Bəziləri Azərbaycanın uğurlarını həzm edə bilmirlər
Cənubi Qafqazda düşmənçilik səhifəsinin qapandığı, regional sabitliyin təməllərinin atıldığı və sülh sazişinin imzalanma mərhələsinə qədəm qoyduğu zamanda bəzi xarici dairələrin köhnə iddialarla çıxış etmələri təsadüfi deyil.
Onilliklər ərzində münaqişə ocağını alovlandırmaqla siyasi-iqtisadi dividendlər qazanan pozucu qüvvələr bu gün qondarma "mədəni irs" bəhanəsi ilə Azərbaycanın suveren iradəsinə, sülh prosesinə kölgə salmağa cəhd edirlər. Ölkəmizin ərazi bütövlüyünü tam bərpa etməklə qazandığı hərbi-strateji və siyasi zəfərləri həzm edə bilməyən mərkəzlər itirilmiş təsir rıçaqlarını "humanitar missiya" və ya "mədəniyyət" pərdəsi altında canlandırmaq istəyirlər. Təbii ki, məqsəd mədəniyyət qayğısı deyil, müstəqil Azərbaycanın bölgədə diktə etdiyi yeni reallığı sarsıtmağa çalışmaqdır.
Bu günlərdə Böyük Britaniya parlamentinin bir sıra üzvləri və Beynəlxalq Vəkillər Assosiasiyasının (IBA) İnsan Hüquqları İnstitutu Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq hörmətsizlik nümayiş etdirərək, saxta məlumatlar əsasında siyasi kampaniyaya start veriblər. Sözügedən qüvvələr qondarma "Dağlıq Qarabağda erməni mədəni irsinin məhv edilməsi" iddiası ilə qərəzli sorğu başladıblar. Buna cavab olaraq, Azərbaycan Vətəndaş Cəmiyyəti nümayəndələri Britaniya İcmalar Palatasının spikeri Lindsay Hoyleyə, Lordlar Palatasının spikerinə, Beynəlxalq Vəkillər Assosiasiyasının prezidenti Claudio Viscoya və səfir Ferqus Aulda müraciət edərək, bu təxribatçı addımlara son qoyulmasını tələb ediblər.
Əvvəla vurğulayaq ki, Azərbaycanın inzibati-ərazi bölgüsündə "Dağlıq Qarabağ" adlı ərazi mövcud deyil. Qarabağ isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, Böyük Britaniya da daxil olmaqla, bütün dövlətlər tərəfindən qəbul edilib. Bu baxımdan təxribatçı sorğuda qondarma "Dağlıq Qarabağ" ifadəsinə yer verilməsi hüquqi və tarixi reallıqların kobud təhrif olunmasıdır. Bu addım ölkəmizin suverenliyinə və sərhəd toxunulmazlığına qarşı aparılan qərəzli siyasi manipulyasiyadır, hüquqi qüvvəsini itirmiş bir status-kvonu "diriltmək" cəhdidir. Qondarma terminin istifadəsi həm də BMT-nin qətnamələrinə və regionda yaranmış yeni geosiyasi reallığa ziddir.
Ermənistanla Azərbaycan arasındakı münaqişə artıq tarixə qovuşub və tərəflər sülhün bərqərar olması istiqamətində əhəmiyyətli məsafə qət ediblər. Sülh müqaviləsinin layihəsi tamamlanıb və ötən ilin 8 avqustunda Vaşinqtonda paraflanıb. Qarşıdakı dövrdə yekun sülh sazişinin imzalanacağı gözlənilir. Belə həssas dönəmdə qərəzli qüvvələrin bu cür sorğularla çıxış etməsi, süni "mədəni irs" mövzusunu qabartması tərəflər arasında yaranan kövrək etimad mühitinə zərbə vurur. Həmçinin revanşizmin stimullaşdırılmasına bəhanə verir. Britaniya parlamentinin bəzi üzvləri və Beynəlxalq Vəkillər Assosiasiyasının gorbagor olmuş separatçılığı yenidən canlandırmaq cəhdləri Azərbaycanın daxili işlərinə müdaxilə olmaqla yanaşı, beynəlxalq hüququn təməl prinsiplərinə qarşı ciddi sayğısızlıqdır.
Belə destruktiv fəaliyyət hər iki tərəflə strateji əməkdaşlığı olan və sülh danışıqlarını əvvəldən bəri təşviq edən Britaniya rəsmi dairələrinin mövqeyi ilə ziddiyyət təşkil edir. Böyük Britaniya Azərbaycanla dost və tərəfdaş ölkədir. Bu dövlət müxtəlif beynəlxalq platformalarda Azərbaycanın mövqeyini dəstəkləyib. Bu baxımdan ayrı-ayrı şəxslərin və ya qurumların qərəzli təşəbbüsləri iki ölkə arasındakı münasibətlərin ruhuna uyğun deyil. Sual yarana bilər ki, Britaniya hökuməti rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, bəzi deputatlar niyə bu yola əl atırlar?! Böyük Britaniyada fəaliyyət göstərən erməni diasporunun müəyyən parlament üzvləri ilə sıx əlaqələri bilinən faktdır. Görünür, bəzi deputatların seçkiöncəsi dövrdə müəyyən qrupların rəğbətini qazanmaq istəyi obyektivliyi üstələyib. Bu cür pozucu addımlar Bakı və London arasındakı strateji tərəfdaşlığa xələl gətirir. Ən mühümü isə Cənubi Qafqazda sülhə deyil, gərginliyin saxlanılmasına xidmət edir. Beynəlxalq Vəkillər Assosiasiyasının İnsan Hüquqları İnstitutu isə öz vəzifəsini yerinə yetirmək əvəzinə, tamamilə başqa işlərlə, dövlətlərarası münasibətləri gərginləşdirən hüquqazidd fəaliyyətlə məşğul olur.
Ermənistanın 30 illik işğal dövründə Azərbaycanın mədəni, dini və tarixi abidələrinə qarşı törətdiyi vandalizm faktları illərdir beynəlxalq hesabatlarda sənədləşdirilib. İşğal dövründə Azərbaycanın 60-dan çox məscidinin dağıdılmasına, muzeylərin talan edilməsinə və tarixi-mədəni irsinin tamamilə silinməsinə səssiz qalanların bu gün uydurma məlumatlar əsasında "sorğu" keçirməsi siyasi riyakarlıqdır.
Daha önəmli məqam odur ki, Qarabağda, ümumiyyətlə, ermənilərin "mədəni irsi" yoxdur və heç zaman olmayıb. İşğal dövründə, yəni qanunsuz hərbi təcavüz nəticəsində inşa edilmiş hansısa separatçılıq yuvası "mədəni irs" statusu daşıya bilməz. Hərbi xunta tərəfindən tikilmiş binalar və ya sonradan uydurulmuş "tarixi nişanələr" mədəniyyət nümunəsi deyil, beynəlxalq hüququn pozulmasının sübutlarıdır. Qarabağda "erməni mədəniyyətinin nümunəsi" kimi təqdim edilən abidələrin hamısı Alban irsidir. İşğal dövründə Alban irsinə məxsus tarixi abidələrin üzərindəki epiqrafik yazılar və memarlıq üslubu sonradan erməniləşdirilib. Azərbaycan xalqına məxsus minillik mədəni irs nümunələri - məscidlər, karvansaralar, türbələr məqsədli şəkildə məhv edilib və ya "təmir" adı altında saxtalaşdırılıb. Azərbaycanın suveren torpaqlarında kənar qüvvələrin "miras" axtarışı Ermənistanın 30 illik etnik təmizləmə və vandalizm siyasətinə bəraət qazandırmaq cəhdidir. Azərbaycan tərəfi haqlı olaraq beynəlxalq ictimaiyyəti və xarici parlamentariləri erməni lobbisinin terminoloji fırıldaqçılığına uymamağa çağırır.
Diqqətçəkən məqam odur ki, son günlər Azərbaycana qarşı qarayaxma və hücum kampaniyası sanki bir mərkəzdən gələn təlimat əsasında həyata keçirilir. Proseslərin eyni vaxtda və koordinasiyalı şəkildə ortaya çıxması, bəzi xarici parlamentarilərin, media qurumlarının, beynəlxalq hüquq təşkilatlarının və sapı özümüzdən olan baltaların eyni vaxtda hərəkətə keçməsi bu hücumların planlı olduğunu göstərir. Azərbaycanın əldə etdiyi tarixi zəfərlər və suverenliyini bütün ölkə ərazisində bərpa etməsi bəzi dairələrin yuxusuna haram qatıb. Azərbaycan separatçılığın kökünü birdəfəlik kəsməklə uzun illər bu münaqişədən siyasi və iqtisadi dividend qazanan xarici aktorların təsir rıçaqlarını yox etdi. O səbəbdən bəzi dairələr "mədəni irs" bəhanəsi ilə itirilmiş təsir imkanlarını geri qaytarmağa çalışırlar.
Keçmiş xunta rejiminin rəhbərlərinin və müharibə canilərinin Bakıda məhkəmə qarşısına çıxarılması və cəzalandırılması da məkrli mərkəzlərin təşvişinə səbəb oldu. Həmin qüvvələr regionda sülhün Azərbaycanın diktə etdiyi şərtlərlə bərqərar olmasını həzm edə bilmirlər. Ancaq sifarşli təlimatlarla hərəkət edən ünsürlər anlamalıdırlar ki, artıq regionun taleyi xarici kabinetlərdə deyil, Bakıda və sülh masasında həll olunur.
İsmayıl QOCAYEV,
"Azərbaycan"