19 May 2026 08:15
270
CƏMİYYƏT
A- A+
Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi


2026-cı ilin ən mühüm beynəlxalq tədbirlərindən olan 13-cü Ümumdünya Şəhərsalma Forumu - WUF13 Bakıda öz işini davam etdirir. Mayın 17-də başlayan və mayın 22-dək keçiriləcək forum BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan ilə birgə təşkil olunur. "Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr edilən tədbir dünyanın urbanizasiya gündəmini müəyyənləşdirən ən nüfuzlu beynəlxalq platformalardan biridir.


Qlobal çağırışların müzakirə edildiyi beynəlxalq platforma


WUF13 şəhərsalma və memarlıq məsələlərinin müzakirəsinin aparıldığı tədbir olmaqla yanaşı, sosial inkişaf, iqtisadi transformasiya, iqlim dəyişiklikləri, insan rifahı və müasir şəhər idarəçiliyi ilə bağlı qlobal çağırışların müzakirə edildiyi mühüm beynəlxalq platformadır. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələri, şəhər rəhbərləri, alimlər, memarlar, investorlar, biznes təmsilçiləri və vətəndaş cəmiyyəti nümayəndələri Bakıda bir araya gələrək gələcəyin şəhərləri ilə bağlı fikir mübadiləsi aparırlar.

Bu qlobal tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya müzakirələrində artan rolunun göstəricisi hesab olunur. Bu qərar ölkənin beynəlxalq əməkdaşlığa verdiyi töhfənin, etibarlı tərəfdaş kimi qazandığı nüfuzun və müasir şəhərsalma siyasətinin qlobal səviyyədə yüksək qiymətləndirilməsinin nəticəsidir. Forumda iştirak üçün 182 ölkədən 40 mindən çox şəxsin qeydiyyatdan keçməsi isə artıq WUF tarixində rekord göstərici sayılır.

Forumun əsas məkanlarından biri olan Bakı Olimpiya Stadionu ərazisinə daxil olduğumuz ilk andan etibarən burada nümunəvi və yüksək sistemli təşkilatçılıq diqqəti cəlb etdi. WUF13 zonasında təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Eyni zamanda təşkilati məsələlər elə koordinasiyalı şəkildə həyata keçirilir ki, iştirakçılar rahat və operativ şəkildə tədbir ərazisindəki istədikləri yerə çata bilirlər.

Forumun məkanına daxil olduqdan sonra onun miqyasının böyüklüyü və əzəməti daha aydın hiss edildi. Müxtəlif ölkələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri vahid platformada toplaşaraq qlobal şəhərsalma gündəmini müzakirə edirdilər. Yaradılmış texniki imkanlar, məlumat mərkəzləri və istiqamətləndirici lövhələr forumun təşkilatçılığının yüksək peşəkarlıqla həyata keçirildiyini göstərirdi.

Ümumilikdə WUF13 53 hektarlıq ərazini əhatə edir. Burada plenar zallar, sərgi sahələri, media mərkəzləri, innovasiya zonaları və müxtəlif tədbir məkanları yaradılıb. Açılış və bağlanış mərasimləri üçün nəzərdə tutulan əsas zalın 6 min nəfərə qədər iştirakçı qəbul etmək imkanı var. 


Gülərüz və operativ könüllülər


Ən çox diqqətçəkən məqamlardan biri də könüllülərin fəaliyyəti idi. Forumda hər addımda gülərüz və operativ könüllülərlə qarşılaşmaq mümkündür. Onlar iştirakçılara istiqamət verir, suallarını cavablandırır və qonaqların forumdan rahat şəkildə yararlanmasına kömək edirdilər. Müxtəlif dillərdə ünsiyyət qura bilmələri isə xarici qonaqlar tərəfindən xüsusi rəğbətlə qarşılanırdı.

Azərbaycan gəncliyi bu forum vasitəsilə ölkəmizin qonaqpərvərlik ənənələrini və peşəkar insan resurslarını dünyaya nümayiş etdirir. Əslində, könüllülər artıq Azərbaycanın beynəlxalq tədbirlər simvoluna çevriliblər. Əvvəlki mötəbər tədbirlərdə olduğu kimi, WUF13-də də onların fəaliyyəti iştirakçılar tərəfindən yüksək qiymətləndirilir.

Tədbirdə medianın fəaliyyəti üçün də geniş imkanlar yaradılıb. Tədbir məkanında fəaliyyət göstərən Media Mərkəzində jurnalistlər üçün iş sahələri, canlı yayım və müsahibə otaqları, mətbuat konfransı zalı, televiziya studiyaları və xüsusi istirahət zonaları təşkil olunub. Operativ informasiya axını və koordinasiya sayəsində media nümayəndələri forumu rahat şəkildə işıqlandıra bilirdilər. Bu isə Azərbaycanın beynəlxalq media ilə işləmək sahəsində peşəkar təcrübəyə malik olduğunu göstərirdi.


Milli-mədəni irsimizin təqdimatı


Forum məkanında yaradılan ümumi mühit də xüsusi maraq doğururdu. Ərazidə salınan istirahət zonalarının vizual və memarlıq həllərində İçərişəhərdən ilhamlanan elementlərə və Azərbaycan xalçaçılığına aid ornamentlərə yer verilib. Bu həm milli-mədəni irsin təqdimatı, həm də müasir tədbir konsepsiyasının vəhdəti baxımından xüsusi diqqət çəkir.

İştirakçılar üçün açıq hava formatında təşkil edilən WUF13 bulvarı da tədbirin maraqlı məkanlarından biridir. Bu ərazi iştirakçıların sərbəst hərəkəti, istirahəti, iaşə xidmətlərindən istifadəsi və şəhər atmosferini hiss etməsi üçün nəzərdə tutulub. Bulvar, eyni zamanda "Urban Expo" zonasına keçid funksiyasını daşıyır. "Urban Expo" zonasında isə müxtəlif ölkələrin pavilyonları, beynəlxalq təşkilatlar, dövlət qurumları, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları və tədqiqat mərkəzləri təqdim olunur. Ümumilikdə burada 121 pavilyon, o cümlədən 41 ölkə pavilyonu fəaliyyət göstərir. Bu sərgi sahələri urbanizasiya, dayanıqlı inkişaf və innovativ şəhər həlləri ilə bağlı müxtəlif təcrübələrin nümayişinə imkan yaradır.


Nəqliyyat xidmətləri, rəqəmsal və texnoloji imkanlar

 

WUF13 çərçivəsində diqqətçəkən əsas məqamlardan biri də nəqliyyat xidmətlərinin yüksək səviyyədə təşkil olunmasıdır. Foruma gediş-gəliş üçün yaradılmış marşrut sistemi iştirakçıların rahatlığını təmin edir. Nəqliyyat terminalı və parklanma-transfer funksiyalarını əhatə edən əlavə 10 hektarlıq zona ümumi əməliyyat ərazisinə inteqrasiya olunub. Burada avtobus, taksi xidmətləri, parklanma və iştirakçıların yönləndirilməsi prosesləri koordinasiyalı şəkildə həyata keçirilir.

Şəhər üzrə nəqliyyat mübadilə mərkəzləri, elektrik avtobusları, taksi xidməti və hava limanı daşımaları tədbirin ümumi nəqliyyat planına daxil edilib. Xüsusilə forum başa çatdıqdan sonra tədbir məkanından çıxışla əlaqədar yaradılmış koordinasiya peşəkar təşkilatçılığın real nümunəsidir. Minlərlə iştirakçının eyni anda tədbir məkanını tərk etməsinə baxmayaraq, ciddi sıxlıq müşahidə olunmur. Könüllülər və nəqliyyat heyəti iştirakçıları düzgün istiqamətləndirir, avtobuslar fasiləsiz fəaliyyət göstərir.

Forumda rəqəmsal və texnoloji imkanlar da diqqət mərkəzindədir. Tədbirin fasiləsiz internet, yayım və rəqəmsal əməliyyat ehtiyaclarını təmin etmək üçün əsas və ehtiyat məlumat mərkəzləri, genişmiqyaslı fiber-optik şəbəkə infrastrukturu və fasiləsiz işləyəcək əməliyyat mərkəzi yaradılıb. Bu texnoloji hazırlıq forumun yüksək standartlar səviyyəsində keçirilməsinə imkan yaradır.


İnnovativ yanaşmalar və layihələr 


WUF13 çərçivəsində Biznes və İnnovasiya Mərkəzi də fəaliyyət göstərir. Bu platforma urbanizasiya və mənzil təminatı sahəsində innovativ yanaşmaların təbliğinə xidmət edir. Burada müxtəlif ölkələrdən şirkətlər, startaplar, investorlar və texnologiya nümayəndələri iştirak edərək öz layihələrini təqdim edirlər. Məqsəd şəhərsalma sahəsində dövlət və özəl sektor əməkdaşlığını genişləndirmək və innovativ texnologiyaların tətbiqini sürətləndirməkdir.

"Startup Pavilion" isə gənc innovatorlar və "urban-tech" layihələri üçün xüsusi beynəlxalq platforma rolunu oynayır. Burada "ağıllı şəhər" texnologiyaları, "yaşıl enerji", rəqəmsal idarəetmə və müasir yaşayış həlləri ilə bağlı layihələr təqdim olunur. Bu təşəbbüs urbanizasiya sahəsində yeni ideyaların beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.


Azərbaycanın "ağıllı şəhər" və "ağıllı kənd" layihələri 


Azərbaycan WUF13 çərçivəsində özünün müasir urbanizasiya və dayanıqlı inkişaf modelini də beynəlxalq ictimaiyyətə təqdim edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən "ağıllı şəhər" və "ağıllı kənd" layihələri forum iştirakçılarının diqqət mərkəzindədir. İşğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri yaşayış məntəqələrinin bərpası ilə yanaşı, müasir texnologiyaların tətbiq olunduğu, ekoloji baxımdan dayanıqlı urban məkanların qurulmasını nəzərdə tutur. 

Bu layihələrdə alternativ enerji mənbələrinin istifadəsi, "ağıllı nəqliyyat" sistemləri, rəqəmsal xidmətlər və "yaşıl memarlıq" prinsipləri xüsusi yer tutur. Azərbaycan bununla postmünaqişə dövründə müasir şəhərsalma modelini beynəlxalq platformada nümayiş etdirən ölkələrdən biridir.


Azərbaycanın "yaşıl inkişaf" siyasəti də diqqət mərkəzindədir


Forum çərçivəsində Azərbaycanın "yaşıl inkişaf" siyasəti də diqqət mərkəzində saxlanılır. COP29-a evsahibliyi etmiş ölkə kimi respublikamız urbanizasiya prosesində ekoloji balansın qorunmasını prioritet hesab edir. Şəhərlərdə karbon emissiyalarının azaldılması, "yaşıl enerji" layihələrinin genişləndirilməsi, elektrik nəqliyyat vasitələrinin təbliği və ekoloji infrastrukturun qurulması istiqamətində həyata keçirilən layihələr forum iştirakçılarına təqdim olunur.

Bu gün dünyanın diqqəti Bakıya yönəlib. Bakı isə öz növbəsində müasir infrastrukturu, yüksək təşkilatçılığı və qonaqpərvərliyi ilə beynəlxalq ictimaiyyətin nəzər mərkəzindədir. WUF13 həm də Azərbaycanın dünyaya təqdim etdiyi təşkilatçılıq modeli, idarəetmə bacarığı və beynəlxalq nüfuzunun göstəricisidir. Bu mənada WUF13 həm iştirakçıların yaddaşında, həm də Azərbaycanın beynəlxalq tədbirlər tarixində mühüm yer tutacaq. 


Təhminə VERDİYEVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qadınların qərar qəbuletmədə rolu WUF13-də diqqət mərkəzində olub  

09:42
19 May

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

09:38
19 May

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub  

09:35
19 May

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

09:31
19 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO  

09:25
19 May

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

09:12
19 May

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır  

09:06
19 May

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq  

09:01
19 May

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib 

08:51
19 May

Yaddaşın və tarixin keşikçisi

08:45
19 May

Enerji, nəqliyyat və innovasiya gündəmi

08:43
19 May

Azərbaycan-Bolqarıstan: "Həmrəylik Halqası" ilə genişlənən tərəfdaşlıq

08:40
19 May

TDT Avrasiya məkanında siyasi güc mərkəzinə çevrilib

08:35
19 May

Siyasi həmrəylik, rəqəmsal inkişaf və ortaq sivilizasiya

08:30
19 May

Bakı qlobal dialoqun əsas ünvanlarından biridir

08:25
19 May

WUF13 və gələcəyin düşünən şəhərləri

08:20
19 May

Azərbaycanın dünyaya təqdim etdiyi yüksək təşkilatçılıq nümunəsi

08:15
19 May

WUF13-də Şanxay mükafatı təqdim olunacaq

08:10
19 May

WUF13 Azərbaycanın beynəlxalq diplomatiyada rolunu gücləndirir

08:05
19 May

Azərbaycan WUF13-lə növbəti dəfə tarix yazır 

08:00
19 May

“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

03:02
19 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!