Üzündən nur yağan şəhər
Mingəçevir son 20 ildə daha abad və yaraşıqlı olub
Dövlətçilik tariximizin son 200 ilində nələr qazanmışıq, nələr itirmişik?! Parçalanmışıq, bölünmüşük. Dövlətimizə, ərazilərimizə, dilimizə dəfələrlə qəsdlər olub. Haqqımız tapdalanıb, sərvətlərimiz talan edilib. Tarixin sınaqlarına sinə gərib, yıxılıb-durmuşuq.
Tarixin səhifələrindən baxanda 20 il elə də böyük zaman deyil. 20 ilin yolçuluğunda haradan başladıq, haralara gəlib çıxdıq?! Ərazilərimizin 20 faizi 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. Bir milyon soydaşımız Qarabağdan, Şərqi Zəngəzurdan, Göyçə mahalından qovulub qaçqına, məcburi köçkünə çevrildi. Ölkənin hər bucağında salınan çadır şəhərciklərinin miskin görkəmi ürək dağladı. Daxili müxalifətin hakimiyyət ehtirasları, dünyanın aparıcı dövlətlərinin ikili standartları məngənəsində sıxılan xalqımız 2003-cü ilin prezident seçkilərində öz taleyini Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqi davamçısı İlham Əliyevə etibar etməyə yekdilliklə qərar verdi. Ən böyük hakim olan zaman sübut etdi ki, xalq yanılmayıb, ən doğru seçimini edib.
Prezident İlham Əliyev qəbul etdiyi qərarlar, atdığı addımlarla məqsədlərini, hədəflərini zaman-zaman aydınlaşdırdı. Qarabağın işğalına son qoymaq, ərazi bütövlüyümüzü bərpa etmək məramı Prezidentin fəaliyyətində prioritet istiqamətə çevrildi. Necə deyərlər, bütün yollar Qarabağ zəfərinə, şanlı qələbəyə aparmağa başladı.
Bu gün Azərbaycan vətəndaşı olaraq çox qürurluyuq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımız üzərlərinə düşən tarixi missiyanı şərəflə yerinə yetirib ərazi bütövlüyümüzü bərpa edərək, "Qarabağ Azərbaycandır" şüarının sonuna böyük bir nida işarəsi qoyublar! Uğurla, qüdrətli, sərkərdə məharəti ilə hesablanan, cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri ilə Qarabağ tamamilə erməni separatçıları və quldurlarından azad olunub. Artıq Xankəndidə qondarma qurumun bayraq adlandırdıqları əski parçaları yığışdırılıb, qondarma dövlətin qondarma qurumu özünü buraxmaq haqqında qərar qəbul edib. İndi Xankəndidə Azərbaycanın müvafiq dövlət qurumlarının fəaliyyəti bərpa olunur.
Bu möhtəşəm hadisədən sonra Azərbaycanın son 200 illik dövlətçilik tarixində ən böyük uğurun Qarabağ Zəfəri olduğunu qəbul etməyə haqqımız var. Prezident İlham Əliyev Azərbaycanın dövlətçilik tarixinə öz xilaskar adını qızıl hərflərlə yazmağı çox məharətlə bacardı, bütün dünya azərbaycanlılarının ürəyində özünə əzəmətli məhəbbət və ehtiram abidəsi ucaltdı. Ata vəsiyyətini və xalqımızın istəyini böyük məsuliyyət hissi ilə reallaşdıran və bundan sonsuz xoşbəxtlik duyan layiqli dövlət başçısı olduğunu bir daha sübut etdi.
Möhtəşəm 20 ilin hər günü, hər ayı, hər ili yüksəliş, tərəqqi, genişmiqyaslı quruculuq prosesinin uğur dolu mərhələsidir. Bu illər ərzində Azərbaycan, sözün həqiqi mənasında, dünyaya günəş kimi doğdu. Beynəlxalq tədbirlərin yüksək tribunalarında Prezident İlham Əliyev təmsil etdiyi xalqın və dövlətin mövqeyini cəsarətlə dilə gətirdi, Azərbaycanın regionda güc mərkəzinə, söz sahibinə çevrildiyini konkret faktlarla, günün reallıqları ilə dünya liderlərinin şüuruna yeritdi.
Son 20 il Azərbaycan büsbütün dəyişib. Prezident İlham Əliyevin təşəbbüsü və tövsiyələri ilə hazırlanıb uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları şəhər və kəndlərimizin simasını tanınmaz edib, əhalinin həyat səviyyəsini, güzəranını əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ölkənin böyük potensiala malik sənaye mərkəzlərindən olan Mingəçevirin bu illər ərzindəki inkişafı ölçüyəgəlməzdir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev energetika şəhərinin tikilib-qurulmasına, burada fabrik və zavodların işə salınmasına vaxtilə böyük əmək sərf etmişdir. Qədirbilən mingəçevirlilər Ulu Öndərin bu bölgəyə xüsusi diqqət göstərdiyini hər zaman minnətdarlıqla xatırlayırlar. Çoxşaxəli fəaliyyətinin bütün isqtiqamətlərində öz varislik missiyasını şərəflə yerinə yetirən Prezident İlham Əliyev də nur şəhərinə münasibətdə bu ənənəni davam etdirir. Son illər Mingəçevirə 8 dəfə səfər edən Prezident İlham Əliyev şəhərin sosial-iqtisadi inkişafına yönəlik 15 sərəncam imzalamış, böyük məbləğdə vəsait ayırmışdır.
Bu diqqətin nəticələri isə yetərincə çoxdur. Şəhər üzrə ümumdaxili məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2022-ci ildə 89.4 faiz, əsas kapitala yönəldilmiş vəsait 52,6, tikinti-quraşdırma işlərinin həcmi 43,7 dəfə artmışdır. 2003-2022-ci illərdə 20,4 min yeni iş yeri açılmış, 196 sahibkara 19 milyon manata yaxın güzəştli şərtlərlə kredit verilmişdir. 293 kilometr şəhərdaxili və məhəllədaxili yollara asfalt çəkilmişdir.
Tikinti-quruculuq və abadlıq işləri bu illər ərzində böyük vüsət almışdır. Dövlətin dəstəyindən yararlanan energetiklər şəhərinin sakinləri doğma yurdun hər qarışını cənnətə döndərmək üçün ürəklərinin hərarətini, əllərinin gücünü əsirgəmirlər. Şəhərdə Ulu Öndərə sonsuz məhəbbət və ehtiramdan doğan möhtəşəm Heydər Əliyev Mərkəzi yaradılmış, Ümummilli Liderin adını daşıyan meydanda əzəmətli abidəsi ucaldılmışdır. Mingəçevirlilər sözün həqiqi mənasında tikib-qurmaqdan, gözəllik yaratmaqdan zövq alırlar. Son 20 ildə görülmüş işləri sadalasaq, böyük bir siyahı alınar. Sadəcə, bəzilərini yada salaq: Bayraq meydanı, "Ağsaray" və "River side" mehmanxanaları, Uşaq-gənclər şahmat-idman məktəbi, "Gənclər evi", şəhid və əlil ailələri üçün 140 mənzilli 4 yaşayış binası, 1098 məcburi köçkün ailəsi üçün 2 yaşayış kompleksi, "Kür" Olimpiya Tədris İdman Mərkəzi, Dostluq, Sahil, "Nəsimi" parkları, Dövlət Rəmzləri muzeyi, "ASAN" Xidmət Mərkəzi, Sənaye Parkında 2 müəssisə, İstilik və Su Elektrik stansiyalarının əsaslı şəkildə yenidən qurularaq istehsal gücününü artırılması və s. Bunlar məhz son illərin ünvanlarıdır. Hazırda şəhərin sənaye müəssisələrində ahəngdar ritm davam edir. "Az.İES" MMC, "Mingəçevir SES silsiləsi" MMC, "Azyolneftmaş" ASC, "Azərkabel" ASC, "Akkord Mingəçevir" maşınqayırma zavodu ASC, "Mingəçevir-Tekstil" MMC və "Htech İnvest" MMC-lər şəhərin iqtisadi gücünə əlavə güc qatırlar.
Bu gün Mingəçevirdə bayram ovqatı yaşanır. Qarabağ Zəfəri, bir günlük lokal xarakterli antiterror tədbirlərinin qürurverici nəticələri şəhərdə hər evi, hər ailəni xoş əhvali-ruhiyyəyə kökləyib. Aşıb-daşan sevincin başqa bir səbəbi də qarşıdan əlamətdar yubileyin gəlməsidir. Noyabrın 11-də Mingəçevirin şəhər statusu almasının 75 ili tamam olur.
Bayramın bayrama qarışdığı bu günlər nur şəhərinin qonağı olduq. Ana Kürün ikiyə böldüyü Mingəçevirin payızı da baharı xatırladırdı. Parklar, meydanlar, xiyabanlar, küçələr, prospektlər səliqə-sahmanı, sarı libası, al-əlvan gül-çiçəyi ilə üzə gülürdü. Bu gün Mingəçevirin Azərbaycanın sənaye, elmi, mədəni, turizm mərkəzləri sırasında özünəməxsus yeri vardır. Şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov nur şəhərinin bu günü və sabahı haqqında düşüncələrini bizimlə bölüşdü, Prezident İlham Əliyevin hər zaman Mingəçevirə xüsusi diqqət göstərdiyini minnətdarlıqla vurğuladı:
- Ölkənin ən böyük elektrik enerjisi istehsalçısı olan Mingəçevirin sosial-iqtisadi inkişafına dövlət dəstəyinin, xüsusi diqqətin davamlı xarakter almasını hər bir şəhər sakini hədsiz minnətdarlıq və razılıq hissi ilə qarşılayır. Tamamilə səmimi deyirəm: bu gün hər bir mingəçevirli qalib dövlətin məğrur vətəndaşı olmaqdan qürur duyur. Bu sevinci, bu xoş novrağı bizə yaşadan Prezident İlham Əliyev və ordumuzdur. Müqəddəs Qarabağ savaşında, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərdə mingəçevirli oğullar da sinələrini düşmən gülləsinə sipər edib şəhid olublar. Şəhid valideynləri ilə görüşəndə onlar övlad itkisini bir anlığa unudub "təki Vətən yaşasın" deyirlər. Belə bir millətin övladı olduğumuz üçün biz çox xoşbəxtik. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini müəyyən edir. Biz davamlı olaraq şəhid ailələrinə baş çəkir, qazilərlə görüşürük. Onların üzləşdikləri çətinlik və problemləri öyrənib aradan qaldırmağa çalışır, qayğıkeşlik və köməyimizi əsirgəmirik.
İlham müəllim söhbətinə davam edib deyir ki, 75 yaşı tamam olan Mingəçevirin son 20 ili Prezident İlham Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. "Bu dövrü nur şəhəri üçün qızıl dövr də adlandırmaq olar. Otuz il ərzində şəhərimizin sənaye gücü müqayisə edilməz dərəcədə artıb. Şəhər sakinlərinin məşğulluq səviyyəsi yeni yaradılan istehsal müəssisələri hesabına xeyli yüksəlib. Kommunal xidmətlər yaxşılaşıb. Əhalinin qaz, su, elektirik enerjisi ilə təminatında heç bir problem yoxdur. Mingəçevirlilər inanırlar ki, onların sabahkı həyatları daha firavan olacaq, yeni sosial layihələrdən hər kəsə yetərli pay düşəcək", - deyə həmsöhbətimiz bildirdi.
Ölkəyə nur paylayan bir şəhər üçün 75 yaş nədir ki... Mingəçeviri həmişə gənclik şəhəri adlandırıblar. Burada məntiqin olduğu şübhəsizdir. Geniş və yaraşıqlı küçələri, məğrur görkəmli xan çinarları, ürəyi sevgi dolu sakinləri ilə həmişə cavan qalmağı çox təbii görünür bu nur şəhərinin.
Lazım QULİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan cüdoçuları Avropa Kata turnirində bürünc medal qazanıblar
12 May
Niderlandlı müğənni “Avroviziya”dan uzaqlaşdırılıb
12 May
Luka Modriç mövsümün sonunda "Real"dan ayrılacaq
12 May
Əfqanıstanda 150 adamı sel aparıb
12 May
Azərbaycan və Lesoto Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
12 May
Premyer Liqa: "Neftçi"dən böyükhesablı qələbə
12 May
Mariya Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
12 May
ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib
12 May
Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq ...
12 May
Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür
12 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!