Bu cür təsirlərin ən təhlükəlisi isə nəzarətsiz sosial şəbəkələrdədir
Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələr kommunikasiya, informasiya mübadiləsi və təhsil sahəsində müsbət imkanlar yaradır. Lakin virtual mühitin inkişafı özü ilə bərabər zərərli təsirlər və risklər də gətirir. Xüsusən uşaqların virtual məkandakı təhlükəsizliyi mühüm aktuallıq kəsb edir və ölkəmizdə bununla bağlı addımlar atılır.
Milli Məclisin növbədənkənar sessiyasının ötən həftə keçirilən plenar iclasında sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Qanunvericiliyə edilən dəyişikliklərin əsas məqsədi uşaqları və yeniyetmələri internetin zərərli təsirlərindən qorumaq və onlar üçün təhlükəsiz şərait yaratmaqdır.
Uşaqların yetkinlik yaşına çatana qədər virtual təhlükələrdən uzaq olması çox vacibdir. Çünki bu, onların fiziki və psixoloji sağlamlığına, düzgün inkişafına, davranışına və sağlam dünyagörüşü ilə yetişməsinə müsbət təsir göstərir. İnternet mühitindəki zərərli informasiyalardan uzaq böyüyən uşaqlar real həyata daha yaxşı adaptasiya olur, diqqət dağınıqlığı və aqressiyadan qorunur, asılılıqlardan uzaq və sağlam bir fərd kimi formalaşırlar.
Yeni qanunvericiliyə edilən dəyişikliklərə əsasən, 16 yaşadək uşaqlar sosial şəbəkə platformalarında müstəqil şəkildə hesab yarada bilməzlər. Onların qeydiyyatına yol verilmir. Həmçinin 16-18 yaş arası uşaqlar sosial şəbəkələrdə hesab açmaq üçün mütləq valideyn icazəsi almalıdırlar. Bu, uşaqların müdafiə sisteminin mühüm bir tərkib hissəsidir. Dövlətimiz bu vasitə ilə uşaqların müdafiəsini gücləndirir. Bu, gələcəyimizə olan qayğının davamıdır. Uşaqlar yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanmalıdır. Daha sonrakı dövrdə isə valideyn nəzarəti ilə onlara icazə verilməlidir.
Qanunun qüvvəyə minməsi və tətbiqi üçün 12 ay vaxt müəyyən edilib. Keçid dövrü ərzində bir sıra mühüm işlər görüləcək. Belə ki, yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının rəsmi siyahısı müəyyənləşdiriləcək, cəmiyyətdə geniş maarifləndirmə və məlumatlandırma işləri aparılacaq, müvafiq təlimlər təşkil olunacaq və yaşın təyin edilməsi üçün ən optimal texniki həllər seçiləcək və tətbiq ediləcək. Bu tənzimləmə, əslində, yeni deyil.
Dövlətimiz 2018-ci ildə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qəbul etmişdir. Həmin qanun uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnu qoruyurdu. Eyni zamanda uşaqlar üçün zərərli olan informasiyalardan müdafiə tədbirlərini müəyyən edirdi. Hazırkı mərhələdə edilən dəyişikliklər həmin tənzimlənmənin məntiqi davamıdır. İndi bu məsələlər sosial şəbəkələr müstəvisində həll olunur. Qanun layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təcrübə təhlil edilib.
Uşaqların zərərli təsirlərdən qorunması dövlətin sosial siyasətinin əsas tərkib hissəsidir. Bu məsələ fərd, ailə, cəmiyyət və dövlət üçün böyük əhəmiyyət kəsb edir. Bununla bağlı görülən bütün tədbirlər uşaqların sağlamlığı və rifahı üçün tətbiq edilir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində bununla bağlı təcrübə artıq mövcuddur. Çünki müasir dövrdə sosial şəbəkələrin uşaqlara zərərli təsirləri bütün dünyada ciddi narahatlıq doğurur. Ona görə də dünya ölkələri sosial media platformalarında uşaqların təhlükəsizliyini təmin etmək üçün müxtəlif hüquqi və yaş məhdudiyyətləri sistemləri tətbiq edirlər. Danimarka, eləcə də ABŞ-nin Kaliforniya, Texas, Nyu York kimi ştatları sosial şəbəkələrə giriş üçün ən yüksək yaş həddini (18 yaş) tətbiq edir. ABŞ federal səviyyədə isə bu həddi 17 yaş olaraq müəyyən etmək istəyir. Fransa (15 yaş), İspaniya (16 yaş), eləcə də ABŞ-nin Kolorado, Florida kimi bəzi ştatları uşaqların qeydiyyatı üçün daha erkən yeniyetməlik dövrünü əsas götürürlər. Avstraliya, Böyük Britaniya və İrlandiya kimi ölkələr konkret yaş həddi ilə yanaşı, platformaların üzərinə uşaqları qorumaq üçün birbaşa hüquqi öhdəliklər qoyan xüsusi təhlükəsizlik sistemləri və qanunlar qəbul ediblər. Norveç isə bu addımları 2026-cı ilin sonuna qədər tamamlamağı planlaşdırır. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan da sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədir. Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur.
Qlobal miqyasda rəqəmsal mühitin tənzimlənməsi və uşaqların virtual təhdidlərdən qorunması məsələsi dünya liderlərinin də əsas mövzularından biridir. Beynəlxalq arenada aparıcı dövlət rəhbərləri sosial şəbəkələrin yaratdığı riskləri, alqoritmlərin manipulyativ təsirlərini və virtual dünya ilə real həyat arasındakı hüquqi uyğunsuzluqları ciddi şəkildə tənqid edirlər. Onlar uşaqların rəqəmsal asılılıqdan xilas edilərək təbii uşaqlıq dövrlərini yaşamalarını və platformaların gənclərə nəzarətsiz çıxışının məhdudlaşdırılmasını vacib hesab edirlər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, "Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır". Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib ki, "Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır". Norveçin Baş naziri Jonas Gar Storenin qeyd etdiyi kimi, "Biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir". İspaniyanın Baş naziri Pedro Sançez də mövzu ilə bağlı bildirib: "Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz". Yunanıstanın Baş naziri Kyriakos Mitsotakisin bildirdiyi kimi, "15 yaşdan aşağı uşaqların sosial şəbəkələrə girişinə məhdudiyyət 2027-ci ilin yanvarından qüvvəyə minəcək".
Milli Məclisin qəbul etdiyi yeni qanun rəqəmsal dövrün çağırışlarına verilən obyektiv bir cavabdır. Bu tənzimləmə dünyada gedən inkişaf meyilləri ilə tam uzlaşır. Uşaqlarımızın virtual dünyanın mənfi təsirlərindən qorunması, onların sağlam və təhlükəsiz böyüməsi hər birimizin ortaq hədəfidir. Azərbaycan dövləti bu addımı ilə öz gələcəyini, yəni uşaqları qorumaq üçün güclü bir hüquqi çərçivə yaradır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"