Havanın çirklənməsi bakteriyaların alt tipindən asılı olaraq pnevmoniya, sepsis və meningit kimi ciddi xəstəliklərin yaranma riskini artıra bilər.
AZƏRTAC xəbər verir ki, bu nəticə Cənubi Afrikanın Milli Yoluxucu Xəstəliklər İnstitutunun, Barselona Superkompüter Mərkəzinin və digər qurumların alimlərinin apardıqları yeni araşdırma zamanı əldə olunub. Tədqiqatın nəticələri sentyabrın 14-də “Nature Microbiology” jurnalında dərc edilib.
Bildirilib ki, alimlər Streptococcus pneumoniae (S. pneumoniae) bakteriyasının müxtəlif alt tiplərinin hava çirklənməsinə fərqli reaksiya verdiyini müəyyənləşdiriblər. Araşdırma zamanı Cənubi Afrikanın milli GERMS-SA müşahidə proqramı çərçivəsində 19 il ərzində qeydə alınmış təxminən 59 min invaziv pnevmokok xəstəliyi (IPD) hadisəsi təhlil edilib.
Müəyyən olunub ki, xüsusilə 14, 19A və 8-ci alt tiplər hava çirklənməsinə məruz qaldıqdan sonra IPD riskinin daha yüksək olması ilə əlaqəlidir. Ümumilikdə xəstəlik riski hava çirklənməsindən təxminən iki həftə sonra ən yüksək səviyyəyə çatıb. Lakin 4, 8, 23F və 19F alt tiplərinin daha çox yayıldığı ərazilərdə risk artımı elə həmin həftə müşahidə olunub.
Tədqiqatçılar temperatur, rütubət və əhalinin sıxlığı kimi digər amilləri də nəzərə alıblar. Nəticələr yüksək temperaturun xəstəlik riskini dərhal artırdığını, soyuq havanın isə xəstəlik hallarının daha gec yüksəlməsi ilə əlaqəli olduğunu göstərib.
Streptococcus pneumoniae insanın burun və boğazında yaşayan mikroorqanizmlər arasında geniş yayılıb. Bir çox insanlar bu bakteriyanı heç bir əlamət olmadan daşısa da, bakteriyanın aşağı tənəffüs yollarına və ya qan dövranına keçməsi invaziv pnevmokok xəstəliyinə səbəb ola bilər. Bu xəstəliklərə pnevmoniya, sepsis və meningit daxildir.
Araşdırmaya görə, yüksək hava çirklənməsi dövrlərində uşaqlar və yaşlı insanlar daha həssas qruplar hesab olunurlar. Alimlər havanın keyfiyyətinin yaxşılaşdırılmasının bu xəstəliklərin riskini azaltmağa kömək edə biləcəyini bildirirlər.
Alimlərin fikrincə, xüsusilə yüksək hava çirklənməsinin müşahidə olunduğu şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılması yalnız tənəffüs sistemi xəstəliklərinin deyil, bəzi ciddi yoluxucu xəstəliklərin də qarşısının alınmasında mühüm rol oynaya bilər.