"Bu gün (fevralın 24-də - red.) Putinin Kiyevə üçgünlük yürüşünə başlamasından düz dörd il keçir. İşğalın başlanğıcına baxıb bu günə nəzər salsaq, deməyə hüququmuz var: müstəqilliyimizi müdafiə etdik, dövlətçiliyimizi itirmədik, Putin məqsədlərinə çatmadı", - deyə Ukrayna lideri bildirib.
V.Zelenski həmçinin Ukrayna xalqının cəsarəti və fədakarlığından danışıb. Deyib ki, dördillik müharibənin nəticələri çox ağırdır və bir çox Avropa ölkələri Rusiya ilə mümkün qarşıdurma səbəbindən müdafiə xərclərini artırıblar. Ukrayna Prezidenti onu da bildirib ki, Kiyev və Moskva arasında ötən il ABŞ tərəfindən bərpa edilən danışıqlar indiyə qədər döyüşlərin qarşısını ala bilməyib.
Xəbər verildiyi kimi, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Finlandiya Prezidenti Aleksandr Stubb və İsveçin Baş naziri Ulf Kristersson da daxil olmaqla Ukraynanın müttəfiqlərinin liderləri müharibənin ildönümünü qeyd etmək üçün çərşənbə axşamı Kiyevə gəliblər. Fon der Lyayen Kiyevdə həm Ukrayna xalqına, həm də təcavüzkara aydın bir siqnal göndərmək üçün olduğunu bildirib: "Sülh bərpa olunana qədər geri çəkilməyəcəyik. Sülh Ukraynanın şərtləri əsasında olmalıdır".
Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) məlumatına görə, 4 il ərzində hər iki tərəfdən öldürülən, yaralanan və itkin düşən əsgərlərin sayı 1,8 milyon nəfərdir. Analitik mərkəzinin hesablamalarına görə, Rusiya 2022-ci ilin fevralından 2025-ci ilin dekabrına qədər təxminən 1,2 milyon itki, o cümlədən 325 min ölüm hadisəsi yaşayıb ki, bu da İkinci Dünya müharibəsindən bəri hər hansı bir münaqişədə ən yüksək itki sayıdır. Ukrayna isə 500-600 min arasında hərbi itki verib ki, onlardan 140 minə qədəri ölüm halıdır.
Bu arada BBC Rus Xidməti və Mediazona jurnalistləri Ukraynada 200 mindən çox rusiyalı hərbçinin öldürüldüyünü müəyyən ediblər. 2025-ci il Rusiyanın işğalından bəri ən qanlı il olub. BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, Rusiyanın işğalından qaçmaq məcburiyyətində qalan təxminən 5,9 milyon ukraynalı ölkə xaricində yaşayır, daha 3,7 milyon nəfər isə ölkə daxilində köçkün düşüb. Bundan əlavə, Rusiya tərəfindən Ukraynadan ən azı 20 min uşaq zorla deportasiya edilib. BMT-nin Minalardan Təmizləmə Xidmətinin (UNMAS) açıqlamasına görə isə Ukrayna ərazisinin təxminən beşdəbiri mina və ya partlamamış hərbi sursatla çirklənib. Amma müharibənin dərdləri təkcə bunlar da deyil. Dünya Bankının hesablamasına əsasən, Ukraynanın növbəti 10 il ərzində yenidən qurulması üçün təxminən 588 milyard dollar lazımdır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evə qayıtdıqdan bəri təşkil olunan bir neçə raund danışıqlar sülh razılaşması əldə etmək üçün uğursuz olub. Səbəb Kremlin Ukraynanın şərqindəki Donetsk və Luqansk bölgələri üzərində tam nəzarəti və Qərbin Kiyevə hərbi dəstəyini dayandırmasını israr etməsidir. Kiyev isə əsaslı olaraq iddia edir ki, güzəştlər konstitusiya baxımından mümkün deyil və Ukrayna cəmiyyətinin əksər hissəsi üçün qəbuledilməzdir.
Hazırda Ukrayna ərazisinin təxminən 20 faizini işğal edən Rusiya hər gün mülki obyektləri və infrastrukturu bombalayır. Bombardman işğaldan bəri ən ağır enerji böhranına səbəb olub və qışın soyuğunda insanların əzabları daha da artır.
Rizvan CƏFƏROV,
"Azərbaycan"