"Ginnesin Rekordlar Kitabı"na düşən bu heyvanların kütləvi ölüm səbəbi ya infeksion xəstəlik, ya da zəhərlənmədir
Müxtəlif illərdə Xəzər dənizinin sahillərində suitilərin kütləvi ölümünə rast gəlinib. Bənzər hadisənin bəzən il ərzində bir neçə dəfə təkrarlandığı da müşahidə edilir.
Ötən günlərdə Xəzərin Dağıstan sahillərində 2500-ə yaxın suiti cəsədi tapılıb. Rusiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, suitilər Sulak və Şurinka çaylarının mənsəbləri arasındakı ərazidə aşkar edilib. Qeyd olunub ki, bu, son on ildə Xəzər suitilərinin (Phoca caspica)) ən kütləvi tələfatıdır. Səbəbi isə ölmüş heyvanların patoloji materialının laboratoriya tədqiqatlarından sonra müəyyən ediləcək.
Xəzərin yeganə məməlisi
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bununla bağlı bildirib ki, Dağıstanda Xəzər dənizinin sahilində aşkarlanan suitilərin ölüm səbəbi hazırda Xəzəryanı ölkələrin mütəxəssisləri tərəfindən araşdırılır. Bakterioloji-virusoloji analizlərin aparılması üçün cəsədlərdən nümunələr götürülüb. Onun sözlərinə görə, Xəzər dənizinin Azərbaycan bölməsində də suiti cəsədləri aşkarlanıb. Dağıstan sahillərində suitilərin kütləvi ölüm hallarının aşkarlanması ilə əlaqədar Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən genişmiqyaslı monitorinqlər keçirilib. Monitorinqlər zamanı dənizin Xaçmaz rayonu ərazisində İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndi istiqamətlərində ümumilikdə 21 suiti cəsədi aşkar olunub.
"Suitilərin ölüm səbəbinin araşdırılması məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə birgə cəsədlərdən nümunə götürülüb və nəticələr barədə məlumat veriləcək", - deyə xidmət rəisi bildirib. F.Əliyev deyib ki, suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.
Rusiya və Qazaxıstan elmi mərkəzləri ilə aparılan ilkin müzakirələr zamanı hazırkı suiti ölümünün 2000-ci ildə it taunu virusu ilə yoluxma nəticəsində baş vermiş kütləvi ölüm halları ilə oxşarlığı ehtimalı irəli sürülüb.
Xatırladaq ki, ötən ilin ilk 6 ayı ərzində Dərbənddə üç belə hadisə baş vermişdi. Sosial şəbəkələrdə Xəzər suitilərinin cəsədlərinin tapılması barədə kadrlar yayılmışdı.
Xəzərin yeganə məməlisi 2008-ci ildə Beynəlxalq Təbiətin Mühafizəsi Birliyi tərəfindən "nəsli kəsilməkdə olan" heyvanlar siyahısına daxil edilib. Bu zaman suitilərin sayı cəmi 104 min idi və hər 4 kvadratkilometrə bir suiti hesablanırdı. 2020-ci ildə isə suitilər Rusiyanın "Qırmızı Kitabı"na salınıb. Eyni zamanda bu məməlilər dünya okeanının ən kiçik suitisi kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.
Suitilərin məhvinə səbəblər...
Dünyanın ən kiçik qulaqsız suiti növlərindən sayılan məməlinin sayı XX əsrin sonlarından azalmağa başlayıb. XIX əsrin sonlarında Xəzərdə suitilərin sayı 1 milyondan çox idisə, 1990-ci illərin ortalarında brokonyerlik, çirklənmə və digər səbəblərdən bu göstərici xeyli aşağı düşüb.
Xəzər suitiləri 50 ilə qədər ömür sürə bilirlər. Şimaldan cənuba və geriyə ilboyu səyahət edən suitilər 5 ölkəni payızın əvvəlinə qədər sahilbəsahil gəzirlər. Şahdili ərazisi suitilərin ən çox toplaşdığı yerlərdən biri oub. 1930-cu illərdə Abşeron arxipelağının sahillərində hər il 10 minə qədər suiti dincəlirdi. Hətta 1935-1937-ci illərdə bu rəqəm 100 mindən 200 minə qədər yüksəlib. Əsrin sonuna doğru isə bu rəqəm sürətlə azalıb. 1970-1980-ci illərdə Şahdili və ətraf adalarda ildə cəmi 2 minə qədər suitinin məskunlaşdığı məlum olub. Sonuncu dəfə 2002-ci ildə bu ərazilərdə suitilərə rast gəlinib ki, onların da sayı 100-ü ötməyib.
1997-ci ildə 5 dövlətin sahillərində suitilərin kütləvi tələfatı baş verib. Onların cəsədlərindən götürülmüş nümunələrdə xlor üzvi birləşmələrinin miqdarının yüksək olduğu müəyyən olunub. 2000-ci il aprel-iyun aylarında şimalda başlamış növbəti kütləvi tələfat oktyabrda İrana çatıb. O vaxt təkcə Abşeronun 100 kilometrlik şimal sahilində 2210 ölü suiti tapılıb. İlk dəfə ingiltərəli professor Seamus Kenedi tələfatın əsas səbəbini CDV kimi tanınan it taunu xəstəliyi ilə diaqnozlaşdırıb. Qeyd olunan virus mədə-bağırsağı korlayır, göz yaşarması, burun axması, qusma, qızdırma və digər əlamətlərlə müşahidə olunur.
2001-ci ildə kütləvi tələfatın üçüncü dalğası baş verəndə onların sayının müəyyənləşdirilməsi üçün "Xəzər suitilərinin mühafizəsi" layihəsi yaradılıb. Layihənin ilk seminarı 2006-cı ilin sentyabrında Bakıda keçirilib. Tədbir müddətində alimlər Bakı yaxınlığında adalara yollansalar da, orada heç bir suitiyə rast gəlməyiblər.
Xəzərdəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil
Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun aparıcı elmi işçisi Süleyman Süleymanov qəzetimizə açıqlamasında deyib ki, 1990-ci ildən bugünə kimi Xəzər suitilərinin sayı azalmaqdadır. Onun sözlərinə görə, son 10-20 ildə suitilərin sayının heç 100 minə çatmadığı qeyd olunur, amma bu, dəqiq rəqəm deyil: "Ötən il yay aylarında Xəzər dənizində araşdırmalar zamanı cəmi 4 suiti gördük. Yay dövründə 4 suiti görmək o deməkdir ki, artıq onların sonudur. Suitilərin sayı 70-80 faiz azalıb. 1990-cı ildə Türkmənistan tərəfdə Suiti adasında çoxlu suitilər vardı. İndi bu say dəfələrlə azalıb".
S.Süleymanov deyir ki, Xəzər dənizindəki ekoloji şərait suitilər üçün qənaətbəxş deyil. Xəzər suitisi endemik yırtıcı məməlidir. Onlar ancaq kilkə balıqları ilə qidalanırlar, bu balıqların sayı isə əvvəlki illərlə müqayisədə azalıb.
Mütəxəssis vurğulayır ki, suitilər ən çox iki dəfə - qidalanma və balavermə vaxtı toplaşırlar. Onlar noyabr-dekabr aylarında Xəzərin Rusiya sərhədinə miqrasiya edirlər. Orada bir yerə cəmləşdiklərinə görə, kütləvi ölüm halları şimal sahillərində tez-tez müşahidə edilir. Burada qalanlar əsasən yaşlı və bala verməyən cavan fərdlər olurlar.
Dağıstan sahillərində suitilərin kütləvi ölüm halından danışan S.Süleymanov deyir ki, son illərdə suitilərin ölümünə səbəb dənizdəki güclü çirklənmə, qida ehtiyatının azalması və brokonyerlik ola bilər. Hazırkı kütləvi məhv olmanın səbəbi ya infeksion xəstəlik, ya da zəhərlənmədir. Zəhərlənmə dəqiq deyil, güclü toksiki təsir olmalıdır ki, ölümlə nəticələnsin. Bu da ağlabatan deyil. Dəniz səviyyəsinin aşağı düşməsi ilə balıqların sayının azalması qida ehtiyatının da azalmasına səbəb olur. Volqa çayından ani gələn zəhərli su da suitilərin cəmləşdiyi yerə təsir edə, onların məhvinə səbəb ola bilər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"