Qarabağın erməniəsilli sakinlərinə humanitar yardımımız davam edir
Humanizm, xeyirxahlıq, insani davranışlar kimi ali dəyərlər xalqımızın qanında, canındadır. Xalqımız bu dəyərlərindən dolayı hər zaman çoxlarına örnək olub. İstər dost olsun, istərsə də düşmən - ehtiyacı varsa, imkan daxilində onu qarşılamaq bizim ər işimizdir.
Bu, gəlişi gözəl sözlər deyil. Zaman-zaman ayrı-ayrı şəxslərdən tutmuş iş adamlarına qədər, hətta dövlət səviyyəsində hər yox, ər olduğumuzu sübut etmişik, göstərmişik. Azərbaycan dövləti humanist siyasətini son günlər dünyanın gözü qarşısında bir daha sərgiləyir, Qarabağın erməniəsilli sakinlərinin ehtiyaclarının təmin olunması üçün ard-arda humanitar yardımlar edir, dünənəcən bizə düşmən münasibət bəsləmələrinə baxmayaraq. Təsadüfi deyil ki, sentyabrın 20-də xalqa müraciət edən Prezident İlham Əliyev üzünü Qarabağda yaşayan erməniəsilli sakinlərə tutaraq Azərbaycan dövlətinin onlar üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduğunu demiş və onları bu tarixi şansı qaçırmamağa çağırmışdır. Keçmiş separatçı qurumun "başçıları" bu təklifi həvəslə qəbul etməsələr də, başqa yolları yoxdur. Çünki hətta sadə ermənilərin özləri daha onların yalançı vədlərinə inanmırdı. İnandıqları yalnız Azərbaycanın hərbi qüdrəti və dinc əhaliyə humanist münasibətidir.
Necə inanmasınlar ki, Xankəndi şəhəri yaxınlığındakı yanacaqdoldurma məntəqəsində sentyabrın 25-də baş verən partlayışda yaralananlara ilk yardım göstərən Azərbaycan oldu. Məhz Azərbaycan hadisədə ziyan çəkmiş sakinlərə yanığa qarşı tibbi ləvazimatlar, sarğı materialları, əlcəklər, dərman preparatları göndərdi, Ağdam, Saatlı, Sabirabad xəstəxanaları yaralı erməniləri qəbul etmək üçün hazır vəziyyətə gətirildi. Yüksək humanizm nümunəsi daha necə olur ki...
Yaxud götürək sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş məlum görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin nümayəndələrinin xahişini. Xahiş etmişlər ki, ilk növbədə bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə ehtiyacları var. Ehtiyaclarının ödənilməsi gecikmədi. Sentyabrın 23-də onlara 24 ton benzin, 40 ton dizel yanacağı göndərildi. Ondan bir gün əvvəl isə Fövqəladə Hallar Nazirliyi tərəfindən erməni sakinlər üçün 40 tonluq ərzaq məhsulları və gigiyenik vasitələrdən ibarət iki yük avtomobili və içi çörəklə dolu iki avtomobil yola salındı. Artıq yardımların göstərilməsi davamlı xarakter alıb. Demək olar, hər gün Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlər un, gigiyenik vasitələr, yataq dəstləri, həmçinin təcili tibbi yardım və yanğınsöndürmə maşınları üçün yanacaq-sürtkü materialları ilə təmin edilirlər. Təkcə sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu ilə onlara 30 ton benzin, 34 ton dizel yanacağı göndərilib.
Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli və orada yaşayan erməniəsilli sakinlərin ehtiyaclarının təmin olunması üçün tədbirlər davam edir.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"