəfindən yaradılan geniş imkanlardan, o cümlədən subsidiyalar, güzəştli kreditləşmə və digər dəstək mexanizmlərindən səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Tərtər rayonunun aqrar potensialından daha səmərəli istifadə edilməsi, ərzaqlıq buğda istehsalının artırılması, intensiv bağçılığın genişləndirilməsi, müasir istixana komplekslərinin qurulması və heyvandarlığın inkişafı istiqamətində tədbirlər bundan sonra da ardıcıl olaraq davam etdiriləcək.
Tərtərdə, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfatların və emal müəssisələrinin rəhbərlərinin, aidiyyəti dövlət qurumlarının yerli nümayəndələrinin və “Əlaqələndirmə Qərargahı”nın üzvlərinin iştirakı ilə görüş keçirilib. Görüşdə zona müşavirəsində irəli sürülmüş təşəbbüslərin icra vəziyyəti, eləcə də Dövlət Proqramı çərçivəsində həyata keçirilən digər tədbirlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.