Meşələrin alovlanması həm insan səhlənkarlığının, həm də antropogen təsirlərin nəticəsidir
Yay aylarında meşə yanğınlarının artdığının şahidi oluruq. Son illər iqlim dəyişikliklərinin, havaların isti keçməsinin yanğınların artmasına təsiri böyükdür. Bununla belə meşə yanğınlarına səbəblər sırasında əsasən antropogen amillər yer tutur.
Hər il dünyada baş verən meşə yanğınları həm insan ölümünə, həm heyvanların tələfatına, həm də minlərlə hektar meşə sahəsinin məhvinə səbəb olur. Yanmış meşə sahələrinin bərpası isə illərlə vaxt tələb edir. Meşə yanğınlarının qarşısının alınması istiqamətində müxtəlif tədbirlər görülsə də, mütəxəssislər əsas səbəbi yanğınların idarə olunmasının mexanizminin düzgün qurulmaması ilə izah edirlər.
Bəzən yanğınların söndürülməsinə aylarla vaxt lazım gəlir
Hər il planetin "ağciyərləri" olan meşə sahələrinin müxtəlif ölkələrdə yanması ilə bağlı hadisələrin şahidi oluruq. Bəzən belə yanğınların söndürülməsinə aylarla vaxt lazım gəlir. Çünki yanğın başladıqdan sonra onun yayılmasına təsir edən amillər ortaya çıxır ki, buna bəzən havanın temperaturunun yüksək olması səbəbindən söndürülən ərazilərdə yenidən yanğının alovlanmasını və ya küləyin təsiri ilə yayılmasını göstərmək olar. Böyük yanğınlar zamanı yanğınsöndürənlərdən əlavə, helikopterlər, amfibiya təyyarələri də işə cəlb olunur. Bununla belə bəzən yanğın hallarının qarşısını almaq çətin olur.
Məsələn, ötən il Türkiyənin Antalya şəhərinin Manavqat bölgəsində başlayan meşə yanğını iyul-avqust ayları ərzində 17 bölgədə qeydə alındı. Yanğınların səbəbləri hava temperaturunun yüksək olması ilə əlaqələndirilirdi. 2021-ci ilin may ayı son 50 ilin ən isti may ayı idi və ölkə daxilində Türkiyədəki iqlim dəyişikliyindən qaynaqlandığı ehtimal edilən quraqlıq yaranmışdı.
Ötən il Azərbaycanın bir sıra rayonlarında da meşə yanğınları qeydə alındı. Bu il isə iyulun 10-da Şabran rayonunun Ağalıq kəndində başlayan yanğın küləyin təsiri ilə meşə fondu torpağına keçdi. Həmçinin iyul ayının 11-də Xaçmaz rayonunda da yanğın qeydə alındı. Ərazilərdə baş vermiş yanğınlar Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində söndürüldü. Təbii ki, yanğınların səbəbi çox vaxt müşahidə etdiyimiz kimi insanların səhlənkarlığıdır. Bu isə nəticədə təbiətə ziyan vurur, oksigen mənbəyimiz olan illərlə yaşa sahib ağacların, bitki örtüyünün məhvinə, bəzən heyvanların ölümünə gətirib çıxarır.
Təəssüflə qeyd edək ki, yanğın təhlükəsizlik qaydaları ilə bağlı daim maarifləndirmə tədbirləri görülsə də, görüşlər keçirilsə də, insanların məsuliyyətsiz davranışlarının qarşısını almaq mümkün olmur.
İki rayonda 22 hektar meşə ərazisi yanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı xidmətinin rəisi Xalıqverdi Hüseynov qəzetimizə açıqlamasında deyib ki, iyulun 10-da respublikamızın şimal bölgəsində baş vermiş yanğın ilkin olaraq meşəylə həmsərhəd olan biçilmiş taxıl sahələrində qeydə alınıb, sonra meşə ərazilərinə keçib. Onun sözlərinə görə, yanğınların əksəriyyəti meşə ilə həmsərhəd ərazilərdə əkilmiş taxıl sahələrində biçindən sonra köfşənliyin yandırılması ilə birbaşa bağlı olub. Xidmət rəisi qeyd edir ki, həmin köfşənlərin yandırılması bir sıra hallarda ayrı-ayrı şəxslər və ya həmin torpağın sahibi tərəfindən həyata keçirilir.
Xalıqverdi Hüseynov deyir ki, Şabran rayonu ərazisində 49.5 hektar meşə ilə örtülü ərazidə baş vermiş yanğın hadisəsi nəticəsində ümumilikdə 20 hektar ərazinin bitki örtüyü, orada olan ağaclar tamamilə yanıb, məhv olub. İyulun 11-də Xaçmaz rayonunda baş vermiş yanğın nəticəsində isə 2 hektar meşə ərazisi tamamilə yanıb. Yanğın nəticəsində təbiətə ciddi ziyan dəyib. Bununla bağlı müvafiq hesablamalar aparılır. Ancaq bu zərərin, fəsadların aradan qaldırılması üçün uzun illər lazımdır, çünki meşədəki ağacların 100-120 ildən yuxarı yaşı var. Həmin ağacların bərpa edilməsi, o vəziyyətə gətirilməsi üçün uzun illər əmək, vəsait və vaxt sərf olunacaq.
Səhlənkarlığın nəticəsi
Xidmət rəisi vurğulayır ki, yanğın baş verdikdən sonra aidiyyəti qurumlar işə cəlb olunur, böyük vaxt, vəsait sərf edilir: "Mümkün müddətdə yanğının qarşısı alınır və söndürülür. Ancaq bundan daha vacibi yanğının başvermə hallarını aradan qaldırılmasıdır".
O bildirir ki, meşə yanğınlarının baş verməməsi üçün əhali arasında ilboyu təbliğat işləri aparılır. Hər bir kənddə əhali ilə söhbətlər olur. Buna baxmayaraq, bu kimi hadisələr baş verir. Xidmət rəisi əhaliyə bir daha çağırış edərək deyir ki, hər kəs öz ərazisində yanğının qarşısının alınması üçün zəruri olan bütün tədbirləri görməlidir. İstər həyətyanı sahələrdə, istər pay torpaqlarında, istərsə də bağda qabaqlayıcı işlər görülməlidir. Eyni zamanda meşədə istirahət zamanı yandırılan ocaqlar nəzarətsiz qoyulmamalı, gedən zaman isə ocağın üzərinə su tökərək söndürülməlidir.
Meşə ərazisi olan rayonlarda yanğın təhlükəsizliyi qaydaları pozulur
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovnik-leytenantı Cəmil Xudiyev qəzetimizə açıqlamasında deyib ki, yay mövsümü başlamazdan əvvəl xidmət rəisinin müvafiq əmri əsasında struktur bölmələrin əməkdaşları tərəfindən əhali, meşə təsərrüfatına cavabdeh qurumların işçiləri arasında genişmiqyaslı maarifləndirmə işləri aparılır. Eyni zamanda hüquq mühafizə orqanları və digər aidiyyəti qurumlarla birgə də müxtəlif tədbirlər keçirilir. Bununla yanaşı əməkdaşlar tərəfindən meşələrdə yanğın-texniki müayinələr həyata keçirilir. Baxış zamanı nöqsanlar aşkarlanır və bu barədə rayon icra hakimiyyətləri, ETSN-in Meşələrin İnkişafı Xidmətinin Regional meşə təsərrüfat mərkəzləri qarşısında məsələ qaldırılır. Müayinələr zamanı avtomobil yolları ilə həmsərhəd meşə zolaqlarının yanar materiallardan - ağac qalıqları, qurumuş yarpaq, ot, kol-kosdan təmizlənməməsi, həmçinin meşə ərazisinə atılmış şüşə butulkalar da aşkarlanır. Bəzən nəzərdə tutulmayan yerlərdə yandırılmış ocaqların izlərinə rast gəlinir ki, bu da yolverilməzdir.
Şöbə rəisi bildirir ki, respublikamızın meşə ilə əhatə olunmuş bütün rayonlarında yanğın təhlükəsizliyi qaydalarının pozuntusu faktları mövcuddur. Xüsusilə yay aylarında meşələrdə ocaqların nəzarətsiz qalması, nəzərdə tutulmayan ərazilərdə ocaqların yandırılmasının qarşısının alınması, həmçinin baş vermiş yanğınların səbəbləri sırasında olan biçilmiş köfşənlərin yandırılması halları ilə bağlı ciddi tədbirlər görülür: "2022-ci ildə Ağsuda vətəndaşın əkin sahəsini yandırdığı faktı aşkarlanıb, onun barəsində müvafiq tədbir görülüb, toplanmış materiallar hüquq mühafizə orqanına göndərilib. Bir fakt isə Bakı şəhərində qeydə alınıb. Belə ki, açıq sahədə quru otları yandıran şəxs barəsində müvafiq tədbir görülüb".
Meşə yanğınları ilə araşdırmaların nəticəsi insan amilinə gətirib çıxarır
Cəmil Xudiyev əsas narahatlıq yaradan məsələnin biçilmiş sahələrin bilərəkdən yandırılması halları ilə bağlı olduğunu deyir. O qeyd edir ki, vətəndaşlar hava şəraitini nəzərə almadan belə hallara yol verirlər.
Bundan başqa, 2021-ci ildə meşə ərazilərində qanunsuz fəaliyyət göstərən ocaqxanalar, yəni kömür istehsalı sahibkarları ilə bağlı 23 fakt müəyyən olunub. Meşələrin yanğın təhlükəsizliyi qaydalarına əsasən, meşə ərazisində bu növ fəaliyyət qadağandır. Həmin şəxslər barəsində yerindəcə protokol tərtib olunub, digər materiallar isə hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə təqdim edilib.
Daxili xidmət polkovnik-leytenantı bildirir ki, meşə yanğınlarının səbəbləri sırasında antropogen amillər əsas yer tutur. Bütün araşdırmaların nəticəsi insan amilinə gətirib çıxarır. Bunun kökündə isə insanın səhlənkarlığı, qaydalara laqeydliyi durur. Bəzən bəsit görünən qaydanın pozulması böyük ərazilərin yanmasına səbəb olur. Şabran rayonu ərazisindəki meşə yanğını Xaçmaz-Bakı avtomobil yolunda hərəkəti məhdudlaşdırdı. Buradan tibbi xidmətə, sosial qayğıya ehtiyacı olan şəxslər istifadə edə bilərdi. Yəni bir vətəndaşın yanğın təhlükəsizliyi qaydasını pozması görün nə qədər işin, xidmətin göstərilməsinə təsir edir. Belə şəxslərə qarşı ictimai qınaq olmalıdır. İnsan düşünməlidir ki, yanğın təhlükəsizliyinin pozuntusu onun sağlamlığı, əmlakının məhv olması bahasına başa gələ bilər.
İqlim dəyişiklikləri meşə sahələrinin artırılmasını tələb edir
Ümumiyyətlə, qlobal iqlim dəyişikliyi fonunda ölkələrdə səhralaşmanın qarşısının alınması, eyni zamanda zərərli və zəhərli havadan qorunmaq üçün meşə fondu torpaqlarının sahəsi artırılır. Bəzi dövlətlər qlobal dəyişikliklərin fəsadlarının aradan qaldırılması istiqamətində yaşıllıqların artırılmasına ciddi diqqət edirlər. Yaşıllıq sahələrinin çoxluğu insan sağlamlığı baxımından da çox vacibdir.
Azərbaycanda, xüsusən paytaxt Bakıda parkların, bağların, istirahət məkanlarının salınması zamanı təbii landşaftın saxlanılmasına, meşəlik ərazilərin üstünlük təşkil etməsinə önəm verilir. Artıq elə bir dövrdür ki, gördüyümüz işlər zamanı yalnız özümüzə deyil, ekologiyaya dəyən zərər də hesablanmalı və bu məsələdə diqqətli olmalıyıq. Yanan, kəsilən hər bir ağac qəbul etdiyimiz oksigenin miqdarına təsir edərək sağlam nəfəs almağımıza maneə yaradır. Buna görə də çalışmalıyıq ki, xırda səhlənkarlıqlara görə bəşəriyyəti nəfəssiz qoymayaq.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"