Bəşər tarixində, cəmiyyətin inkişaf mərhələlərində "ədalət" mövhumu, cəzanın labüdlüyü məsələləri daim diqqət mərkəzində olmuş və qədim filosofların, müasir mütəfəkkirlərin fikir bildirdikləri, müzakirə və mübahisə etdikləri bir paradiqma olmuşdur.
Törədilən cinayət əməllərinə görə cinayətkarlara cəza verilməsi, onların dövlət adından tənbeh edilməsi, ictimai qınağa məruz qalmaları, beləliklə, sosial ədalətin bərpası müxtəlif ictimai-siyasi formasiyalarda həmişə fərqli yanaşma ilə təmin edilmişdir. Ayrı-ayrı ölkələrdə, müxtəlif dini baxışlar, müxtəlif hakim cərəyanlar, müxtəlif baxışlar cəzaların rəngarəngliyi, müxtəlifliyi baxımından həmişə fərqli olmuş və bu gün də müxtəlif dövlətlərdə fərqli yanaşmalar mövcuddur. Lakin yazılmamış bir qanun, bir prinsip həmişə mövcud olmuşdur. Bu gün də gündəmdədir ki, o da "ilahi ədalət" prinsipidir. Yəni törədilən cinayətlərə görə hökmən cəza veriləcəkdir. Və cinayəti törətmiş şəxslərin kimliyindən, şəxsiyyətlərindən asılı olmayaraq cəzanın labüdlüyü prinsipinin təntənəsi həmişə qalib gəlmişdir. Bax, bu təntənə isə "ilahi ədalət" adlanır. 1992-ci il 26 fevralda Xocalı soyqırımını törətmiş və bu günədək cəzasız qalmış cinayətkarların bu gün, nəhayət ki, ədalət mühakiməsi qarşısında dayanmaları və cəzanın labüdlüyünü hiss etmələri həmin "ilahi ədalət"in təntənəsinin bariz nümunəsidir.
Bir az tarixi baxımdan geriyə qayıdaraq 1992-ci ilin soyuq, şaxtalı 26 fevralında erməni separatçılarının dinc Xocalı sakinlərinə qarşı törətdikləri soyqırımı cinayətinin təfərrüatlarını yada saldıqda günü bu gün də insanı dəhşət bürüyür. Təəccüblənirsən ki, nə qədər vəhşiləşmiş, qaniçən, insani keyfiyyətlərdən uzaq, insanlığa nifrət hissi ilə zəhərlənmiş düşüncəyə malik olasan ki, günahsız, silahsız, köməksiz insanlara, qocalara, qadınlara, məsum körpələrə qarşı insanların şüuruna sığmayan, vəhşi üsul və vasitələrlə cinayət törədilməsinə, insanların qətlə yetirilməsinə əl atasan. 1992-ci ildən bu günədək Xocalı soyqırımını törətmiş şəxslərin məhkəmə məsuliyyətinə veriləcəklərinə, layiqli cəza alacaqlarına, torpaqlarımızın ərazi bütövlüyünün təmin ediləcəyinə bir gün də olsun şübhə etməmişdim. Və bu günlərdə separatçıların barəsində keçirilən Bakı Məhkəmə Kompleksinin məhkəmə iclas zalında əyləşərkən, bir zamanlar özlərini qəhrəman hiss edən, silahsız insanlara qarşı ağlasığmaz cinayətləri törədən həmin cinayətkarların rəzil görkəmlərini müşahidə edərkən tamam fərqli hislər yaşadım və həmin "ilahi ədalət"in mövcudluğuna, labüdlüyünə bir daha inandım, əmin oldum.
Dövlətimizin bu "ilahi ədalət"i həyata keçirmək qüdrətinə görə qürur hissi keçirdim. Azərbaycan Respublikasının adından Azərbaycan Respublikasının ərazi bütövlüyünə, onun ictimai-siyasi quruluşuna, Azərbaycan Respublikası vətəndaşlarına qarşı cinayət törətmiş şəxsləri mühakimə edən hakimlərin ədalətli, obyektiv, qərəzsiz mühakimə icraatı apardıqlarının şahidi oldum. Azərbaycan xalqına, sadə vətəndaşlara qarşı soyqırımı törətmiş silahsız insanları, köməksiz qocaları, məsum körpələri qətlə yetirərkən özlərini qəhrəman hesab edən xəstə xislətli erməni millətçilərinin, onların döyüşçülərinin, dırnaqarası "rəhbərlərinin", "psevdoliderlərinin" aciz, müti, kölə simalarını görəndə bir daha "ilahi ədalət"in təntənəsinə inandıq. Lakin bu "ilahi ədalət"in təntənəsini görmək üçün dövlətimiz tərəfindən keçən müddət ərzində titanik çoxsahəli işlər görülmüşdür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin may ayında erməni silahlı birləşmələrini atəşkəs rejiminin imzalanmasına məcbur edən ilkin əks-hücum əməliyyatı həyata keçirilmişdir. Ulu Öndərin uzaqgörənliyi və siyasi iradəsi ilə dövlətimizin iqtisadi qüdrətinin möhkəmləndirilməsinin və bilavasitə ordu quruculuğunun maddi-texniki təminatının əsasını qoymuş 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi"nin bağlanmasıdır. 12 noyabr 1995-ci ildə müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi və dövlətimizin bütün ictimai-siyasi həyatının yenidən qurulması, 2001-ci ilin 27 yanvar tarixində Ulu Öndərin tövsiyəsi ilə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməyimiz və bu platformadan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ulu Öndər tərəfindən Birləşmiş Millətlər Təşkilatının ali kürsüsündən "Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasının" bəyan edilməsi, eyni zamanda intensiv ordu quruculuğu, dövlətimizin "Hərbi doktrina"sının işlənib hazırlanması, müasir tipli müdafiə və hücum silahlarının alınması, dövlət-ordu-xalq birliyinin yaradılması həyata keçirilmişdi. Ölkədə ictimai-siyasi sabitlik, ordunun döyüş ruhu, vətəndaşlarımızın yüksək vətənpərvərlik həmrəyliyi təmin edilmişdir.
Bunun məntiqi nəticəsi Azərbaycan Respublikası Prezidenti və Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi İlham Əliyevin birbaşa rəhbərliyi ilə 2020-ci ilin 27 sentyabrında erməni təxribatı nəticəsində başlayan Vətən müharibəsinin 44 gün ərzində qələbə ilə başa çatmasıdır. Xankəndi, Şuşa, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər rayonları işğaldan azad edilmış, dövlətimizin ərazi bütövlüyü təmin olunmuşdur. Və bu hadisələr fonunda erməni millətindən olan separatçıların bir qisminin müəyyən edilərək tutulması, istintaqa cəlb edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən istintaqın yüksək peşəkarlıqla, qanunauyğun surətdə, intensiv aparılaraq başa çatdırılması və cinayətkarların məhkəmə məsuliyyətinə verilməsi təmin edilmişdir. Separatçıların dayanmaq bilməyən köhnə və yeni havadarlarının yenə insan haqlarının pozulmasına, separatçıların guya istintaq gedişində hüquqlarının pozulmasına dair əsassız iddiaları İnsan Haqlarına dair Avropa Məhkəməsi və BMT-nin müvafiq qətnamələri ilə təkzib edilmişdir.
Separatcılardan beş nəfəri -Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, David İşxanyan, David Babayan ömürlük həbs cəzasına, digərlərisə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.
Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunun artması, dövlətimizin başçısının sülhsevər, xalqımız tərəfindən sevilən və dəstəklənən, öz xalqına, ordumuzun gücünə inanan bir lider olması və Azərbaycanın dövlət maraqlarını hər şeydən uca tutması inam verir ki, nəinki Xocalı sakinlərinə qarşı, hətta bütün soydaşlarımıza, - Bağanıs Ayrım, Qaradağlı, Ağdaban, Başlıbel sakinlərinə qarşı cinayətlərin törədilməsində iştirakı olan və hələlik məsuliyyətdən yayınan Robert Köçəryan, Serj Sarkisyan, Serqey Ohanyan və digərləri də tutulub Azərbaycana gətiriləcək və onların məhkəməsi artıq azad Qarabağda -Xankəndidə keçiriləcəkdir.
Eyni zamanda bizim hər birimizin vətəndaş borcumuzdur ki, çalışdığımız iş və tutduğumuz vəzifədən asılı olmayaraq vətəndaş mövqeyi sərgiləyək, dövlət-xalq-ordu birliyinə öz töhfəmizi verək, dövlətimizin müasir təhdidlərdən qorunmasında cənab Ali Baş Komandan İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyək. Bununla da ilahi ədalətin bərqərar olmasına, xalqımıza qarşı soyqırımı cinayəti törətmiş bütün şəxslərin tutulub gətirilərək məhkəmə məsuliyyətinə verilməsinə yardımcı olaq.
Zahid VƏLİYEV,
Qarabağ müharibəsi veteranı