Müasir dünyada dövlətlərin beynəlxalq nüfuzu artıq yalnız hərbi güc və ya iqtisadi göstəricilərlə müəyyən olunmur. Getdikcə daha böyük əhəmiyyət kəsb edən amil ölkələrin qlobal dialoq platformasına çevrilmək, beynəlxalq gündəliyin formalaşmasında iştirak etmək və öz inkişaf modellərini təqdim etmək bacarığıdır. Məhz bu kontekstdə BMT-nin Ümumdünya Şəhərsalma Forumu - WUF13-ün Bakıda keçirilməsi Azərbaycan üçün xüsusi strateji məna daşıyır.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva qəzetimizə açıqlamasında bildirib ki, COP29-un yüksək səviyyədə təşkilindən sonra Azərbaycan qlobalsəviyyəli ən iri beynəlxalq tədbirlərə evsahibliyi edə bilən dövlət statusunu daha da möhkəmləndirib. BMT-nin WUF13 forumunu məhz Bakıda keçirmək qərarı, sadəcə, təşkilati seçim deyil, bu, həm də Azərbaycanın sabit, təhlükəsiz və dinamik inkişaf edən ölkə kimi beynəlxalq etimad qazandığının, müasir dünyanın ən aktual məsələləri üzrə qlobal dialoqu təmin etmək imkanına malik olduğunun göstəricisidir. "İlk baxışda Ümumdünya Şəhərsalma Forumunun yalnız memarlıq və ya şəhərsalma məsələlərinə həsr olunduğu düşünülə bilər. Lakin bu gün urbanistika anlayışı daha geniş məzmun daşıyır. Burada şəhərlərin gələcəyindən, sosial dayanıqlılıqdan, ekologiyadan, nəqliyyat təhlükəsizliyindən, rəqəmsallaşmadan, miqrasiyadan, iqlim dəyişikliklərindən, sosial ədalətdən və postmünaqişə dövründə ərazilərin bərpasından söhbət gedir. Əslində, WUF13 gələcəyin dünyasının necə formalaşacağına dair müzakirələrin aparıldığı qlobal platformadır. Belə bir forumun Azərbaycanda keçirilməsi ölkə üçün bir neçə mühüm dəyər - siyasi, iqtisadi və geostrateji əhəmiyyət daşıyır. Əvvəla, WUF13 son iyirmi ildə Azərbaycanın keçdiyi genişmiqyaslı modernləşmə yolunun beynəlxalq təqdimatına çevriləcək. Bu müddət ərzində ölkə faktiki olaraq yenidən qurulub. Müasir nəqliyyat infrastrukturu, yeni avtomagistrallar, hava limanları, ictimai məkanlar, abadlıq layihələri, rəqəmsal həllər və regionların yenilənməsi bu gün Azərbaycanın yeni simasını formalaşdırır".
Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyətin xüsusi diqqəti işğaldan azad edilmiş ərazilərin bərpasına yönələcək. Qarabağ və Şərqi Zəngəzur hazırda müasir dünyanın ən genişmiqyaslı postmünaqişə bərpası nümunələrindən birinə çevrilib. Burada söhbət yalnız yeni binaların tikintisindən getmir. Azərbaycan, əslində, XXI əsrin yeni urbanistika modelini formalaşdırır. "Ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, "yaşıl enerji" zonalarının yaradılması, müasir rəqəmsal infrastrukturun qurulması, ekoloji standartların və innovativ texnologiyaların inteqrasiyası azad edilmiş əraziləri gələcəyin inkişaf modelinin nümayiş platformasına çevirir. WUF13 isə Azərbaycana bu təcrübəni beynəlxalq ictimaiyyətə təqdim etmək üçün unikal imkan yaradır. Digər mühüm məqam isə ondan ibarətdir ki, WUF13 Azərbaycanın beynəlxalq diplomatiyanın regional mərkəzi kimi rolunu daha da gücləndirir. Son illərdə Bakı getdikcə daha çox qlobal forumların və beynəlxalq görüşlərin keçirildiyi məkana çevrilir. Bu isə ölkənin yeni siyasi imicini formalaşdırır - Azərbaycan artıq yalnız mühüm enerji və nəqliyyat qovşağı deyil, həm də qlobal gündəliyin müzakirəsində iştirak edən dövlət kimi qəbul olunur.
S.Fətəliyeva vurğulayıb ki, forumun Azərbaycanın "yumşaq güc" imkanlarını artırması da xüsusi əhəmiyyət daşıyır: "Böyükmiqyaslı beynəlxalq tədbirlər hər zaman ölkənin, onun mədəniyyətinin, investisiya potensialının, turizm cəlbediciliyinin və beynəlxalq əməkdaşlıq imkanlarının təşviqi vasitəsinə çevrilir. Dünya ictimaiyyətinə Azərbaycan münaqişələr və ya regional qeyri-sabitlik prizmasından deyil, müasir, dinamik inkişaf edən və gələcəyə dair aydın strateji baxışa malik dövlət kimi təqdim olunacaq. Forumun iqtisadi təsiri də qiymətləndirilməlidir. WUF13 minlərlə beynəlxalq iştirakçının - BMT nümayəndələrinin, hökumət rəsmilərinin, ekspertlərin, biznes dairələrinin, memarların, investorların və beynəlxalq təşkilatların nümayəndələrinin Azərbaycana gəlməsinə imkan yaradıb. Bu isə yeni investisiya əlaqələri, işgüzar münasibətlərin genişlənməsi və ölkəmizin infrastruktur və texnoloji layihələrinə marağın artması deməkdir. Bunlarla yanaşı, WUF13-ün Azərbaycan üçün başqa bir mənası da var. Bu gün dünya ciddi çağırışlarla üz-üzədir: urbanistik böhranlar, iqlim problemləri, silahlı münaqişələrin nəticələri, miqrasiya və sosial gərginliyin artması. Belə şəraitdə dayanıqlı inkişaf modeli təklif edə bilən ölkələr xüsusi beynəlxalq əhəmiyyət qazanırlar. Azərbaycan bu gün məhz belə bir modeli nümayiş etdirməyə çalışır - modernləşmənin, texnoloji inkişafın, infrastruktur yenilənməsinin, sosial dayanıqlılığın və milli kimliyin qorunmasının vəhdəti".
Deputat qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi artıq bu təcrübənin beynəlxalq maraq doğurduğunun göstəricisidir. Bu forum Azərbaycanın yeni dünya nizamında beynəlxalq mövqeyinin təqdimatıdır. Bu, müstəqillik dövründən qısa tarixi müddət ərzində regionun ən dinamik inkişaf edən mərkəzlərindən birinə çevrilmiş dövlətin imkanlarının nümayişidir. Məhz buna görə də WUF13 Azərbaycan üçün, sadəcə, beynəlxalq tədbir deyil, ölkənin yeni qlobal rolunun mühüm elementidir.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"